Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-500/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişlər) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 04 mart 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 436404 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında olan nikah pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 04 mart 2023-cü il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Mursaliyev, qadına Mursaliyeva soyadı verilmişdir.
2. Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 211 nömrəli məktubdan görünür ki, Cavabdeh1 mülkiyyətində 0.22 ha kənd təsərrüfatı torpaq sahəsi Novxanı kəndi, A.Pənah küçəsində yerləşir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1063 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 378 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
4. AA 049470 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən 0.1063 ha torpaq sahəsinin Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
5. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 avqust 2010-cu il tarixli, 1050 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh1 Novxanı kəndi ərazisində ona məxsus 0,106321 ha torpaq sahəsində ümumi sahəsi 511,38 kv.m olan zirzəmili iki mərtəbəli mansardlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 29 dekabr 2019cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra cavabdeh ilə aralarında mövcud olan ailə münasibətləri pozulduğundan iddiaçı 29 oktyabr 2022-ci il tarixdə həmin fərdi yaşayış evindən zorla çıxarılmışdır. İddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş və xx.xx.2022-ci il tarixdə isə cehiz əşyaları geri alınmışdır. Cavabdehlər iddiaçını 2022-ci ilin qış aylarından həmin fərdi yaşayış evindən qovmuşlar. Bu səbəbdən də iddiaçı məcbur olub ata evində indiyədək yaşamaqdadır. Himayəsində azyaşlı uşağı olmasına baxmayaraq, keçmiş həyat yoldaşı və qayınanası onu yaşadığı evə qayıtmasına imkan vermir. İddiaçının yaşamağa başqa yeri yoxdur. Novxanı Bələdiyyəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli, 211 saylı arayışdan görünür ki, Cavabdeh1 İsrail oğlunun mülkiyyətində 0,22 ha torpaq sahəsi Novxanı kəndi, A.Pənah küçəsində yerləşir. Yuxarıda adı çəkilən fərdi yaşayış evi, yəni iddiaçının gəlin köçərək yaşadığı ev həmin torpaq sahəsinin üzərində inşa edilmiş, lakin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Buna görə də cavabdehlərin bu qanunsuz hərəkətlərinə son qoyulmalı və iddiaçının Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin edilməlidir. Evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış heç bir şəxs tərəfindən əldə edilməmişdir. Odur ki, cavabdehlərin iddiaçını həmin evdən zorla çıxarması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının normasına, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən mənzildə yaşaması və onun qanunsuz olaraq cavabdehlər tərəfindən zorla çıxarılması halları iddiaçının həmin evə köçürülməsinə kifayət qədər əsas verir. Göstərilənlərə əsasən İddiaçı Novxanı kəndi, Aşıq Pənah küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elçin Kazımov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq onun evə köçürülməyini və orada yaşamağını mümkünsüz etməklə evdən istifadə hüququndan məhrum edir. O yaşadığım evdən istifadə və yaşamaq hüququndan məhrum olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmuşdur. Ev sahibiylə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Lakin hazırda mübahisəli ev üzərində yaşamaq və istifadə hüququm məhkəmə tərəfindən pozulmuş olub. Bu maddə tədbiq edilməklə evə köçürülmə iddia tələbi təmin olunmalıdır. Onun mübahisəli evdə istifadə hüququnun olmadığını və evdən öz istəyi ilə getməsini, təzyiqə məruz qalmamaqla evdən getməyi sübuta yetirilmədən məhkəmə bu məqamı araşdırmadan və cavabdehlər bunu sübuta yetirmədən iddia tələbi rədd edilmişdir. Mübahisəli mənzildən onun köçməyinin əsası olmuş və istifadə hüququnun olub-olmadığı məhkəmə tərəfindən araşdırılmadan və evdən könüllü çıxması haqqda səhv fikir formalaşdıraraq evə köçürülməsi tələbi rədd edilmişdir. Məhkəmə onun mübahisəli evdə yaşamağını, orada ev sahibləri ilə bərabər köçüb yaşadığı zamandan istifadə və yaşamaq hüququnun yarandığını və evə köçürülməsi, orada yaşamaq hüququnun olduğunu araşdırmamışdır. Məhkəmə işin həlli üçün mühüm əhəmiyyət kəsb edən halın aydınlaşdırmaması ilə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı nümayəndəsi X4 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etdikləri məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
15. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər.
16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
18. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
19. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsi tam həcmdə mübahisələndirmişdir.
31. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə 29 dekabr 2019cu ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı qayınatası Cavabdeh1a məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində qayınatası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Qeyd edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur və İddiaçı mübahisəli evi tərk etmişdir. Hal-hazırda iddiaçı mübahisəli evə köçürülməsinin xahiş edir.
34. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq qeyd edir ki, İddiaçı mübahisəli evin sahibi olan qayınatasına münasibətdə ailə üzvü deyildir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir... Yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.”
36. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
37. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
38. Şərh olunan işin hallarına və yuxarıda qeyd edilən hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2019-cu il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
39. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gəlin köçdüyü zaman evin sahibi olan qayınatasına münasibətdə ailə üzvü olmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, birinci instansiya məhkəməsi iddiaçının evə köçürülməsinə dair iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsassızdır və həmin dəlillər iddianın təmin edilməsi üçün qəbul oluna bilməz.
41. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(012)-3745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.