Məhkəmə qərarları › İş №2(105)-477/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-477/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-477/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5276/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2007-ci il tarixdə, Sumqayıt şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və iddiaçı cavabdehin yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə, 9/49 saylı evin iki otaqlı 51-ci mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində öz vəsaitləri hesabına torpaq sahəsi alıb üzərində bir mərtəbəli, dörd otaqlı, dəhliz, mətbəx və hamam- tualetdən ibarət mişar daşından bağ evi tikib 2012-ci ilin iyun ayında həmin evə köçmüşlər. Valideynlərinin ona cehiz şəklində verdikləri və birgə nikah dövründə aldıqları əmlakları həmin evə yerləşdirmişlər. Yaşadıqları bağ evi tam kommunal şəraitlidir. Cavabdehlə xx.xx.2021-ci il tarixədək bu ünvanda birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah qeydinin ləğv edilməsi, uşaqların iddiaçının himayəsinə verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı yaşadığı evi məcburən tərk etmiş, hazırda, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, 44/163 saylı fərdi yaşayış evində valideynlərinin yanında yaşayır və uşaqlar da onun yanındadırlar. Hazırda o, evsizeşiksiz qalmışdır və yaşamağa yeri yoxdur. O, valideynlərimin yanında müvəqqəti yaşayır. Onun cehiz əmlakı və şəxsi əşyaları bu günə kimi mübahisəli evdə qalmaqdadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bununla da Mülki Məcəllənin 152,157-ci maddələrinin tələblərini pozmuş, bu tikilinin faktiki sahibi olan atanın mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, bundan əvvəl qəbul edilmiş və qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə qeyd edilən tikilinin birgə nikah dövründə əldə edilmiş əmlak olmadığı müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli ev onların nikahda olduqları dövrdə inşa edilməsi, iddiaçı cavabdehlə nikahları pozulana qədər həmin evdə yaşaması, bu səbəbdən həmin fərdi yaşayış evinə onun yaşayış yeri kimi qiymət verilməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə tərəflərin xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olması və onların bu nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilməsi işin mübahisəsiz halıdır. İddia tələbi isə evə köçürülmə barədədir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2007-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən əvvəl yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanuvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analagiyası). Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və Nümayəndə qarşı iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisi və təmirinə çəkilmiş pul vəsaiti üzərində payın müəyyən edilməsi ilə bağlı iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının həmin tikiliyə öz vəsaitini xərclədiyi qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmadığından, əksinə həmin xərclər cavabdehin atası tərəfindən xərclənmədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehin atası Nümayəndə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (iddiaçının) hüquqları ilə yüklü edilə bilməz. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin atası Nümayəndə münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin atasının vəsaiti hesabına inşa edildiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar