Məhkəmə qərarları › İş №2(105)-499/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-499/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-499/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdeh “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1807/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1807/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdeh Şirinbalayeva (Nəcəfəliyeva) Məhəbbət Valeh qızına qarşı zaminliyə xitam verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialının qarşısında öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməkdən ötrü bağladığı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialından 60 aylıq 11217 ABŞ dolları kredit almışdır. Bununla bağlı Cavabdeh ilə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı arasında kredit sazişi bağlanmış, həmin sazişə əsasən cavabdeh illik 26 faiz ödəməlidir. Pul devalivasiya olunandan sonra cavabdeh kreditə görə faiz ödəməkdən boyun qaçırmış, bu günə kimi borclu qaldığı pulu ödəmir. Cavabdeh kredit alarkən o, zamin durmuş, onunla zaminlik müqaviləsi bağlanmışdır. Zamin durduğu üçün hazırda bank ondan cavabdehin əvəzinə kredit ödəməsini tələb edir və zaminlik müqaviləsinə əsasən onun Cavabdeh kreditoru qarşısında, yəni bank qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməyi üçün məsuliyyət daşıdığını bildirir. Onun ailəsi 5 nəfərdən ibarətdir, ailə üzvlərindən üçü tələbədir, ailədə tək işləyir, aylıq vəzifə maaşı 505 manatdır. Həmçinin o, başqa banklar qarşısında da kredit ödəmək üçün öhdəlik götürmüşdür. Belə ki, “Atabank” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialına 1379,07 manat, “Unibank” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialına 3122,7 manat borcu vardır. İki banka borclu kimi kredit ödədiyi halda, cavabdehin borcunu da bir zamin kimi ödəməyə onun imkan yoxdur. O, dəfələrlə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialına müraciət edərək ödəməli olduğu kreditin faiz məbləğini azaltmış olsalar, krediti çətinliklə də olsa ödəyə biləcəyini bildirmişdir. Lakin bank onunla razılaşmır. O isə bankın göstərdiyi qaydada krediti ödəyə bilmir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Məhkəmə qətnamədə onun iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyini göstərir. O, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından zaminliyə xitam verilməli idi. Məhkəmə isə zaminliyə xitam verməmişdir. Bu səbəbdən də məhkəmə maddi hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Onun himayəsində 3 övladı və həyat yoldaşı vardır, ailədə tək işləyir, aylıq vəzifə maaşı 505 manatdır. O, digər banklar qarşısında da kredit ödəmək üçün öhdəlik götürmüşdür və vəzifə maaşı 2 banka borclu kimi kredit ödədiyi halda, cavabdehin borcunu da bir zamin kimi ödəməyə imkan vermir. Qanuni qüvvəsini aldıqdan sonra onun hazırki qətnaməni icra etməyə imkanı olmayacaqdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Cavabdeh və ona qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və ondan müştərək qaydada 10895,89 ABŞ dolları əsas, 2219,34 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, onun əmək haqqından əvvəllər 50%, hazırda isə 20% tutulur. Onun başqa gəliri yoxdur, özünün iki banka borcu vardır. Həmçinin onun uşaqları tələbədir. Ona görə də iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “Bank of Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Şirinbalayeva (Nəcəfəliyeva) Məhəbbət Valeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, RF/38808/51/19 saylı kredit sazişindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 11217 ABŞ dolları məbləğində kredit verilmişdir, sazişi zamin kimi İddiaçı da imzalamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli, 2(105)-2458/2017 saylı qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(067)-1016/2016 saylı qətnaməsi ilə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Cavabdeh və İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və İddiaçı müştərək qaydada 10895,89 ABŞ dolları əsas, 2219,34 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmiş, həmin qətnamədən Şirinbalayeva (Nəcəfəliyeva) Məhəbbət Valeh qızının apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(067)-1016/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilmişdir ki, “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış xx xxx 2015-ci il tarixli, RF/38808/51/19 saylı kredit sazişinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 11217 ABŞ dolları məbləğində kredit verilmiş, sazişi zamin kimi İddiaçı da imzalamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(067)-1016/2016 saylı qətnaməsi ilə “Bank of Baku” açıq səhmdar cəmiyyətinin Cavabdeh və İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və İddiaçı müştərək qaydada 10895,89 ABŞ dolları əsas, 2219,34 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Bank of Baku” açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmiş, həmin qətnamədən Şirinbalayeva (Nəcəfəliyeva) Məhəbbət Valeh qızının apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli, 2(105)-2458/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(067)-1016/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə minimiş, icraya yönəldilmiş və icra sənədi üzrə tələb zamin kimi İddiaçı əmək haqqına yönəlmişdir. Azərbaycan Respublikası MM-nin 477-ci maddəsinə görə zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda halda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1807/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar