Məhkəmə qərarları › İş №2(105)-496/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-496/2024

28.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-496/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: daş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2649/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 10/7214 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin plan-ölçüsü kordinatları ilə cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsinin plan-ölçüsü kordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu Saray kəndi “Saray; təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2184 nömrəli ekspert rəyində göstərilmişdir: - Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində faktiki istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsinin (hasar daxili) 332.35 m2 olduğu müəyyən olundu. İddiaçı Şamxal oğlunun faktiki istifadəsində olan (hasar daxili) 332.35 m2 torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: - X= 392740.463, Y= 4487520.787, - X= 392750.374, Y= 4487507.504, - X= 392763.559, Y= 4487517.274, - X= 392765.935, Y= 4487519.395, - X= 392755.913, Y= 4487533.110. - Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində faktiki istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsinin (hasar daxili) 604.1 m2 olduğu müəyyən olundu. Cavabdeh faktiki istifadəsində olan (hasar daxili) 604.1 m2 torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: - X= 392755.913, Y= 4487533.110, - X= 392765.935, Y= 4487519.395, - X= 392775.637, Y= 4487506.523, - X= 392782.936, Y= 4487497.417, - X= 392793.240, Y= 4487505.995, - X= 392766.303, Y= 4487541.372. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyində də qeyd olunduğu kimi iddiaçı və cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır. - Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində faktiki istifadə etdiyi torpaq sahəsinə gedən yolun (Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə həmsərhəd olan hissəsi) ümumi sahəsinin 92.84 m2 olduğu müəyyən olundu.

4. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsinin sağ hissəsində daş hasarın sökülməsi, bir metr məsafədə torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi vardır. Qonşu –cavabdeh qanunsuz olaraq bir metr məsafədə ona məxsus olan torpaq sahəsini zəbt eərək hasar çəkmişdir.Bu hərəkətlə yolun ölçüsü dəyişmiş və həyətlər arasında olan məsafə daralmış, avtomaşın daxil olması üçün yol daralmışdır. Beləliklə, ona məxsus torpaq sahəsinin eni 01 metr daralmışdır. Bu barədə cavabdehə bildirmiş, lakin nəticəsi olmamışdır.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2649/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-u maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2649/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini bir cümlə ilə əsaslandırmağa calışmışdır ki, “Məhkəmə tərəfindən işin araşdırılan hallarından göründüyü kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin plan-ölçüsü koordinatları ilə cavabdehin həmin ünvanda yerləşən torpaq sahəsinin plan ölçüsü koordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu Saray kəndi “Saray; təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Məhkəmənin bu dəlilləri ilə razılaşmır. İşin hallarına dair Abşeron Rayon Məhkəməsinin iclasında iştirak edərkən iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi vardır. Qonşu- cavabdeh qanunsuz olaraq bir metr məsafədə ona məxsus olan torpaq sahəsini zəbt edərək hasar çəkmişdir. Bu hərəkətlə yolun ölçüsü dəyişmiş və həyətlər arasında olan məsafə daralmış, avtomaşın daxil olması üçün yol daralmışdır. Beləliklə, ona məxsus torpaq sahəsinin eni 01 metr daralmışdır. Bu barədə cavabdehə bildirmiş, lakin nəticəsi olmamışdır. Məhkəmə iclasında o iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etsə də məhkəmə nədənsə əsaslı iddianı təmin etməmişdir. Məhkəmə iş üzrə natamam və qeyri-müəyyən ekspert rəyini əsas götürərək əsaslı iddianı təmin etməmişdir. Lakin buna baxmayaraq məhkəmə iddianı tam təmin etmək əvəzinə rədd etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmaması ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, onun iddiası tam əsaslıdır və təmin edilməli idi. Lakin Abşeron rayon Məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

16. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

25. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Əsgərov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2649/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

34. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

37. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

40. Kollegiya apellyasiya şikayətində göstərilən dəlilləri yoxlamaq məqsədi ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasını təyin etmş, lakin həmin ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus torpağına müdaxilə etməsi öz təsdiqini tapmamışdır.

41. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

43. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının xərci olan 50 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2649/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar