Məhkəmə qərarları › İş №2(105)-496/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-496/2025

29.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-496/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat ofisi cəlb edilməklə) tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 qızı arasında olan Ağstafa rayonu VVADQ şöbəsində 02 sentyabr 2005-ci il tarixdə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikahın qeydi pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 X6 qızının himayəsinə verilməsi, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün X6 qızına verilməsi qət edilmişdir.

2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-565/2019 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Sahib oğlunun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzildə mülkiyyət üzrə payların üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı olmaqla müəyyən edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı mülkiyyət payı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

5. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə mülkiyyət payı Cavabdeh bağışlanmışdır.

6. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh KİA Sorento minik markalı 99-ST637 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixə kimi qüvvədə olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 50 saylı mənzilə dair Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində xx.xx.2023-cü ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış 4G-311 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsinə əsasən ləğv edilmiş, birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının himayəsinə verilmiş, cavabdehdən uşaqların saxlanılması üçün cavabdehin aylıq qazanc və gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdehlə bir mənzildə yaşayırlar və bu mənzil onların birgə mülkiyyətdə olan əmlakları kimi məhkəmə qətnaməsinə əsasən aralarında bölünmüş, hər birinin payı ½ hissədə müəyyən olunaraq çıxarış verilmişdir. Cavabdeh 2023-cü ilin fevral ayında iddiaçının xəbəri olmadan iddiaçının başqa bir şəxslə danışığını yazmış və həmin səs yazısını iddiaçıya dinlədərək onu şantaj etməyə başlamışdır. O, iddiaçıya bildirmişdir ki, əgər həmin söhbətlərin yayılmasını istəmirsə onda gedib notarial qaydada mənzildən olan payını ona bağışlanmalıdır. O əvvəlcə bu təklifi qəbul etməmişdir. Cavabdeh bundan sonra həmin səsi qardaşı X2 və daha sonra isə bacısının həyat yoldaşı X9 göndərmişdir. İddiaçıya bildirmişdir ki, həmin səs yazısını bacısının qaynanası və qaynatasına da göndərəcək, onda bacısının ailəsi dağılacaqdır. İddiaçı evi onun adına keçirəcəyi təqdirdə əvəzində iddiaçıya nə verə biləcəyini soruşduqda isə cavabdeh bildirmişdir ki, o, o qədər də insafsız deyil, KİA Sorento markalı maşını adına keçirəcək və iki il müddətində iddiaçıya 15000 manat da pul verəcəkdir, o da həmin pulu tam alana qədər iddiaçıyla bu ünvanda yaşayar, sonra da ilkin ödəniş edib başqa mənzil alıb köçər. İddiaçı əlacsız qalaraq onun bu təklifini qəbul etmiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə gedərək onunla iddiaçıya aid olan payın bağışlanması barədə müqavilə bağlamışdır. Cavabdeh dediyi kimi etibarnamə müddəti başa çatmış həmin maşına dair iddiaçıya baş etibarnamə vermiş və iddiaçıya vəd etdiyi 15000 manat məbləğində pulu da verəcəyini bildirmişdir. Lakin cavabdeh iddiaçını aldatmaqla vəd etdiyi pulu iddiaçıya verməmiş və etibarnamə müddəti bitmiş maşına dair iddiaçıya yeni etibarnamə verməkdən də boyun qaçırmışdır. Hazırda isə o iddiaçının və uşaqlarının evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı cavabdehə nə üçün belə etdiyini soruşduqda isə bildirmişdir ki, o iddiaçıya pul vəd verməmişdir, maşına dair etibarnamə də verməyəcəkdir, get nə bacarırsansa et, onsuzda bir ildən sonra iddiaçının ərizəsinə baxılmayacaqdır. Cavabdeh iddiaçını şantaj edərək, bağışlama müqaviləsini bağlamağa məcbur etmiş, üstəlik də iddiaçının susmağı üçün guya 15000 manat pul verəcəyi, maşını da onun adına keçirəcəyi barədə aldatmışdır. Nəticədə iddiaçı bu gün mənzildə olan payından məhrum olmuş və bağlanışmış həmin əqd iddiaçı üçün problemlər yaratmış və iddiaçı daimi yaşayış yerindən, əmlakından məhrum olmuşdur.

9. Cavabdeh etirazla müraciət edərək, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin barəsində təqdim olunmuş iddia ərizəsində qeyd olunan arayış tamamilə həqiqəti əks etdirmir. Nikahın pozulmasının və sonra əmlakın bölünməsinin utanc verici səbəbinə baxmayaraq uşaqların tam ailədə böyüməsi üçün birlikdə yaşamağa qərar vermişdirlər. Təsadüfən 2022-ci ildə may ayında İddiaçı səs yazısı müəyyən olunmuşdur. Cavabdeh Sonanın qardaşı Vüqara, Nanının qardaşı Babəkə və yeznəsi Akifə məlumat vermişdir. İddiaçı qeyd edir ki, 2023-cü ildə cavabdeh məlumatı onun bacısının qaynatası və qaynanasına göndərib bacısı Ləmanı boşatdırmaq istəmişdir. 2021-ci ilin əvvəlində onun bacısının qaynatası Namiq gəlini Ləmanı və oğlu Akifi evindən çıxartmışdır. Ümumiyyətlə şantaj edib mülkə sahib olmaq kimi cavabdehin niyyəti olmayıb və onun ən böyük günahı nikah pozulmasından sonra İddiaçı ilə bir evdə yaşamağı olmuşdur. 2023-cü ilin fevral ayında öz razılıqları ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən evin qiymətləndirilməsi həyata keçirilmişdir və mənzilin real bazar dəyəri 28 fevral 2023-cü il tarixinə 80000 manat civarında qiymətləndirilmişdir. Cavabdeh İddiaçı düşən əmlak payını 40000 manata satmağı təlkif etmiş o, isə əvəzində cavabdehə məxsus KİA Sorento minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini 40000 manat əvəzinə götürəcəyini bildirmişdir. KİA Sorento minik avtomobilin buraxılış ili 2016-cı il, 7 yerlik və 38000-40000 manat civarında dəyəndirilir. Sumqayıt şəhəri 13-cü mikrorayon ev 05, mənzil 50-nin qiyməti 80000 manat və İddiaçı əmlak payı 40000 manat edirsə onun iddiaçıya əlavə 15000 manat verməyi təklif etməsi yalan məlumatdır. Bağışlanma müqaviləsindən sonra o iddiaçıya ümumi etibarnamə vermişdir. Özünün və İddiaçı nəğd pulu olmadığı səbəbindən iddiaçının payını bağışlanma, minik avtomobilini isə ümumi etibarnamə yolu ilə qarşı tərəfə vermişdir. İddia ərizəsində qeyd olunan arayış cavabdehə qarşı şər böhtandır.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, bağışlama müqaviləsinin şantaj yolu ilə bağlandığını, evdən çıxacağı qarşılığında avtomobil və pul verəcəyini bildirmiş, lakin pulu verməmişdir. Daha sonra onu və övladlarını evə geri qaytararaq bir daha belə bir şey etməyəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh onların evdən çıxarılması barədə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında, uşaqlara yazığı gəldiyi üçün evə geri qayıtmalarını istədiyini qeyd etdi. O birlikdə yaşaya bilmədiklərini, 40000 manat müqabilində avtomobili iddiaçıya verdiyini bildirdi. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5184/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonra, iddiaçı cavabdehin təqdim etdiyi avtomobili sərəncamına qəbul edərək, hazırdada sərəncamında saxlayır və istifadə edir, bu halda onu göstərir ki, cavabdeh tərəfindən heç bir zorakılıq və ya hədələmə tətbiq edilmədən iddiaçı özü könüllü olaraq iradə ifadəsini bildirərək cavabdehlə müqavilə bağlamışdır.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 6.2, 146.1, 337.1, 337.4, 337.5, 339.4, 389.1, 394, 666.1, 670.1, 670.3-cü maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-12862/2017 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ilə nikahı ləğv edilmiş, birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının himayəsinə verilmiş, cavabdehdən uşaqların saxlanması üçün aylıq qazanc və gəlirinin 1/3 hissəsinin aliment kimi tutulması qət edilmişdir. Cavabdehlə bir mənzildə, ayrı-ayrı otaqlarda yaşayırlar. Həmin mənzil də məhkəmə qətnaməsi əsasında aralarında bölünmüş, hər birinin mənzilə payı ½ hissədə müəyyən edilərək çıxarış verilmişdir. Cavabdeh iddiaçının şəxsi həyatına dair məlumatları yayması ilə əlaqədar aralarındakı münasibət daha da pisləşmiş və həmin şəraitdə iddiaçı özünə aid payın satılmasına və evdən çıxmağa razı olduğunu bildirmişdir. 2023-cü ilin fevral ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən evin qiymətləndirilməsi həyata keçirilmiş və mənzilin real bazar dəyəri 80000 manat civarında müəyyən edilmişdir. Cavabdeh pulu olmadığı üçün əvəzində mülkiyyətində olan “KİA SORENTO” markalı 99ST637 dövlət nömrə nişanlı avtomobili ona təklif etsə də, faktiki olaraq iddiaçının mülkiyyətinə verməmiş, iddiaçı 2016cı il istehsalı olan avtomobilin 40000 manat dəyəri olmadığını bildirmiş və əlavə cavabdeh tərəfindən ona 15000 manat ödəniləcəyinə dair razılığa gəlmişdirlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan avtomobilə dair 1 il müddətinə iddiaçıya sərəncamvermə hüququ ilə etibarnamə vermişdir. Hazırda həmin etibarnamənin etibarlılıq müddəti başa çatsa da, cavabdeh yenidən etibarnamə verməkdən imtina etmişdir. Cavabdeh faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, mənzilin dəyərini iddiaçıya ödəməmiş, əksinə iddiaçının mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Nəticədə İddiaçı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə tərəflərin verdiyi izahatlardan da görünür ki, iddiaçının daşınmaz əmlakdakı payı ilə bağlı aralarında məhz onun satılıb alınması ilə bağlı razılığa gəlmişlər. Razılaşmanın “bağışlama” müqaviləsi kimi rəsmiləşdirilməsi isə cavabdeh tərəfindən pul ödəmə imkanının olmaması ilə bağlı olmuşdur. Əslində iddiaçının cavabdehi “zənginləşdirmək” məqsədi olmamışdır və belə niyyətin olduğunu güman etmək sağlam məntiqə də ziddir. Qətnamə qəbul edilərkən və iddia rədd edilərkən məhkəmə yanlış qənaətə gəlmişdir ki, “iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının əsaslarından hər hansı birinin işin faktiki halları ilə uzlaşmadığından, təqdim edilmiş sübutlar mübahisələndirilən müqavilənin etibarsızlığına dəlalət etmədiyindən əsassızdır. Müqavilə etibarsız hesab edilmədiyi halda isə çıxarışın ləğv edilməsi əsassızdır”. Tərəflər arasındakı əqdin açıq-aydın birtərəfli deyil, ikitərəfli olduğu, yəni iddiaçı tərəfindən əmlakın cavabdehə əvəzli olaraq verildiyi şübhə doğurmur. Ona görə də tərəflər arasındakı “bağışlama” müqaviləsinin yalan, yəni əhəmiyyətsiz əqd olduğu, onun digər əqdi - alğı-satqını pərdələmək məqsədilə bağlandığı aydındır. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Çünkü daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən alıcı satıcıya aldığı daşınmaz əmlakın dəyərini bilavasitə notariat orqanında ödəməli olduğu halda bunu etməmiş və belə bir imkanı və niyyəti də olmamışdır. Cavabdeh aralarında məhz alğı-satqıya dair razılığa gəldiklərini məhkəmədə də təsdiq etmişdir. Cavabdeh hətta real olaraq aldığı daşınmaz əmlakın dəyərini ödəmək məqsədilə mülkiyyətində olan avtomobili nəinki əvəzsiz olaraq iddiaçıya verməmiş, əksinə ona dair yalnız etibarnamə verməklə kifayətlənmişdir ki, sonradan onun etibarlılığ müddəti xx.xx.2024-cü il tarixdə başa çatsa da hətta etibarnamənin müddətini belə artırmaqdan boyun qaçırmışdır. Qeyd edilmişdir ki, apellyasiya şikayətinə baxılarkən cavabdehin bu hərəkətlərinə cinayət mühakimə icraatı qaydasında qiymət verilməsi üçün məhkəmə xüsusi qərardad qəbul etməklə ədalətin bərpa edilməsinə yönəlmiş hərəkətlər edəcəkdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı ilə 2017-ci ildə nikahı pozulub və 2018-ci ildə əmlak bölünməsinə baxmayaraq, uşaqların tam ailədə böyüməsi üçün birlikdə yaşamağa qərar vermişdirlər. O, 2023-cü ilin fevral ayında bundan sonra onların bir yerdə yaşamaqlarının mümkün ola bilməyəcəyini demişdir. O, İddiaçı ona düşən əmlak payını 40000 AZN-ə mənə satmağı təlkif etmiş, o isə əvəzində cavabdehə məxsus KİA SORENTO minik avtomobilini 40000 AZN əvəzinə götürəcəyini və avtomobilin ona hal-hazırda daha faydalı olacağını bildirmişdir. Çünki İddiaçı Sumqayıt və Bakı şəhərində kosmetoloq işləyir, həmçinin ona lazım olan kosmeteloji dərman və ləvazimatları Bakı şəhərinin müxtəlif yerlərindən əldə edir və bu səbəbdən o, avtomobili seçmişdir. Əlavə olaraq 15000 AZN İddiaçı ödəcəyini vəd verməmişdir, bu yanlış məlumatdır, ona görə ki, avtomobil və əlavə 15000 AZN birlikdə təqribi 53000-55000 AZN edir. O buna ümumiyyətlə razı olmazdı, bu təqdirdə alğı-satqını nağd bank vasitəsilə və ya İddiaçı razı olmadıqda isə məhkəməyə müraciət edərdi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən evin qiymətləndirilməsi həyata keçirilmişdir və mənzilin real bazar dəyəri 28 fevral 2023-cü il tarixinə 80000 AZN civarında qiymətləndirilmişdir. KİA SORENTO minik avtomobilin buraxılış ili 2016-cı il, 7 yerlik, multiopsiyalı və 38000-40000 AZN civarında dəyərləndirilirdi. Hal-hazırda Turbo.az saytında həmin qiymətə mövcuddur. Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət edib məsələni onlara izah etmişdirlər. Onlar da izah etmişdirlər ki, alğı-satqı nağd pulla, bank vasitəsilə olmalıdır, nağd pul olmadığına görə məsləhət görülmüşdür ki, İddiaçı Sumqayıt şəhəri 13-cü mikrarayon ev 05, mənzil 50-də yerləşən (1/2 hissə, 34.5 kv/m) əmlak payını ona bağışlasın. Onlar da qərara gəlmişdirlər ki, bu üsulla etsinlər, əgər əlavə hər hansı məbləğ olsaydı çox güman ki, onun üçün də bir saziş imzalayardılar. Saziş yoxdur, çünki aralarında o razılaşma olmamışdır. xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi imzalanandan sonra Sumqayıt şəhər X18 İdarəsinin qeydiyyat şöbəsinə müraciət etmişdirlər ki, avtomobili İddiaçı adına qeydiyyata alınsın. Qeydiyyat şöbəsində dedilər ki, alğı-satqı nəğd pulla bank vasitəsi ilə həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər 3 saylı Notariat ofisinə yenə müraciət etmiş, onlara məsləhət görmüşdürlər ki, bu təqdirdə ümumi (general) etibarnamə ilə İddiaçı avtomobili etibar edə bilər və 1 il ərzində etibarnamə üzrə aşağıdakı səlahiyyətlər mövcuddur (qeydiyata salmaq və çıxarmaq, idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, ərizə vermək və digər hərəkətlər). O, ümumi (general) etibarnaməni imzalamışdır. Ümumi (general) etibarnamənin müddəti başa çatdıqda, yəni 02 mart 2024cü il tarixində İddiaçı Birləşmiş X12 şəhərində səfərdə idi. O, səfərdən gələndən sonra cavabdeh İddiaçı ümumi (general) etibarnaməni yeniləmək və yaxud öz adını keçirməyi dəfələrlə məsləhət görmüş o, isə əvəzində bunun onun əlində məhkəmə işi üçün şikayət predmeti olacağını söyləmişdir. Ümumi (general) etibarnamə qüvvədən düşmüş idi və iddiaçı avtomobili istifadə edirdi. xx.xx.2024-cü il tarixində o, iddiaçı Tağıyev Sonaya 3 aylıq avtomobili idarə etmək üçün daha sonra xx.xx.2024-cü il tarixində 1 illik etibarnamə imzalamışdır. Ona görə ki, hər hansı bir qəza törədib, avtomobili etibarnaməsiz idarə edəcəyindən və məsuliyyətin bir tərəfdən onun cavabdeh olacağından ehtiyyat edirdi və bu 1 il ərzində dəfələlə avtomobili öz adına qeydiyyata almağı məsləhət görmüşdür. 2023cü ilin aprel ayından bu günə qədər Kia Sorento minik avtomobilini İddiaçı özü idarə edir. O, dəfələrlə avtoqəza keçirmiş və zədələdiyi avtomobillər X18 qeydiyyatında mövcüddur, həmçinin bəzilərinin DYP əməkdaşı gəlmədən zədələdiyi avtomobil sahibinə pul verərək yerində həll etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası.

21. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (...)

24. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (...) 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (...)

26. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

27. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

28. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

29. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

30. Maddə 667. Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 667.2. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. 667.3. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

31. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

32. Maddə 673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. KMQ28 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

42. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. İşə baxmış birinci instansiya məhkəməsi iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.

44. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı üçün mülkiyyət payı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5, 50 saylı mənzil üzrə ½ hissədə mülkiyyət payını Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlandıqdan sonra, iddiaçı cavabdehin təqdim etdiyi avtomobili sərəncamına qəbul edərək, hazırda da sərəncamında saxlayır və istifadə edir, bu halda onu göstərir ki, cavabdeh tərəfindən heç bir zorakılıq və ya hədələmə tətbiq edilmədən iddiaçı özü könüllü olaraq iradə ifadəsini bildirərək cavabdehlə müqavilə bağlamışdır.

45. Kollegiya qeyd edir ki, əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır. Həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.

46. İddiaçı göstərir ki, 2023-cü ilin fevral ayında mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmiş və mənzilin real bazar dəyəri 80000 manat civarında müəyyən edilmişdir. Cavabdeh pulu olmadığı üçün əvəzində mülkiyyətində olan “KİA SORENTO” markalı 99ST637 dövlət nömrə nişanlı avtomobili ona təklif etsə də, faktiki olaraq onun mülkiyyətinə verməmiş, o, 2016-cı il istehsalı olan avtomobilin 40000 manat dəyəri olmadığını bildirmiş və əlavə cavabdeh tərəfindən ona 15000 manat ödəniləcəyinə dair razılığa gəlmişdirlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan avtomobilə dair 1 il müddətinə ona sərəncamvermə hüququ ilə etibarnamə vermişdir. Hazırda həmin etibarnamənin etibarlılıq müddəti başa çatsa da, cavabdeh yenidən etibarnamə verməkdən imtina etmişdir. Cavabdeh faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, mənzilin dəyərini iddiaçıya ödəməmiş, əksinə iddiaçının mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

47. Göründüyü kimi tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında bağlanmışdır. İddiaçı mənzildəki payının əvəzinə ona adı çəkilən avtomobilin və əlavə olaraq 15000 manat pul vəsaitinin verilməli olduğunu göstərmişdir. Cavabdeh isə iddiaçıya mənzildəki payının əvəzinə həmin avtomobili verdiyini, 15000 manatla bağlı heç vaxt razılaşmalarının olmadığını bildirmişdir. Onun iddiaçını aldatmaq niyyəti olmamış, əksinə bağışlama müqaviləsindən 3 gün sonra iddiaçıya avtomobilə dair bütün sərəncam hüququnu etibarnamə əsasında vermişdir. Belə ki, o, avtomobilin hər zaman iddiaçının mülkiyyətinə keçməsinə razı olmuş, lakin o, müvafiq rüsumları ödəmədiyi üçün avtomobili mülkiyyətinə keçirməmişdir. O, hər zaman avtomobilin iddiaçının mülkiyyətinə keçirilməsinə razıdır.

48. İşin hallarından görünür ki, mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi iddiaçının azadlığı olmuşdur və o, həmin müqaviləni məhz məcburetmə (hədə-qorxu) ilə bağladığını sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

49. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

50. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı müqavilə bağladıqdan sonra cavabdeh tərəfindən ona 15000 (on beş min) manat ödəniləcəyi barədə razılığa gəldiklərini qeyd etsə də, tərəflər arasında bağlanmış müqavilədə bağışlamanın hər hansı öhdəlik şərtlərindən aslı edilməsi göstərilməmişdir. Eyni zamanda məqsədyönlü danışıqlarla mənzili bağışlamağa vadar edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

51. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir.

52. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Mübahisələndirilən bağışlama müqaviləsi Mülki Məcəllənin müddəalarına və tərəflərin iradə ifadələrinə uyğun olaraq həyata keçirilmiş və müqavilənin etibarsız hesab edilməsi üçün isə əsaslar yoxdur.

53. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

54. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

55. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

56. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları sübuta yetirilmədiyindən, müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

59. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-5184/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5184/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar