Məhkəmə qərarları › İş №2(105)-486/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-486/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-486/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 78 ünvanından Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin qeyd olunan evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-345/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları qət edilmişdir (hakim Fərid Yaqubov). Cavabdeh1 ərizə ilə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qəbul edilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi onlara göndərilməmişdir. 2023-cü ilin avqust ayının sonlarında Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən ona məlumat verilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən, onlar yaşadıqları evdən çıxmalıdırlar. Ona görə də, xx.xx.2023-cü il tarixdə qətnaməni əldə etmək üçün ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə qətnamə onlara təqdim edilmişdir. Odur ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət onlardan asılı olmayan səbəbdən ötürülmüşdür. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-345/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən buraxılmış apellyasiya şikayəti verilmə müddəti bərpa edilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023 2(105)-2227/2023 nömrəli qərardadı ilə şikayət elektron qaydada verilmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-345/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İddiaçı “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə şikayət verərək onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(074)-345/2023 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması qət edilmişdir. Qətnamə hazır olaraq tərəflərin ünvanına göndərilmişdir. Onu da qeyd edir ki, məhkəmə iclasları barədə bildiriş də həmin ünvanlara göndərilmiş və cavabdehlər məhkəmə iclaslarında iştirak etmiş, Cavabdeh4 da iddiaya öz münasibətini bildirərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bu Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(074)-345/2023 saylı qətnaməsində öz əksini tapmışdır. Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(074)-345/2023 saylı qətnaməsi cavabdehlərə göndərilmiş və cavabdeh eyni zamanda da cavadehin qızı Cavabdeh4 özünə və Cavabdeh1, yəni atasına çatası qətnamənin surətini poçt şöbəsindən xəbərnamyə imza etməklə xx.xx.2023-cü il tarixdə almışdır. Qeyd edir ki, Cavabdeh4 yetkinlik yaına çatmış şəxsdir. Lakin cavabdehlər qətnamədən şikayət verilmə müddətini ötürdüklərindən Şamaxı Rayon Məhkəməsi onlara qanunda nəzərdə tutulmayan imtiyazlar yaradaraq onların müddətin bərpasına dair ərizələrini Şamaxı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(074)-345/2023 saylı qərardadı ilə təmin etmişdir. Həmin qərardadın surətinin dəfələrlə ona verilməsini xahiş etsə də 3 gün müddətinə hazır olmalı olan qərardad artıq 21 gündür ki hazır deyil. Görünür digər məqsədlər üçün qərardada düzəliş olunmalı və müddət bərpa olunması üçün xeyli çaba göstərilir. O Poçt Şöbəsinə yaxınlaşaraq orada Forma-8 saylı kitabdan, yəni poçt məktublarının ünvan sahiblərinə çatdırılması və ünvan sahibləri tərəfindən imza etməklə qəbul etməklərinə dair məlumatları özündə əks etdirən jurnala baxmışdır. Həmin jurnalda Cavabdeh4 imza edərək onun və atasının qətnaməsini xx.xx.2023-cü il tarixdə almasının şahidi olmuşdur və həmin səhifəni kseroks edərək, fotoşəklini çəkərək hal-hazırdakı şikayətinə əlavə edir. Eyni zamanda poçt göndərişinin izlənməsi barədə arayışı almışdır, həmin arayışda da Cavabdeh4 tərəfindən qətnamənin xx.xx.2023-cü il tarixdə alınması açıq aydın görünür. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)- 345/2023 nömrəli qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətinə baxarkən ətraflı araşdırma aparmamış, onun dəlillərinə, müvafiq olaraq şikayətə əlavə etdiyi poçt göndərişinin izlənməsi barədə çıxarışa, çatdırma vərəqlərinin surətinə heç bir münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 135.1.-ci mаddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-ci maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, iş materiallarında görünür ki, Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qətnaməsi tərəflərə göndərilmiş və cavabdeh eyni zamanda da Cavabdeh1 qızı Cavabdeh4 poçt qəbzinə imza etməklə qətnaməni almışdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən buraxılmış apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-345/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-345/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən buraxılmış apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizəsinə sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar