Məhkəmə qərarları › İş №2(105)-480/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-480/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-480/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(027)- 2058/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evdə istifadə hüququnu müəyyən etməklə onun və iki azyaşlı övladlarının həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. O, Cavabdeh ilə hal-hazırda ayrı yaşayırlar. Nikaha daxil olduğu gündən Cavabdeh oglu ilə birgə təsərrüfatlarında olan Quba rayonu, Zizik kəndində yerləşən fərdi evdə yaşamışdır. Həmin evi birgə nikah zamanı bir yerdə əldə etmişlər. Onun cehiz əmlakları Quba rayonu, Zizik kəndində yerləşən birgə əldə etdikləri evdədir. Evin sənədləri olmadığı üçün məhkəməyə müraciət edərək ½ hissəyə böldürə bilmir. Özü də kirayədə yaşayır. İki uşaqla kirayədə yaşamaq onun üçün çox çətindir. Ondan əlavə də həmin evi onlar birgə nikah zamanı bir yerdə əldə edərək istifadə etmişlər. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh ona və uşaqlarına qayğı göstərmir. Cavabdeh evdən onu iki azyaşlı uşağı ilə çıxarmış və o, dəfələrlə qayıtmaq istəsə də, həmin evə buraxmamışdır. Valideynlərinə məxsus olan ev darısqal olduğundan orada yaşaya bilmir. Ona görə də kirayədə yaşamaq məcburiyyətində qalır. İş yeri olmadığı üçün kirayədə qalmaq onun üçün azyaşlı uşaqlarla çətindir. Halhazırda kirayədə yaşayır. Kirayədə azyaşlı uşaqla qalmaq, həmçinin uşaqları evdə tək qoyub işləmək ona çətin olur. Bundan sonra onun ev almağa və yaxud kirayə ev tutub yaşamağa maddi imkanı yoxdur. Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(027)-2058/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Quba rayonu Zizik kəndində yerləşən faktiki Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Vüqar Seyidov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh olmamasına, həmin evə dair Cavabdeh hər hansı hüququnun olmamasına və həmin evə dair irəli sürülən istənilən tələb üzrə cavabdeh olmayan şəxs olmasına dair işin hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisəli evin, yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən edilmədən iş üzrə evin və torpaq sahəsinin sahibi olan üçüncü şəxs müəyyən edilmədən və işə cəlb edilmədən iddianın təmin olunmasına dair yekun qərar qəbul edilmiş, iddia ərizəsində istinad olunan halların təsdiqinə dair sübutların natamam olmasına, daşınmaz əmlakın məxsusluğunun reyestr məzmunu ilə və yaxud hüquqmüəyyənedici digər sənədlərlə (torpaq ayırma, AİK qərarı, Bələdiyyə və s.) müəyyənləşdirilməli olmasına hüquqi qiymət verilmədən iddia tələbininin təmin olunması barədə qətnamə qəbul edilmişdir. Yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin, sahibi və ya istifadəçisinin kim olması ümumiyyətlə araşdırılmamışdır. Hazırkı iş üzrə həm iddiaçının, həm də cavabdehin həmin evdə müvəqqəti kirayənişin kimi yaşamalarına, onların heç birinin mübahisə predmeti olan evə hər hansı hüquqlarının olmamasına, qeyd olunan evə münasibətdə iddiaçı və cavabdeh qismində çıxış etmələri üçün qanunvericiliklə müəyyən edilmiş subyektiv hüququn üç elementindən heç birinin mövcud olmamasına hüquqi qiymət verilməmiş və araşdırılma aparılmadan yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(027)-2058/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1168 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Qləmşah oğlu arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 406888 №-li şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı oğlu arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 02 günü 106 № ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Timiryazev bələdiyyəsində 07 oktyabr 2022-ci il tarixdə tərtib edimiş Aktdan görünür ki, həqiqətən İddiaçı 2010-cu ildən 2020-ci ilə qədər Quba rayonu, Zizik kəndində əri ilə birgə tikdikləri yaşayış evində yaşayıb. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 oktyabr 2022-ci il tarixli 122 №li məktubundan görünür ki, İddiaçı və Cavabdeh məxsus ərazi dairəsinin Zizik kəndində fərdi yaşayış evinin olması barədə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən, qəbzdən və Zizik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarından görünür ki, X1 Zizik bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan AZE seriyalı, 18669561 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 18669563 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianı təmin etdiyi hissədə hesab etmişdir ki, iddia tələbi “iddiaçının iki azyaşlı uşağı ilə birlikdə Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən yaşayış evinə köçürülməsi” hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri evdə birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığından, o və uşaqları Cavabdeh ailə üzvü olduğundan, həmin evi onların mənzili adlandırmaq olar. Məhkəmə iddianı rədd etdiyi hissə ilə bağlı isə qeyd etmişdir ki, İddiaçı iki uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməlidirlər. Bundan başqa, «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə görə, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlakadigər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxs ər yaş binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinir mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Kollegiya hesab edir ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və hüquqi vəziyyəti bəlli olmayan yaşayış evinə hüququnun da tanınması mümkün deyildir. Məhkəmə kollegiyası tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 iddiaçının himayəsində olduğunu nəzərə alaraq, onların anası ilə birlikdə mübahisəli evə köçürülməsi haqda tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin halları ilə müəyyən olunur ki, cavabdeh iddiaçını övladları ilə həmin yaşayış evinə yaşamağa buraxmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən həmin hüququn məhkəmədə tanınmasını arzulamışdır. Bununla belə, kollegiya iddiaçının evdən yaşayış-istifadə hüququnun tanınması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, evə mülkiyyət hüququ tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının həmin evə dair onun yaşayış-istifadə hüququnun tanınmasını tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanı olmalıdır. Bu isə evə yaşayış-istifadə hüququnun tanınması anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(027)-2058/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar