Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-492/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22275 manat pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə özünün maddi vəziyyətinə uyğun ev almaq istəmişdir. Təsadüfən Bakı şəhəri, Yeni Əhmədli qəs., 829-cu keçid, məhəllə 2980-81(hazırki ünvan ünvan 2iqəsinin yaşadığı yataqxana tipli binada ev elanı görmüş və göstərilən mobil telefonla əlaqə saxlamışdır. Elan vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuşdur. Danışıq zamanı Ələskər həmin evin dövlət tərəfindən ona təmənnasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən Bakı şəhəri Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Həmçinin də qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur. Bundan sonra o, cavabdehdən evi 13500 manata almışdır. Həmin evin cavabdehdən alınmasına dair aralarında aparılmış “Whatsapp” danışıqları mövcuddur. Evin sənədləşdirilməsi üçün cavabdeh onu 118 saylı Xətai rayon MİS-ə aparmış və orada ona bildirmişlər ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına order və digər sənəd mövcud deyildir və həmin evdə qeydiyyatda olanlar yoxdur. Bundan sonra Cavabdeh mənzilin sahibi kimi onu qeydiyyata salmaq və adına şəxsi hesab vərəqəsi açılması üçün MKİS-ə müəyyən məbləğ pul vəsaiti verilməli olduğunu bildirmiş, lakin o, cavabdehə maddi imkanı olmadığından bu sənədləşdirməni imkanı olan vaxt edəcəyini bildirmişdir. O, 2008-ci ildən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz həmin mənzildə yaşamış və 2016-2017-ci illər ərzində həmin mənzili 7000 manat dəyərində təmir etmişdir. 2021-ci ilin mart ayında Qəhrəman adlı şəxs onun yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzili boşaldılmasını tələb etmişdir. Bundan sonra Qəhrəman İbrahimov Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2022-ci il tarixdə onun mənzildən çıxarılması barədə qətnamə qət etmişdir. Qətnamə icra olunmuş və o, mənzildən çıxarılmışdır. O, cavabdehdən pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. O, cavabdeh barəsində qanuni tədbirlər görülməsi üçün Azərbaycan Respublikası DİN-ə müraciət etmiş və onun müraciəti aidiyyatı üzrə Xətai RPİ-nin 35-ci polis bölməsinə göndərilmişdir. Polis Bölməsində cavabdeh izahat verərək ondan 13500 manat məbləğində pulu alınmasını təsdiq etmişdir. Xətai RPİ-nin 35-ci polis bölməsi tərəfindən ona müraciətinin mülki xarakterli olduğunu bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh ona məxsus pul vəsaitini qanunsuz ələ keçirməklə onun hesabına əsassız varlanan şəxs hesab edilməli, eləcə də ona məxsus pul vəsaitini uzun müddət ərzində qanunsuz saxladığından həmin pul vəsaitindən ona faizlər ödəməlidir. Qanunun tələbi və bank uçot dərəcəsini nəzərə alaraq cavabdeh tərəfindən ona 13500 manatın 13 il müddətə olan illik 5%, yəni 8775 manat (13500x5:100=675 manat (illik faiz məbləği) x13 il =8775 manat) faiz şəklində və qanunsuz ələ keçirilmiş 13500 manat, ümumilikdə 22275 manat məbləğin ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, təxminən 1994-1995ci illərdə o öz ailə üzvləri ilə birlikdə Qubadlıdan olan məcburi köçkün ailəsi olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, X11 adlanan Yataqxana tipli binanın 4-cü mərtəbəsindəki 1 otaqda həmin Yataqxanaya xidmət göstərən Bakı şəhəri Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyinin razılığı əsasında məskunlaşmışdır. Həmin yataqxanada ayaqyolu birinci mərtəbədə yerləşmişdir. Sonradan atası xərçəng xəstəliyinə düçar olduğu və tez-tez birinci mərtəbəyə ayaqyoluna düşübqalxa bilmədiyi üçün qeyd edilən MKİS-nin rəhbərliyinin razılığı əsasında onların yaşadıqları otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər və əvvəl yaşadıqları otağı isə həmin MKİS-ə təhvil vermişlər. Həmin MKİS-in müdriyyəti onlara bildirmişdir ki, bu mənzilə (otağa) dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu mənzildə (otaqda) heç kəs qeydiyyatda yoxdur və məcburi köçkünlər olaraq yeni yaşayış sahəsi əldə edənə və ya öz doğma yer-yurdularına köçürülənə qədər burada rahat şəkildə yaşaya bilərlər. Onlar 14 il müddətində həmin mənzildə fasiləsiz və heç bir etiraz olmadan yaşamışlar. Qeyd edilən müddətdə sonradan dəyişdirilmiş otağın əldə edilməsinə və əlavə işlər görməklə yaxşı vəziyyətə gətirilməsinə və təmirinə hissə-hissə olaraq təxminən 15.000 manat məbləğində pul xərcləmişdir. O, ailə qurduğuna və birgə nikahdan 2 uşaqları anadan olduğuna, həmin otaqda artıq birlikdə yaşamaq mümkün olmadığına və ən əsası və uşaqlarının xəstəliyinin müalicəsi üçün pul lazım olduğuna görə o həmin otağı satmaq qərarına gəlmiş və bu barədə elan da yerləşdirmişdir. İddiaçı onunla telefonla əlaqə saxlayaraq mənzilin satılması barədə danışmaq istədiyini bildirmiş və o da buna razılıq vermişdir. Danışıqlar zamanı cavabdeh MKİS-in müdiriyətinin ona bildirdiyinə əsasən, iddiaçıya bildirmişdir ki, onda və MKİS-də həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur və bunu binaya xidmət edən Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi də təsdiq edə bilər və bundan sonra o, iddiaçını mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə aparmışdır. Həmin Sahənin müdiriyyəti onu qəbul edərək bildirmişdir ki, sözügedən mənzil mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur. İddiaçı onun bu barədə dediklərini və MKİS-in müdiriyyətinin ona dediklərini öz iddia ərizəsində etiraf etmişdir. Cavabdeh həmin mənzilin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə iddiaçının adına rəsmiləşdirəcəyini bildirməmiş və qeyd etməmişdir. O həmin mənzilin sənədləşdirmə işinin onun deyil, iddiaçının özü tərəfindən gələcəkdə həmin MKİS tərəfindən sənədləşdirilə bilinəcəyini demiş və iddiaçıya bildirmişdir ki, bunu etmək imkanı, gücü olsaydı indiyədək həmin mənzili öz adına sənədləşdirərdi. Bu zaman iddiaçı onlara Bakı şəhər İcra Hakimiyyətində və Xətai Rayon İcra Hakimiyyətində yüksək vəzifədə olan yaxın adamları olduğunu bildirmiş və qeyd etmişdir, o özü bu məsələni həll edəcəkdir. Bundan sonra o, həmin mənzilin 13500 (on üç min beş yüz) manat məbləğində iddiaçıya satılması barədə onunla razılığa gəlmiş və həmin mənzili iddiaçıya qeyd edilən məbləğə satmış və onun hesabına iddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçının onu guya aldatdığı barədə "dəlil”inə gəldikdə bildirir ki, bu dəlil tamamilə qanunsuz və əsassız bir dəlildir və heç bir sübutla təsdiq olunmur, əksinə iddiaçının özü tərəfindən bu dəlil təkzib olunur. Belə ki, o, evin faktiki sahibi olduğunu, həmin mənzilin onun adına qeydiyyatda olmadığını və bu barədə heç bir sənədinin olmadığını bildirmiş və iddiaçı da bunları öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Bundan sonra o, iddiaçını həmin mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə apardığını, həmin MKİS-in müdiriyyətinin iddiaçını qəbul edərək, sözügedən mənzilin gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzil olduğunu və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud olmadığını, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirdiyini iddiaçı öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının nəzərdə tutduğu bir aldadılma varsa, onun tərəfindən deyil, 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinin müdiriyyəti tərəfindən edilmişdir. İddiaçı 13500 manatdan əlavə olaraq 8775 manat ödənilməsini tələb edir. İddiaçının irəli sürdüyü bu “dəlil” də digər dəlil kimi qanunsuz və əsassız bir dəlildir. Belə ki, onun həmin mənzildən 13 il müddətində fasiləsiz və heç bir etiraz olmadan istifadə etməsi və bu barədə mənzilin yerləşdiyi yataqxanaya xidmət göstərən MKİS-in rəhbərliyinin həm ona, həm də iddiaçıya həmin mənzilin hər hansı başqa bir sahibinin olmaması, bu mənzilə dair hər hansı şəxsin adına rəsmi orderin və ya hər hansı sənədin mövcud olmaması, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirməsi onun hər hansı bir qanunsuz əmələ yol vermədiyini və həmin pulu özündə saxladığını deyil, ehtiyacına sərf edildiyini təsdiq edir. İddiaçıdan mənzilin satışına görə aldığı pul onun həmin mənzilə görə xərc çəkdiyi pulun əvəzi olmuşdur. O həmin pulu iddiaçıdan əvəzssiz əldə etməmiş, həmin pul qeyd edildiyi kimi illərlə və min bir əzab-əziyyətlə qazandığı və xərc sərf etdiy pulun əvəzi olmuşdur. Digər tərəfdən iddiaçı həmin mənzildə 13 il (156 ay) fasiləsiz və etirazsız yaşayaraq qeyd edilən müddətdə mənzildən istifadəyə dair ehtiyacını ödəmişdir. Bu müddətdə Bakıda yerləşən bir otaqlı mənzilin orta aylıq kirayə haqqının ən aşağı məbləğinin bir yüz manat məbləğində olduğu qəbul olunsa, iddiaçının həmin müddətdə ödəməli olduğu pulun məbləği 15600 manat olmalı idi (13 il x 12 ay= 156 ay; 156 ay x100 manat= 15600 manat). Məhz iddiaçının öz təqsiri səbəbindən 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməmiş, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməmiş və bunu qısa müddətdə edə bilmədikdə nə üçün həmin mənzili cavabdehə qaytarıb verdiyi pulu geri istəmədiyinin səbəbini izah və sübut edə bilməmişdir. Digər tərəfdən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyуətinin 118 saylı MKİS ilə birlikdə iddiaçının 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməməsində, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməməsində qarşılıqlı təsiri olmuşdur ki, bu da cavabdehin mülki hüquqi məsuliyyətini tam və qəti olaraq aradan qaldırır, çünki həmin hərəkətlərin edilməsi artıq onun səlahiyyətinə və vəzifəsinə aid deyildi. İddiaçının 13 il müddətində mənzildən fasiləsiz və etirazsız istifadə edib, sonradan heç nə olmamış kimi mənzilin alınmasına dair verdiyi pulu tam olaraq və üstəlik faizlərlə birlikdə tələb etməsi ən azından qanunsuz və əsassızdır. Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 22275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar arasında olan münasibətlərin xarakterinə əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməməli idi. O, hüquqi (qanuni) əsasa görə həmin mənzilin yerləşdiyi yataqxanaya xidmət göstərən və həmin yataqxananın balansında olduğu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müvafiq ərazi qurumunun (118 saylı MKİS-nin) rəhbərliyinin hər iki tərəfə verdiyi məlumat və onun razılığına görə qeyd edilən məbləğdə pulu iddiaçıdan əldə etmişdir. Həmin yataqxananın idarəçisinin və ya sahibinin razılığı olmadan hər iki tərəf fasiləsiz və heç bir etirazsız 27 il istifadə edə bilməzdi. İddiaçı həmin qurumun məlumatı olmasaydı qeyd edilən məbləğdə pulu ona verməzdi. Bu da onu təsdiq edir ki, iddiaçı məhz həmin hüquqi əsasa görə ona qeyd edilən məbləğdə pulu vermiş və buna görə də uzun müddət həmin mənzildən fasiləsiz və etirazsız istifadə etmişdir. Bu da həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsassız varlanmanı təkzib edir. Əsassız varlanma o halda mövcud olur ki, mərhum olan varlanmış şəxsə hər hansı bir əmlak verir, əvəzində razılaşdırılan şeyi ümumiyyətlə əldə etmir, varlanmış şəxs də heç bir iş görmür, əvəzində razılaşdırılan şeyi mərhum olana vermir. İddiaçı ona pulu borc olaraq verməmiş, həmin pulu ona aralarında olan şifahi razılaşmaya əsasən həmin otaqdan (mənzildən) istifadə edəcəyi və sonradan həmin mənzili özü müvafiq səlahiyyətli orqanının razılığı və qərarı əsasında həmin mənzilin üzərində qeydiyyata alınmış istifadə hüququ əldə edəcəyi məqsədilə vermişdir. O, iddiaçıya vəd etdiyi və öz üzərinə düşən vəzifəni icra etmiş, həmin otağı (mənzili) qeyd edilən otağın (mənzilin) yerləşdiyi yataqxananın idarəçisi olan MKİS-in əvvəlcədən məlumatı və razılığı əsasında ona təhvil vermiş və onu həmin otağa müvəqqəti qeydiyyata saldırmışdır. O, iddiaçıdan pulu almamışdan əvvəl qeyd edilən MKİS-in müdiriyyəti onun yanında iddiaçıya həmin otaq (mənzil) üzərində başqa hər hansı bir şəxsin istifadə hüququnun olmadığını, otağın başqa şəxsin adına qeydiyyata alınmadığını və üçüncü şəxslərin hüquqlarından azad bir mənzil olduğunu bildirmiş, iddiaçı da bunu öz iddia ərizəsində etiraf etmişdir. İddiaçı 13 il fasiləsiz və etirazsız həmin mənzildə yaşamış və həmin mənzildən istifadə edərək mənzilə olan ehtiyacını ödəmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni və bu barədə maddi hüquq normalarını tətbiq edərək iddianı rədd etməli idi. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili Vəkil1 etirazı onunla əsaslandırmışdır ki, şikayətin yuxarıda qeyd edilən dəlilləri cavabdehin subyektiv mulahizələrindən ibarət olmaqla, işin faktiki halları ilə təkzib olunur və həmin dəlillər hər hansı mötəbər subutlarla öz təsdiqini tapmır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Cavabdeh huququ olmadığı halda sözügedən mənzili iddiaçıdan 13500 manat məbləğində pul almaqla ona təhvil verməsi işin mübahisəsiz halıdır və işin bu halı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmışıdır. Eləcə də həmin mənzilə dair başqa bir şəxsin adına hüquqmüəyyənedici sənədlər olduğu halda, həmin mənzilə dair hər hansı sənədlərin mövcud olmadığı barədə cavabdeh tərəfindən iddiaçıya yalan məlumat verməklə onun aldadılması işin faktiki halları ilə birmənalı təsdiq olur. Göründüyü kimi iddiaçı sözügedən mənzilin gələcəkdə onun adına sənədləşdirilə biləcəyinə ümid etmiş və inanmış, bu yolla cavabdeh tərəfindən aldadılaraq yuxarıda qeyd olunan pul vəsaiti ondan qanunsuz yolla alınmışdır. Həmçinin cavabdehin etirazında göstərdiyi qeyd edilən mənzilin təmirinə 15000 (on beş min) manat pul xərcləməsi və guya iddiaçıdan mənzilə görə aldığı pulun həmin mənzilə çəkdiyi xərcin əvəzi olması barədə dəlilləri də hər hansı subutlara əsaslanmayan mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh həmin mənzilə hər hansı maddi vəsait xərclənməsinə dair subutlarını da məhkəməyə təqdim etməmiş, əksinə 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi 19 oktyabr 2022-ci il tarixli Aktdan da görünür ki, həmin mənzildə 2016-2017-ci illər ərzində aparılmış təmir və yenidənqurma işləri məhz iddiaçı tərəfindən aparılmışdır. Eləcə də, apellyasiya şikayətinin dəlillərinə görə, “iddiaçı qanunsuz və əsassız olaraq guya məhz mənim tərəfimdən sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyimi qeyd etdiyimə istinad edərək onun hüququnun pozulduğunu iddia edir. İddiaçının qanunsuz və əsassız mövqeyindən yanaşsaq belə, mən 2008-ci ildə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismar Sahəsi vasitəsi ilə iddiaçının adına sənədləşdirmə aparmadığıma görə o, hüquqlarının pozulduğunu bilmişdir və ya bilməli idi. Hətta bir il əlavə müddətin ona verildiyini qəbul etsək, iddiaçı 2009-cu ildə hüquqlarının pozulduğunu bilmişdir və ya ya bilməli idi. Belə ki, iddiaçının iddia etdiyi və ya gözlədiyi nəticə əldə olunmadığına görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Onun üçün iddia müddətinin axımı 2008-ci ildən, ən geci 2009-cu ildən başlanmışdır.” Apellyasiya şikayətinin hazırki iş üzrə iddia müddətinin ötürülməsi barədə göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, şikayətin bu dəlili cavabdehin şəxsi mülahizəsi olmaqla iş materialları təkzib olunur və hər hansı subutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı 2009-cu ildə həmin mənzili pul ödəməklə əldə edərkən öz huququnun pozulduğunu heç cür bilə bilməzdi. İddia ərizəsində əsaslandırılan hallardan göründüyü kimi iddiaçı cavabdehlə evin sənədləşdirilməsi üçün birlikdə 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə getmiş, həmin Sahənin müdiriyyəti onları qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və qərar mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur. Bundan sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyi bu mənzilin sahibi kimi iddiaçını qeydiyyata salmaq və adına şəxsi hesab açmaq üçün iddiaçıdan müəyyən məbləğ pul istəmiş, onun da maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməmiş, bu səbəbdən də mənzil iddiaçının adına rəsmiləşdirilməmiş qalmış və hesab etmişdir ki, bu mənzili istənilən vaxt öz adına rəsmiləşdirə biləcəkdir. Göründüyü kimi iddiaçı sözügedən mənzilin gələcəkdə öz adına sənədləşdirə biləcəyinə ümid etmiş və inanmış, lakin Mənzil İstismar Sahəsi tərəfindən ondan evin rəsimləşdirilməsi üçün tələb edilən maddi vəsaitə malik olmadığından bu mənzilin rəsimləşdirilməsi işi qeyrimüəyyən müddətə uzanmışdır. Qeyd olunanlardan göründüyü kimi 118 Saylı Mənzil İstismar Sahəsi mənzilin iddiaçının adına rəsimləşdirilməsindən heç vaxt imtina etməmişdir. Belə olan halda iddiaçının huququnun pozulduğunu, yəni həmin mənzilin adına rəsimləşdiriləcəyini mümkün olmadığını bilə bilməzdi. Hər şəydən əvvəl qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsassən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” X2 Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyinə görə Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsuzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Göstərilən hüquqi mövqe həmçinin Konstittusiya Məhkəməsinin Plenumu 2008-ci il 08 may və 03 iyun 2013-cü il tarixli qərarlarında da öz əksini tapmışdır. Eləcə də sadalanan qərarlardakı, hüquqi mövqəyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddia tələbinin əsaslandığı hallardan göründüyü kimi, İddiaçı hüququnun pozulduğu ona 2021-ci il mart ayın əvvələrində bəlli olmuş və Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-246/2022 nömrəli qətnaməsinə əsasən o, yaşadığı mənzildən çıxarılmışdır. Göründüyü kimi iddiaçının hüququnun pozulduğu subyektiv an 2021-ci il mart ayın əvvələrindən başlayır və məhz bu andan onun iddia hüququ yaranır. Digər tərəfdən həmin Məcəllənin 384.0.1 və 384.0.4 maddələnə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə eləcə də, mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərə, iddia müddəti şamil edilmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 09 mart 2023-cü il tarixli keçirilmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-246/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə barədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması, iddiaçı X4 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzilə köçürülməsi qət olunmuşdur. İş materiallarında olan Xətai RPİ-nin 35-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci ilə qədər yaşamışdır. Həmin mənzili 2008-ci ildə İddiaçı 13500 manata satmışdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh və onun ailəsi Qubadlı rayonundan məcburi köçkün olmaqla təxminən 1994- 1995-ci il tarixlərdə Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, X11 adlanan yataqxana tipli binanın 4-cü mərtəbəsində olan 1 otaqda evdə məskunlaşmışdır. Cavabdeh ailəsi ilə birlikdə təxminən 14 il müddətində həmin mənzildə yaşamış və daha sonra 2008-ci il tarixdə həmin mənzili 15.000 manata satmaq qərarına gəlmiş və mənzilin satılması ilə bağlı elan yerləşdirmişdir. İddiaçı qeyd edilən evin satılmasını elanlarda gördükdən sonra cavabdehlə telefon əlaqəsi yaratmış və həmin mənzili almaq istədiyini bildirmiş və tərəflər görüşərək həmin mənzilin 13.500 manata satılması ilə bağlı razılığa gəlmişlər. Danışıqlar zamanı cavabdeh Ə.Ələskərzadə MKİS-in müdiriyyətinin ona verdiyi məlumata əsasən həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) olmadığını iddiaçıya bildirmiş, bundan sonra cavabdeh mənzilin sahibi kimi iddiaçını qeydiyyata salmaq və adına şəxsi hesab vərəqəsi açılması üçün MKİS-ə müəyyən məbləğ pul vəsaiti verilməli olduğunu bildirmiş, lakin iddiaçı maddi imkanı olmadığından bu sənədləşdirməni imkanı olan vaxt edəcəyini bildirmişdir. Beləliklə, iddiaçı 2008-ci il tarixdən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz həmin mənzildə yaşamışdır. 2021ci ilin mart ayında Qəhrəman adlı şəxs iddiaçının yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzilin boşaldılmasını tələb etmişdir. Bundan sonra X1 Nübar Həsən qızına qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(011)- 246/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması, X4 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzilə köçürülməsi qət olunmuş, qətnamə qanuni qüvvəsini alaraq icra olunmuş, İddiaçı həmin mənzildən çıxarılmışdır. Bundan sonra iddiaçı cavabdehdən ona ödədiyi pulun qaytarılması ilə bağlı müraciət etmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı cavabdeh barəsində qanuni tədbirlər görülməsi üçün Azərbaycan Respublikası DİN-ə müraciət etmiş və iddiaçının müraciəti əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsində araşdırma aparılmış və araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci ilə qədər yaşadığını, həmin mənzili 2008-ci ildə İddiaçı 13500 manata satdığını bildirmişdir. Daha sonra Xətai RPİ-nin 35-ci polis bölməsi tərəfindən iddiaçıya müraciətinin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci ilə qədər yaşaması, mülkiyyət hüququ ilə ona məxsus olmayan mənzili heç bir qanuni əsas olmadan 2008-ci ildə İddiaçı 13500 manata satması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-246/2022 nömrəli qətnaməsi ilə İddiaçı və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması işin mübahisəsiz halıdır. Qeyd olunan hallar tərəflərin izahatları ilə yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. İşin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, cavabdeh 2008-ci ildə məcburi köçkün kimi yaşadığı yataqxanadakı mənzilə olan sahibliyini qarşılıqlı razılıq əsasında satmışdır. Bu baxımdan iddiaçı Mülki Məcəllənin 572, 573 və 574-cü maddələrinin tələblərinə əsasən mənzilin alınması üçün verdiyi 13500 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 573.2-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Həmin Məcəllənin 574.1-ci maddəsinə əsasən əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. Həmin Məcəllənin 574.2-ci maddəsinə əsasən alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin. Həmin Məcəllənin 574.3-cü maddəsinə əsasən alıcının işdə iştiraka cəlb etdiyi, lakin işdə iştirak etməmiş satıcı alıcının işi yanlış apardığını sübuta yetirmək hüququndan məhrum olur. Məhkəmə kollegiyası iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 8775 manat məbləğində borcun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh aldığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci il tarixdən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz yaşamış, həmin müddət ərizində mənzilə olan ehtiyacını ödəmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-246/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılmış və iddiaçı bundan sonra cavabdehdən evin alınmasına görə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir. Lakin işin araşdırılmış halları ilə borclunun pul məbləğinin ödənilməsini iddia ərizəsində qeyd edildiyi müddətdə gecikdirməsi öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunan hallar tərəflərin izahatları ilə yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Sadalanan qanunvericilik aktının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 8775 manat məbləğində borcun tutulması” hissəsində əsassız olduğundan ləğv edilməli, iddi tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunmuş iddiaçının iddia müddətini ötürməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh aldığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci il tarixdən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz yaşamış və yalnız 2021ci ilin mart ayında Qəhrəman adlı şəxs iddiaçının yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirməsi və mənzilin boşaldılmasını tələb etməsindən sonra onun hüquqlarının pozulduğu ona məlum olmuş və daha sonra da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-246/2022 nömrəli qətnaməsi ilə də iddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılmış, iddiaçı həmin mənzildən çıxarıldıqdan sonra 2022-ci ilin avqust ayında məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. İşin araşdırılmış faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən 2008-ci ildə 13500 manat məbləğində pul cavabdeh X5 yuxarıda qeyd olunan yataqxanadakı mənzildə müvəqqəti deyil, daimi yaşamaq məqsədilə verilmişdir. Bununla əlaqədar iddiaçının pulun hüquqi əsas olmadan hüququnun pozulması ilə əlaqədar verilməsi ona 2008-ci ildən deyil, yaşadığı mənzildən çıxarıldığı andan məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiası iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gələrək cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(028)-446/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.500 (on üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-492/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-492/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver