Məhkəmə qərarları › İş №2(105)-484/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-484/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-484/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1524/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1524/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlunun ona məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində ona məxsus bir mərtəbəli yaşayış evi vardır. Həmin evdə o, arvadı X1, qızları və nəvələri ilə birlikdə yaşayır. Cavabdeh onun oğludur. Oğlu onun evində qeydiyyatda olsa da, 2008-ci ildən etibarən ona məxsus evdə yaşamır. Belə ki, oğlu Cavabdeh 2008-ci ildə Gülnar İlqar qızı ilə ailə həyatı quraraq iki ay onun evində qalmış, sonra evindən çıxıb getmiş və hazırda onun mərhum anasından miras qalmış Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində yerləşən yaşayış evndə yaşayırlar. Cavabdehin onun evində qeydiyyatda qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Ona görə də artıq 12 ilə yaxın müddətdə onun evində yaşamadığına görə, cavabdehin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh 2008-ci ildən onunla yaşamır, ailə qurduqdan sonra onun evində cəmi iki gün yaşamış və onun mərhum anasının adına olmuş, hazırda özünə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən yaşayış evində yaşayırlar. Məhkəmədə işə baxılan zaman cavabdehin adına yaşayış evi olub-olmamasının müəyyən etmək üçün Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilməsini xahiş etsə də, məhkəmə sorğu verməmişdir. Məhkəmə hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etsə də, düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, o, mübahisəli evdə doğulub böyümüş, 2008-ci ildə ailə qurmuş. 2009-cu ildə atası onu ailəlikcə evdən məcburi çıxarmış, bundan sonra bir müddət kirayədə qalmış, 2011-ci ildə nənəsi ona Köhnə Xaçmaz kəndində ev bağışlamış, həmin vaxtdan da nənəsinin evində yaşayır. Nənəsinin evinin yerləşdiyi torpaq sahəsi vərəsəliklə ona keçmişdir. Hazırda atası öz evini satmaq, buna görə də onu evdən qeydiyyatdan çıxarmaq istəyir. Onun atasının evində payı vardır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 82,8 kv.m, köməkçi sahəsi 53,3 kv.m, yaşayış sahəsi 29,5 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı adına 1994-cü ilin mayında fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160 12926-1220 nömrəli məktubundan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 0,044 ha torpaq sahəsi Cavabdeh adına xx xxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh 2008-ci ildə evləndikdən sonra iddiaçı olan atasına məxsus evdən çıxmış, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndindəki nənəsindən miras qalmış evdə yaşayır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmasa da, evin yerləşdiyi torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İş materiallarında olan yazılı izahatında Cavabdeh göstərmişdir ki, o, mübahisəli evdə doğulub böyümüş, 2009-cu ildə onu evdən məcburi çıxarmışlar, həmin vaxtdan bir müddət kirayədə qalmış, 2011-ci ildə nənəsi ona Köhnə Xaçmaz kəndində ev bağışlamış, 2011-ci ildən həmin evdə yaşayır. Hazırda atası öz evini satmaq istəyir və ona heç nə vermək istəmir. Buna görə də onu evdən qeydiyyatdan çıxarmaq istəyir. O isə buna razı deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 2009-cu ildən mübahisəli evdən köçüb daimi yaşamaq üçün Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində başqa evdə yaşayır, həmin evin yerləşdiyi 0,044 ha torpaq sahəsi Cavabdeh adına 25 may 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh qeydiyyatda olduğu evi tərk etmiş, uzun müddətdir mübahisəli evdə yaşamır, bu evlə bağlılığını itirmişdir və daimi yaşayış yeri vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1524/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Cavabdeh Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən İddiaçı sahibliyində olan yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar