Məhkəmə qərarları › İş №2(105)-494/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-494/2022

06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-494/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-4082/2021-006 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüuquna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z Tağıyev qəs.,dəmir yol yaşayış massivi, ev 1, mən.29 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun bacısıdır. O, həmin mənzildə qeydiyyatda olsada həmin mənzildə yaşamır. Belə ki, həmin mənzil əvvəllər onun məhrum atasına məxsus olmuşdur. X1 2011-ci il tarixdə rəhmətə getmiş və mənzil 2012-ci ildə anası Nəsibova Tükəzban adına özəlləşdirilmişdir. Anası isə 2019-cu ildə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən sonra bütün vərəsələr həmçinin bacısı Cavabdeh miras əmlakdakı paylarından notarial qaydada tam şəkildə onun xeyirinə imtina ediblər. Bacısı Cavabdeh 2004-cü ilin aprel ayında ailə həyati quraraq Şabran rayonu Surra kəndində gəlin köçmüş və bu günə kimi həmin kənddə yaşayır. Mənzildə bacısının heç bir əmlakı yoxdur, əlaqəsi və hüquqi əsas olmadan indiyə kimi onun mənzilində formal şəkildə qeydiyyatda qalmışdır. Cavabdehin onun mənzilində qeydiyyatda olması ilə əlaqədar o, mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququmu tam həyata keçirə bilmir. Mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Ona görə də hesab edir ki, cavabdehin həmin evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. O, 2019-cu ilə qədər anasının sağlığında daim həmin mənzilə gedib-gəlmiş, lakin anasının vəfatından sonra qardaşları onu həmin mənzilə buraxmamışlar. Anasının 40 mərasimindən bir neçə ay sonra iddiaçı ona bildirmişdir ki, həmin mənzili sataraq hər birinin payını vermək fikrindədir, bunun üçün mənzil onun adına keçməlidir, o da mənzili sataraq hamıya düşən payı verəcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini cavabdeh mübahisəli mənzildə yaşamaması, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalmasının formal xarakter daşıması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 21.12.1992-ci il tarixli 18/823 saylı orderlə iddiaçının anası Tükəzban Nəsibovanın adına özəlləşdirilmiş və 15.08.2012-ci il tarixdə çıxarış verilmiş, sonuncunun vəfatından sonra həmin mənzilə onun oğlanları Fariz, Məmmədağa və İddiaçı tərəfindən hər biri 1/3 pay üzrə qanun üzrə şəhadətnamə əldə edilmiş, daha sonra 05.10.2019-cu il tarixdə Fariz və Məmmədağa Nəsibovlar miras paylarının bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış və sonda həmin mənzil tam pay hüququ üzrə mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırkı iş üzrə iddia tələbi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədədir. Qeyd olunmalıdır ki, cavabdehin mübahisəli evdə istifadə hüququ 1992-ci ildən yarandığından və sonuncu həmin mənzildən özəlləşdirilməmişdən əvvəl, yəni 2004-cü ildə ailə həyatı qurması ilə bağlı daimi olaraq köçüb getdiyindən, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə (09.10.2009-cu il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrini tətbiq etməklə Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar