Məhkəmə qərarları › İş №2(105)-490/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-490/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-490/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma,özgəsinin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması, mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneçiliyin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 59,6 kv.m yaşayış, 53,1 kv.m yardımçı sahəsi olmaqla, 112,7 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 193 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 17 noyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsi, eləcə də onun üzərində yerləşən 48 kv.m yaşayış, 69,4 kv.m yardımçı sahəsi olmaqla, 117,4 kv.m ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 1/5, torpaq sahəsi isə 6/40 hissədə olmaqla, Cavabdeh1 və Cavabdeh2 adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 04 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3670 nömrəli rəyindən görünür ki, 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Eyni zamanda, 07 avqust 2012-ci il tarixdə İddiaçı adına (RX seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin M.Əzizbəyov küçəsindəki 50 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi cavabdehlərin və qeyrilərinin adına (MA seriyalı, ******* nömrəli çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ev xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmaqla, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,05 ha təşkil edir. Ona məxsus torpaq sahəsinin müəyyən bir hissəsi qohum olduqları cavabdehlər tərəfindən zəbt edilmişdir. Zəbt olunmuş torpaq sahəsindən çıxmaları üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin evi onun evinin arxasında yerləşir. Zəbt olunan ərazi isə onun evinin qarşısıdır. Belə olan halda necə rəy verilə bilər ki, cavabdehlər onun mülkiyyətində, istifadəsində və sahibliyində olan torpaq sahəsini zəbt etməyiblər? Əslində hazırda cavabdehlərin istifadə etdikləri yol onun ərazisidir. O cavabdehlərə münasibətlərinin yaxşı olduğu vaxt icazə vermişdi ki, həmin yoldan istifadə etsinlər. Onlar həmin yoldan istifadə etdikdən sonra hazırkı mübahisəli yeri zəbt etdilər. Ümumiyyətlə, cavabdehlərin öz ərazilərindən yola çıxmaq üçün imkanları var. Bunun üçün məhkəmədən xahiş etdi ki, mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin tam olaraq onun istifadəsində olmasını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etsin. Lakin məhkəmə bunu da müəyyən etmək üçün ekspertiza təyin etmədi. O cavabehlərə öz həyətindən yol verdiyi halda necə ola bilər ki, onun 0,05 ha torpaq sahəsi tam olsun? Onun 0,05 ha torpaq sahəsinin hamısının istifadəsində olubolmaması müəyyən olunsa, o zaman bütün suallara aydınlıq gələr. Belə ki, cavabdehlərə verdiyi yolun girişini bağlasa o zaman cavabdehlərin zəbt etdikləri ərazi də istifadəsində qalmış olacaq. Çünki həmin ərazini Siyəzən rayon Bələdiyyəsinə müraciət edərək almışdır. Həmin ərazi onun evinin qarşısıdır. Onun istifadəsində və sahibliyindədir. Bunun üçün torpaq vergisi də ödəyir. Məhkəmə iclasında iştirak edən mütəxəssis, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi X3 izahatında göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi elektron məlumat bazasında ümumi sahəsi 0,03 ha, İddiaçı məxsus torpaq sahəsi isə 0,05 ha olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasından götürülmüş sənədlərə əsasən yerində keçirilmiş baxış zamanı sonunculara məxsus torpaq sahələrinin üstüstə düşmə halının olmaması məlum olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan tikili Siyəzən rayon bələdiyyəsinin mülkiyyətində olan 215 torpaq sahəsində inşa edilmişdir. Məhkəmə gedişatında Siyəzən rayon bələdiyyəsinin işə cəlb olunmasını tələb etsək də, məhkəmə Siyəzən rayon bələdiyyəsini mülki işə cəlb etməmişdir. Siyəzən rayon bələdiyyəsi mülki işə cəlb olunsaydı o, zaman həmin torpaq sahəsinin bələdiyyə tərəfindən ona verilməsi müəyyən olunacaqdır. Lakin məhkəmə Siyəzən rayon bələdiyyəsini işə cəlb etməməklə obyektiv araşdırma aparmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən bu məsələ öz həllini tapmalı və Siyəzən rayon bələdiyyəsi işə cəlb olunmalı və Siyəzən rayon bələdiyyəsindən həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi ilə bağlı zəruri sənədlər tələb olunmalıdır. Obyektiv araşdırma aparıldığı halda həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu müəyyən olunacaq. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Cavabdehlər tərəfindən apelyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmuş, etiraz ərizəsində müvafiq məhkəmə qətnaməsinin qanuni olduğunu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 04 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3670 nömrəli rəyi işin faktiki hallarına əsaslanmaqla tərtib edilmiş, mübahisələndirilməsinə heç bir zərurət olmayan qanuni və əsaslı rəydir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Maddə 48. 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 84. 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 111. 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 0,5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya, həmin ünvanda yerləşən 0,5 ha torpaq sahəsi isə ümumi paylı mülkiyyət hüququ əsasında cavabdehlərə və digər şəxslərə məxsusudur. İddiaçı cavabdehlərin ona məxsus ünvanda yerləşən torpaq sahəsini zəbt ediklərini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdehlər isə iddia tələbinə etiraz edərək, həmin torpaq sahəsini zəbt etmədiklərini bildirmişlər. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı və cavabdehlərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi halı müəyyən olunmamışdır. Habelə, məhkəmə araşdırması zamanı mütəxəssisin verdiyi izahatın məzmunundan görünür ki, cavabdehlərin faktiki istifadəsində olan 215 kv.m torpaq sahəsi vardır ki, həmin sahə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Həmçinin, iddiaçı bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin müvafiq bələdiyyə tərəfindən onun istifadəsində verildiyini bildirsə də, həmin hala dair heç bir sübutu (icarə müqaviləsi və ya istifadə hüququnu müəyyən edən digər sənədlər) məhkəməyə təqdim edilməmişdir. Bununla da, həmin bələdiyyə mülkiyyətində olan mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olması halının müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə, hazırki mülki iş üzrə cavabdehlərin iddiaçıya məxsus müvafiq torpaq sahəsini zəbt etməsi halı, habelə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması halı müəyyən edilmədiyindən, iddiaçının iddia tələbinin qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikaytinin digər əsası ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etməsi, habelə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanuni onun sahibliyində və istifadəsində olması halını sübutetmək vəzifəsini daşıyır. İndiki halda isə iddiaçı tərəfindən bununla bağlı heç bir sübutvasitəsi təqdim edilmədiyindən (habelə ondan asılı olmayan səbəblərdən təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı heç bir vəsatəti olmamış), hazırki mülki iş üzrə müvafiq bələdiyyə orqanının mülki işə cəlb edilməsini zəruri edən ilkin sübutlar mövcud olmamışdır. Bu halda isə qeyd edilən orqanın işə cəlb edilməsi iş üzrə əsassız araşdırma aparılması və işə baxılmasının əsassız uzadılması halı ilə nəticələnə bilər ki, bu hal da öz növbəsində prosessual qənaət prinsipinin tələbinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə düzgün nəticəyə gəlmiş, qəbul edilmiş qətnamə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 11,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(059)-51/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 11 (on bir) manat 40 qəpik məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar