Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-497/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(012)-442/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Podratçı "xxxx" MTK və sifarişçi X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 026/0028 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binasının blok 2, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilini hər kv.m-i 480 manat olmaqla, cəmi 36528 manata almışdır.
2. Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, Zakir İbrahimov və MTK arasında xx.xx.2008-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində mənzil 26, blok 2, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş, MTK-ya borcu qalmamışdır.
3. Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, X4 ilə MTK arasında xx.xx.2010-cu il tarixdə müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuş, payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən MTK-ya məxsus yaşayış kompleksində mənzil 26, blok 2, sahəsi 76.1 kv.m olan 28 saylı mənzili almış, mənzilin ümumi dəyərini tamamilə ödəmiş, MTK-ya borcu qalmamışdır.
4. Podratçı "xxxx" MTK və sifarişçi X4 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 026/0028 saylı müqavilənin surətindən görünür ki, sifarişçi Abşeron rayonu, Masazır qəsəbəsi, 26 saylı yaşayış binasının, blok 2, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m olan mənzilini hər kv.m-i 480 manat olmaqla, cəmi 36528 manata almışdır.
5. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 796 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MTK-nın rəhbərliyi və vətəndaşın ünvanladığı müraciətdə Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən istismara qəbul olunmuş 26 saylı üç girişli beşmərtəbəli kooperativ yaşayış binasının 28-ci mənzilində X1 adına verilmiş orderin ləğv edilməsi və həmçinin, mənzilə İddiaçı adına order verilməsi xahiş olunmuş, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 2 otaqlı, ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan blok 2, mərtəbə 1, 28 saylı mənzilə İddiaçı 1 nəfər olmaqla öz adına orderin yazılması, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 079 saylı sərəncamı ilə təsdiq edilmiş X1 adına verilmiş 26 saylı evin, 28 saylı mənzilinin orderinin ləğv edilməsi qərara alınmışdır.
6. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 3008 saylı orderin surətindən görünür ki, İddiaçı Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 26, ümumi sahəsi 76.1 kv.m, yaşayış sahəsi 48.1 kv.m, köməkçi sahəsi 28 kv.m olan, blok İİ, 1-ci mərtəbədə 2 otaqlı yaşayış sahəsinə yiyələnmək hüququ vardır.
7. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən də, MTK-ya məxsus yaşayış kompleksində inşa olunan bina 26, blok 2, mərtəbə 1, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilin ümumi dəyərini tamamilə ödəmiş və MTK-ya borcu yoxdur.
8. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, 223 saylı protokolundan görünür ki, İddiaçı ərizə ilə MTK-ya müraciət edərək onun kooperativ üzvlüyünə qəbul edilməsini xahiş etmiş, İddiaçı MTK-ya qəbul edilməsi və ona MTK-nın Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, bina 26, mərtəbə 1, ümumi sahəsi 66.6 kv.m olan 2 otaqlı, 28 saylı mənzilin verilməsi, çıxarışa 1 nəfər olmaqla İddiaçı daxil edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 60.4 kv.m olan 28 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 321 saylı reyestr kitabının, 81 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19-05325-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MTK-dan müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 10.205 manat, artıq ödənilmiş kommunal xərclər üçün 650 manat olmaqla, ümumilikdə, 10.855 manat pul vəsaiti və 122 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində texniki yanlışlığa yol verilərək Abşeron Rayon İcra Hakimiyyətinin “maraqlı üçüncü şəxs” qismində deyil, “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” qismində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
12. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada çatışmayan mənzil sahəsi üçün 6750 manat, artıq ödənilmiş kommunal xərclər üçün 350 manat olmaqla, ümumilikdə, cəmi 7100 manat pul və 122 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə "xxxx" MTK-dan Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən 26 saylı evin, 28 saylı mənzilini almışdır. Mənzili alarkən sənədlərdə mənzilin ümumi sahəsi 76.1 kv.m qeyd edilmişdir. Bununla bağlı ondan müvafiq müqavilə alınaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 796 nömrəli sərəncamına əsasən xx.xx.2013-cü il tarixli, 3008 nömrəli order təqdim edilmişdir. 2022-ci ilin may ayında həmin mənzilə dövlət Reyestrindən çıxarış almaq üçün ona "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 223 nömrəli maliyyə arayışı və MTK üzvlərinin ümumi iclas protokolundan çıxarış təqdim edilmişdir. Maliyyə arayışında və protokolda mənzilin ümumi sahəsinin 66.6 kv.m olmasına etirazını bildirəndə bunun mənzilin daxili sahəsi ilə düzgün olduğu və dövlət reyestrindən çıxarış verilərkən ümumi sahənin 76.1 kv.m olacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair çıxarış və texniki pasport aldıqdan sonra məlum olmuşdur ki, mənzilin ümumi sahəsi daha da az, yəni 60.4 kv.m-dir. Yəni, hardasa ölçülər arasında fərq 15.7 kv.m-dir. Bundan başqa, 9 il ərzində mənzilin kommunal xərcləri (istilik təchizatı ödənişləri daxil) 76.1 kv.m sahə üçün hesablanmış və o, bu məbləğləri vaxtında və tam ödəmiş, hazırda da, heç bir borcu yoxdur. Həmin mənzilin olduğu ərazidə 1 kv.m təmirsiz mənzil sahəsi orta bazar qiyməti ilə 650 manat təşkil edir. Mənzilin sahəsi sənədlərdə az qeyd edilməklə cavabdeh təşkilatlar ona ziyan vurmuş və bu ziyan onlardan tutularaq qaytarılmalıdır.
14. Birinci instansiya məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyinə əsasən, mübahisəli mənzilin ümumi sahəsi 67.1 kv.m müəyyən olunmuşdur.
15. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(012)-442/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmiş və aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pulun İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisəli 28 saylı mənzilin ölçülərinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb-hesablanmadığını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1961 saylı rəyi ilə mənzilin ümumi sahəsinin 67.1 kv.m müəyyən olunmuşdur. İddiaçıya müqavilə ilə satılmış mənzilin sahəsi 76.1 kv.m, Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, 60.4 kv.m, ekspert rəyinə əsasən isə 67.1 kv.m müəyyən olunmuşdur. Göstərilən ziddiyyətlərin yaranması İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləğinə təsir etdiyindən və qeyd olunan hal iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaitinin məhkəmə qaydasında geri qaytarılmasını tələb etmək hüququnu yaratsa da tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia rədd edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 385.1, 389.1, 405.1, 442, 448.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 54.1, 54.2, 107, 119.1, 124.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hesab edirik ki, cavabdeh tərəfin mənzilə dair sənədləşdirmədə MTK tərəfindən səhvlərin edilməsinin etiraf edilməsi də, özü-özlüyündə MTK-nın hüquqi şəxs olaraq işçilərinin iddiaçıya vurduğu ziyana görə mülki məsuliyyətini yaradır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzillə bağlı müqavilələr, iclas protokolları, maliyyə arayışları cavabdeh təşkilat tərəfindən rəsmiləşdirilmişdir. Mənzilin MTK tərəfindən bir neçə nəfərə satılması barədə sənədlər iş materiallarına əlavə edilmişdir. İddiaçı da mənzilin MTK-dan alıcılarından biri olmuşdur. Məhkəmənin isə müqavilənin İddiaçı və X5 arasında olması barədə nəticəyə gəlməsi əsassızdır. Mülki Məcəllənin 448.1-448.4-cü maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən maddənin mənasından görünür ki, hazırki iş üzrə cavabdeh təşkilatlar mənzilin sahəsində qüsurların olmasını bilsələr də, iş üzrə sənədləşdirməni aparsalar da, iddiaçıya bu barədə məlumat verməmişlər, nəticədə iddiaçı zərər çəkmişdir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi etiraf etmişdir ki, MTK-nın hazırladığı sənədlərdə səhvlərə yol verilmişdir. İş materiallarında olan digər müqavilələrdən də görünür ki, MTK-dan mənzil əldə edənlər ümumi sahəsi 76.1 kv.m. olan mənzil üçün 480 manatdan ödənişlər etmişlər. Məhkəmə bir il sürən və bir neçə dəfə təxirə salınmış məhkəmə hazırlıq iclaslarından sonra qətnamədə qeyd edir ki, “iddia tələbi həmin tələbə cavab verməli olmayan şəxslərə qarşı verildiyindən iddia tələbləri əsaslı deyil, ona görə də təmin edilməməlidir. Halbuki, MPM-in 167.1-ci maddəsinə görə hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olmasıməsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Bu normanın tələbinə görə hakim təqdim edilmiş sənədlər əsasında əsl olmayan təfəin əvəz edilməsi məsələsini hazırlıq iclasında həll etməli idi. MPM-nin 265.4-ci maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İş materiallarından, məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsinin ifadəsindən müəyyən edilmişdir ki, MTK-lar tərəfindən mübahisəli mənzilin sahəsi ilə bağlı müxtəlif ziddiyətli sənədlər mövcuddur. Bu hal vətəndaşların aldadılması üçün istifadə edilməsi ehtimalını yaradır. Məhz bu sənədlərə görə İddiaçı mənzilə görə artıq ödənişlər etmişdir. Hesab edir ki, məhkəmə bu cinayət xarakterli halların araşdırılması üçün xüsusi qərardad çıxararaq prokurorluq oraqnına göndərməli olsa da, göndərməmişdir. Mülki Prosessual Məcəllənin 54.1 və 54.2-ci maddələrinə əssən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hesab edir ki, 54.1-ci maddənin ikinci cümləsinin məhkəmə qətnaməsində qəsdən qeyd edilməmiş və tətbiq edilməmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticəyə görə güya cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında izahat verərək iddianın onlara qarşı yox X2 verilməli olduğu müəyyən edildiyindən iddia düzgün cavabdehə qarşı irəli sürülmədiyi qənaətinə gəldiyini qeyd edir. Belə olan halda məhkəmənin qənaətinə görə əsl cavabdehin kim olduğu məhkəmə baxışı icasında müəyyən edilmişdir. Halbuki, məhkəmə baxışı iclasında iddiaçı tərəf olaraq şifahi vəsatət verilərək X1 da işə cavabdeh qismində cəlb edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən artıq gec olduğu bildirilərək vəsatət təmin edilməmişdir. Bundan bir daha görünür ki, məhkəmə iş üzrə iddiaçıya qarşı qərəzli mövqe tutmuş, cavabdehləri məsuliyyətdən yayındırmağa çalışmışdır. Əgər iddia düzgün cavabdehə qarşı verilməmişdirsə MPM-nin 54.1-ci maddəsinin ikinci cümləsinin və 54.2-ci ci maddəsinin tətbiqindən yayınmaqla iddiaçının hüquqların pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Vəkil2 yazılı etirazı daxil olmuşdur.
21. Etirazda qeyd olunur ki, şikayətdə göstərilən dəlillər işin faktiki hallarına və məhkəmə təcrübəsinə uyğun deyil. Əvvəla, birinci instansiya məhkəməsinin araşdırmasından da məlum olur ki, iddiaçının cavabdeh saydığı MTK-lar heç bir qanunsuz hərəkətlərə yol verməmiş, nə başqa vətəndaşların, nə də iddiaçının iddia etdiyi hüquqlarını pozmamışlar. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı cavabdehlə hər hansı müqavilə bağlamamış, əksinə, iddiaçıya qədər mübahisə obyekti olan əmlak barəsində bağlanmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmişdir (xüsusilə, iddiaçıdan başqa həmin MTK-larla başqa şəxslərin mübahisəsinin olmadığı bunu təsdiq edir. Digər tərəfdən, MTK-ların iddiaçıya qədər bağladığı podrat müqaviləsində həmin mənzilin ümumi sahəsinin 76.1 kv.metr göstərilməsi cavabdehin nümayəndəsinin də birinci instansiya məhkəməsində göstərdiyi kimi – divaraltı sahələrin nəzərə alınmamasından irəli gəlmişdir. Lakin, qeyd etmək lazımdır ki, həmin vaxt MTKların bağladığı podrat müqaviləsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvədə olmadığı 2012-ci ilədək bağlanmışdır. Həmin Məcəllənin isə, “Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının ...yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır” norması ilə çıxış edən 59.3-cü maddəsinin tələbləri hazırki iş üzrə MTK-ların bağladığı podrat müqaviləsinə şamil olunmurdu. Yəni, həmin normanın qüvvədə olmadığı 2012-ci ilədək ara divarlarının yerləşdiyi sahələr hesablandığından podrat müqaviləsində bu mənzilin sahəsinin 76.1 kvadrat metr göstərilməsi həmin dövrdə qanun pozuntusu sayılmırdı. Hazırki iş üzrə isə, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertiza rəyinin nəticəsinə əsasən mənzilin ümumi sahəsi 67.1 kv.metr olmuşdur. İddia tərəfinin də iddia tələbini azaltması həmin kvadraturanın işin mübahisə olunmayan tərəfinin olmasını göstərir. Bununla da məlum olur ki, MTK-nın 2008-ci ildə həmin mənzil barəsində bağladığı podrat müqaviləsində göstərdiyi 76.1 kv.metr ilə 67.1 kv.metr arasında olan 9 kv.metr fərq cavabdehin nümayəndəsinin də birinci instansiya məhkəməsində göstərdiyi kimi – divaraltı sahələrə aid ola bilərdi. İkincisi, iddiaçının iddia tələbini məhkəmə təcrübəsi ilə araşdırsaq görərik ki, hətta fərz etsək ki, iddiaçı ilə MTK arasında 2013-cü ildə podrat və ya alqı-satqı müqaviləsi olmuşdur, onda yenə də məlum olur ki, iddiaçı iddia müddətini ötürmüşdür (yəni, iddiaçının məhz 2022-ci ildə müvafiq çıxarış alandan sonra hüquqlarının pozulmasını bilməsi barədə mövqe aşağıda qeyd olunan analoji məhkəmə təcrübəsinə əsasən əsassızdır). Xüsusilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-627/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərarının 27-ci bəndində hesab etmişdir ki, “hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış sahəsi hələ 2008-ci il tarixdə faktiki olaraq iddiaçıya təhvil verilmiş, sonuncu, mənzil üzərində müstəqil sahibliyə və istifadəyə malik olmuş, 2008-ci ildə mənzildə təmir işlərinə başlamış, 2011-ci ildə təmir tam başa çatmışdır. Bu hal isə özlüyündə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu anlamına gəlir.” Sonra da qeyd olunur ki, “Belə olan halda isə iddiaçının məhz müvafiq çıxarış alandan sonra (2018ci ildə) hüquqlarının pozulmasını bilməsi barədə mövqe əsassız olmaqla, işin halları ilə uzlaşmır.” Göründüyü kimi, bu mövqe Bakı Apellyasiya Məhkəməsinə məxsus olsa da, Ali Məhkəmə həmin Qərarının 71 və 72-ci bəndlərində apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, həmin qərarın 15-ci bəndinə əsasən tərəflərin münasibətlərinə “daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq olunması” rəyinə gəlinmiş, birinci instansiya bu müddətin ötürülməməsi mövqeyində olsa da, apellyasiya instansiyası ötürüldüyünü qət etmiş, ali məhkəmə də bununla razılaşmışdır. Eləcə də həmin Ali Məhkəmə qərarının mövqeyindən məlum olur ki, tərəflər arasında podrat müqaviləsinin əmlakın ümumi sahəsinə dair razılaşması nəinki müqavilənin bağlanması, həmçinin də müqavilə şərtlərinin xüsusiyyətlərindən də irəli gəlir (hazırki iş üzrə isə tərəflər arasında heç bir müqavilə bağlanmadığından, belə şərtlərin razılaşmasından ümumiyyətlə söhbət belə gedə bilməz).
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativi nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
26. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
29. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 567. Alğı-satqı müqaviləsi
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 752. Podrat müqaviləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)
34. Maddə 766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
35. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
37. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya baxışının hədləri
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 saylı maliyyə arayışı, xx.xx.2022-ci il tarixli, 223 saylı protokoldan çıxarış, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 96 saylı sərəncamı, xx.xx.2013-cü il tarixli, 3008 saylı order əsasında iddiaçının mübahisəli Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 26 saylı evin, ümumi sahəsi 76.1 kv.m olan 28 saylı mənzilinə sahiblik hüququ tanınmış olsa da, sözügedən mənzilə dair MTK və İddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışı və MTK üzvlərinin ümumi iclas protokolundan çıxarış isə iddiaçıya çıxarış almaq üçün təqdim edilmişdir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, 2022-ci ilin may ayında həmin mənzilə dövlət reyestrindən çıxarış almaq üçün ona "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 223 nömrəli maliyyə arayışı və MTK üzvlərinin ümumi iclas protokolundan çıxarış təqdim edilmişdir. Maliyyə arayışında və protokolda mənzilin ümumi sahəsinin 66.6 kv.m olmasına etirazını bildirəndə bunun mənzilin daxili sahəsi ilə düzgün olduğu və dövlət reyestrindən çıxarış verilərkən ümumi sahənin 76.1 kv.m olacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair çıxarış və texniki pasport aldıqdan sonra məlum olmuşdur ki, mənzilin ümumi sahəsi daha da az, yəni 60.4 kv.m-dir.
45. Məhkəmə iclasında tədqiqi olunmuş sübutlarla müəyyən olunur ki, mübahisəli mənzilin iddiaçıdan əvvəlki sonuncu sahibi X5 olmuşdur. Mənzil iddiaçı tərəfindən 2013-cü il tarixdə əldə edilmişdir. İddiaçı onunla X5 arasında müqavilə olmadığına əsaslansa da, cavabdehlərlə müqavilə bağladığını, mənzilə görə nə qədər pul vəsaiti ödədiyini də sübuta yetirə bilməmişdir. Bu ödəmənin mənzilin 1 kv.m-nə görə, yoxsa mənzilin mövcud vəziyyətinin bəyənilərək ödədiyini göstərən mötəbər sübut növü məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında və protokoldan çıxarışda isə mənzilin sahəsi 66,6 kv.m göstərilmişdir.
46. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatına dair Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1961 nömrəli rəydən görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi 26 saylı evin 28 saylı mənzilinin faktiki vəziyyətdə sahəsinin “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin, eləcə də “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası”nın xx.xx.2012-ci il tarixli 7 saylı Qərarının 2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla 67,1 m2 (50 m2 yaşayış 17,1 m2 yardımçı) olduğu müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış müqavilə üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə mövcud olmadığı halda mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanaraq onun dəyərinin cavabdehlərdən tutulması əsassız olardı. Çünki, tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində həll edilməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mənzilin hesablaşma sahəsi ilə bağlı mühüm şərti nəzərdə tutan öhdəliklə bağlı hər hansı müqavilə, razılaşma, saziş və s. olmadığından, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələbləri yalnız mübahisəli mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alına bilər.
49. Digər tərəfdən, mübahisəli mənzillə bağlı digər şəxslərlə "xxxx" MTK ilə bağlanmış yuxarıda adı çəkilən müqavilələrdə mənzilin sahəsinin oxdan-oxa və ya sütunların, divaraltı sahələrin həmin sahəyə aid edilib-edilməməsi, mənzilin təmir və tikinti işləri nəticəsində işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsinin podratçının ziyanına qiymətləndiriləcəyi kimi şərtlər nəzərdə tutulmamışdır.
50. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
51. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
52. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
53. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara müqayisəli halda qiymət verərək hesab edir ki, cavabdehlər iddiaçı qarşısında mövcud mübahisə üzrə öhdəlik daşımadığından, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
55. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsi tərəfindən hüquq və vəzifələri barədə bildirişlə tanış edildiyindən və məhkəmədə vəkillə təmsil olunduğundan, cavabdehi seçmək iddiaçının müstəsna hüququ olduğundan, həmin dəlil qətnamənin ləğvi üçün əsas deyildir. Eyni zamanda, birinci instansiya məhkəməsində məhkəmə iclaslarının audio və video yazıları aparılaraq elektron daşıyıcıya köçürülməklə iş materiallarına əlavə edildiyindən və apellyantın protokola dair verilmiş qeydlərinə baxılmaması işin nəticəsini dəyişən və ya iş üzrə düzgün olmayan nəticəyə gəlinməsi üçün səbəb olmadığından, bu dəlillər də qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.
56. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
57. Həmçinin, məhkəmə hazırkı işə baxarkən cinayət əlamətləri aşkara çıxmadığından xüsusi qərardad çıxarılması ilə bağlı vəsatəti təmin etmir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(012)-442/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, e-2(012)-442/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.