Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-491/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh (sonuncu iclasda iştirak etməmişdir) iştirakı ilə Quba Rayon Məhkəməsinin 2(027)-1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair xx.xx.2020-ci il tarixdə 286xx-xx-2020 nömrəli müqavilə bağlanmışdır. **********06540 kodlu abonentin saldosuna əsasən, abonent Cavabdeh 2021-ci ilin may ayının sonuna 695 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır və həmin borcdan 2022-ci ilin iyun ayınadək ödəniş olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 695 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba şəhəri, Dəvədabanlı yaşayış massivində yaşayan xx.xx.1977-cı il təvəllüdlü Cavabdeh istifadə etdiyi təbii qaza görə xx.xx.2022-ci il tarixinə 695 manat ödənilməmiş borcu qalmışdır. Bu məbləğ abonentin evində istehlak edilən təbii qaza görə yaranmış debitor borcudur. Rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonentin debitor borcu hələ də ödənilməmişdir. Abonentin debitor borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Quba Rayon Məhkəməsinin 2(027)-1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, təbii qazdan istifadəyə görə yaranmış 695 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Samir Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 286xx-xx-2020 nömrəli müqavilə ilə qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh (istehlakçı) müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı təşkilata (paylayıcı) borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Müli Məcəlləsinin 427.3, 445.2.1, 442-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 2(027)-1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnamə ilə razılaşmır, hesab edir ki, bu qətnamə əsassızdır, qətnamə qəbul edilərkən işin halları tam və hərtərəfli araşdırılmamışdır, qətnamə qəbul edilərkən hüquq normaları pozulmuşdur. O, məhkəmə proseslərindən xəbərdar edilməmiş, ona görə də sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bunun nəticəsində borcu olmadığı halda ondan borca görə yuxarıda qeyd olunan məbləğin tutulması barədə qərar qəbul edilmişdir. Qətnamədən də göründüyü kimi o, "Azəriqaz" İB ilə qazın alqı-satqısına dair müqaviləni 15 noyabr 2020-ci il tarixində bağlamış, həmin tarixdə də mənzilinə sayğac quraşdırılmışdır. Halbuki iddia olunur ki, o, 2020-ci ilin iyun ayına kimi ödəniş etməmişdir. Həmçinin bildirir ki, həmin evdə yaşamır, evdə yaşayış yoxdur. Belə olan halda təbii qazdan istifadəyə görə borcun yaranması mümkün deyildir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəmədə heç bir sübut yoxdur. Belə ki, "Azəriqaz" İB yalnız öz subyektiv hesabalamalarına görə ondan əsassız borc pul tələbinə dair iddia ilə çıxış etmişdir. Onunla iddiaçı müəssisə arasında müqavilənin 2020-ci ildə bağlanmasına baxmayaraq, həmin tarixdən əvvəlki müddət üçün təbii qazdan istifadəyə görə borcun hesablanması əsassızdır. Buna dair hallar araşdırılmamışdır. Onun iddiaçı müəssisəyə borclu olmağı barədə qənaətə gələrkən məhkəmə tərəfindən yalnız iddiaçının iddia ərizəsində göstərilənlər əsas götürülmüşdür. Hesab edir ki, Quba rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilməlidir, "Azəriqaz" İB-nin iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Bahadır Seyfullayev apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, Cavabdeh apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya “Azəriqaz" İstehsalat Birliyi iddia ərizəsini cavabdehin 2020-ci ilin iyun ayına kimi ödəniş etməməsi ilə əlaqələndirmişdir. Halbuki iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il üçün, yəni iddia qaldırılan vaxt ödənilməmiş 695 manat borcu olduğu bildirilmişdir. Abonent Cavabdeh abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır və onun mülkiyyətində olan Quba rayonunun Dəvədabanı yaşayış massivində yerləşən fərdi yaşayış evi tərəflər arasında bağlanmış Müqaviləyə əsasən təbii qazla təchiz edilir. Abonent üçün xx.xx.2020-ci il tarixdə G-4 markalı mexaniki tipli **********4 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh abonent kodu 2021-ci ilin fevral ayında açıldığına görə əvvəllər istifadə olunan təbii qazın göstəriciləri ilə birlikdə 3470 m3 sərfiyyat 2021-ci ilin fevral ayına qeyd olunub. Həmin ilin mart ayında isə 2470 m3 təbii qaz sərfiyyatı qeydə alınıb. Bu sərfiyyat yalnız sayğacın göstəriciləri əsasında bazaya işlənilmişdir. Cavabdeh 2021-ci ilin mart ayında borcundan 300 manat ödəniş etmiş, 695 manat isə debitor borcu isə ödənilməmiş qalmışdır. 2021-ci ilin aprel ayından abonentin qaz təchizatı debitor borcunu ödəmədiyi üçün dayandırılmışdır, həmin evdə yaşayış yoxdur. Cavabdeh dəfələrlə Xaçmaz RQİ idarəsinə gələrək onun evində istehlak edilmiş təbii qazın özü tərəfindən deyil, evdə təmir işləri görən ustalar tərəfindən divarlara vurulmuş suvaqın qurudulması üçün istifadə edildiyini bildirmişdir. Lakin bu səbəb abonentin debitor borcunun ondan tələb olunmaması üçün əsas deyildir. Abonentin evində istifadə olunmuş təbii qazın kim tərəfindən istifadə olunmasından asılı olmayaraq debitor borcu sayğac göstəricisinə əsasən müəyyən edilmişdir. 6075 m3 göstərici bu gün də sayğacın ekranındadır. Bununla da aydın olur ki, Cavabdeh apellyasiya şikayəti qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə Cavabdeh apellyasiya şikayəti məhkəmə kollegiyası tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (bənd 8). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin 2(027)- 1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 2(027)-1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na uyğun olaraq tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.2.4-cü maddəsinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. İşdən görünür ki, abonent tərəflər arasında imzlanmış xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və onun qazdan istifadəyə görə borcu yaranmışdır. Bu borc isə yuxarıda göstərilən normaların tələbinə, habelə müqavilə şərtlərinə görə ödənilməlidir. Borcun məhz 695 manat təşkil etməsi işdəki mötəbər sübutlarla, o cümlədən abonentin saldosu ilə təsdiq edilir. Bu məbləğdən az miqdarda borcun olması barədə isə Cavabdeh isə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən onun şikayətinin dəlilləri də əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsinə dair iddia tələbinin təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 695 (altı yüz doxsan beş) manat məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-1976/2022 nömrəli 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-491/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-491/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver