Məhkəmə qərarları › İş №2(105)-500/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-500/2025

13.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-500/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-322/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi ona məxsusdur. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seryalı ******* saylı çıxarışla qeydiyyata alınmışdır. Təxminən 2019-cu ildə sahəyə baş çəkən zaman ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən yarımtikili inşa olunduğunu müəyyən etmişdir. İddiaçı cavabdehə torpaq sahəsinə dair sənədləri təqdim edərək sahədə inşa edilmiş yarımtikilinin sökülməsini tələb etmişdir. Lakin cavabdeh haqlı tələbinin icrasından imtina etmişdir. Daha sonra torpaq sahəsinin özbaşına zəbt edilməsi ilə bağlı şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən şikayəti ilə bağlı 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Uzun müddətdir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin tikdirdiyi özbaşına tikili səbəbindən istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 220 manat hüquqi xidmətə görə xərcin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(012)-322/2024 saylı qətnaməsi ilə (hakim Elçin Kazımov) İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında 0.08 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat və hüquqi yardımın göstərilməsinə görə 220 (iki yüz iyirmi) manat xərc olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sökülməsi tələb edilən tikilinin yerləşdiyi Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin çıxarış hazırda qüvvədədir. Cavabdeh inşa etdiyi tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Bu fakt mütəxəssis və ekspert rəyləri ilə də təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında da cavabdehin etirafedici izahatı ilə də sübut olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki sökülməsi tələb edilən tikili məhz Cavabdeh tərəfindən tikilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13,60, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(012)-322/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona Abşeron rayonu, Qobu qəsəbəsinin inzibati ərazisindən 0.08 ha torpaq sahəsini Asif adlı şəxs tərəfindən satılmışdır. Ona satılmış torpaq sahəsinə dair Asif tərəfindən X2 adına olan sənədlər ona təqdim edilmişdir. Buna görə də həmin torpaq sahəsi üzərində 2 mərtəbəli altı otaqdan ibarət ev inşa etmişdir. Bundan sonra İddiaçı ona yaxınlaşaraq üzərində ev inşa etdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu, ona məxsus torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etdiyini bildirmişdir. Buna görə də Asif adlı şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Onun müraciəti əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma davam etdirilir. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçının təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmış, torpaq sahəsinə dair təqdim etdiyi sənədlər üzrə araşdırma aparılmamış, onun fərdi yaşayış evi inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına verilmiş çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı ətraflı və əlavə araşdırma aparılmamış, Asif tərəfindən X2 adına olan sənədlərdə göstərilən torpaq sahəsinin hazırda onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmiş, nəticədə 15.000 (on beş min) manat xərc çəkərək tikdiyi evin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı onun həmin tikilini tikməyi nəticəsində onun hüquqlarının pozulmasını sübut etməmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edir ki, iddia tələbi üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təmin edilməsi vacib olsa da, məhkəmə qeyd olunan zəruri prosessual hərəkətləri yerinə yetirməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən prosessual hüquq normasının tələbi pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən X1 torpaq sahəsini 2016-cı ildə alaraq orada ev tikdirmişdir. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi iddiaçıya məxsusdur. Bundan sonra Baş Prokurorluğa müraciət etmiş, 2023-cü ildə zərərçəkmiş şəxs kimi tanınmış, bu yaxınlarda işin gedişatı ilə bağlı məlumat almaq məqsədilə prokurorluğamüraciət etdikdə işin iki aydır ki, başqa müstəntiqə verildiyi bildmişdir. Eyni zamanda məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlamış, müraciətinə cavab məktubunda bələdiyyə tərəfindən verilmiş aktların ləğv olunduğu göstərilmişdir ki, həmin məktubu məhkəməyə təqdim etmişdir. Evi 2017-ci ildə tikdirmiş, evin üzəri örtülməmişdir. Evi tikldiyi zaman iddiaçı gəlib torpağın ona məxsus olduğunu bildirmiş, tikintinin dayandırılmasını tələb etmişdir. O, da tikintini dayandrmışdır. Sənədləşmə ilə birlikdə torpağa 10000 manat pul vermiş, tikintiyə isə 5000 manat xərci çıxmışdır. Torpaq sahəsini etibarnamə əsasında Ramindən almışdır. İddiaçıya torpaq sahəsinın ayrılmasına dair Bələdiyyə tərəfindən verilmiş qərar ləğv edilmişdir. Tikiliyə çəkdiyi xərcə görə iddiaçı 4000 manat verdiyi halda onunla razılaşa bilər. Eyni zamanda zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə işin yekunlaşması ilə bağlı hazırki işin dayandırılmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsinə dair adına çıxarış almış, torpaq sahəsinin mülkiyyətində olduğunu təsdiq edən kifayət qədər sübutlar vardır, çıxarışı alana qədər torpaq sahəsinin planı, bələdiyyə aktı və digər bütün sənədlər qaydasında olmuşdur. Bələdiyyə aktının ləğv olunmasından xəbəri yoxdur. Ona məxsus olan torpaq sahəsinin sağ, sol və yuxarı hissələrində evlər tikilmiş, aşağı hissəsi isə boş olmuşdur. Bəzən gedib torpağa baxış keçirmişdir. 2019-cu ildə torpağa baxış keçirərkən torpaq sahəsində evin inşa edildiyini görmüş, araşdırmış və məlum olmuşdur ki, həmin tikilini cavabdeh inşa etdirmişdir. Cavabdehə torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, o isə tikintini dayandırmışdır. Əvvəllər imkanı olduğundan barışıq üçün cavabdehin çəkdiyi xərcə görə 2000 manat təklif etmişdir. Lakin, cavabdeh razılaşmamışdır. Hazırda isə maddi imkanı olmadığından cavabdehin çəkdiyi xərclər üçün hər hansı bir məbləğ təklif edə bilmir. Buna görə də tikilinin sökülərək torpağının boşaldılmasını xahiş edir.

İşdə olan sübutlar

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

13. AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan tikilinin koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir.

15. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 20 iyun 2024-cü il tarixli, 3- 16-16/210/3333 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/24953/24 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh faktiki istifadəsində olan tikilinin koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-322/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi yarımçıq tikilidən ibarət ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, cavabdeh hər hansı bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmişdir. İddiaçının hərəkətlərində isə cavabdehin onun torpaq sahəsində ev inşa etməsi ilə bağlı hər hansı hüquqdan sui-istifadə etməsi halı müəyyən edilməişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinə dair təqdim etdiyi sənədlər üzrə və tikilimiş fərdi yaşayış evinin həmin torpaq sahəs ilə üstüstə düşüb-düşməməsi ilə bağlı ətraflı araşdırma aparılmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, əvvəla cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt Regional Ədliyyə İdarəsinin 19 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin ləğv təklifinə əsasən Qobu Bələdiyyəsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə X4 və İddiaçı torpaq sahəsinin ayrılmasına dair qərarların ləğv edildiyi bildirilmişdir. Yəni, cavabdehin özünün hüquqməyyənedici sənədlər qismində məhkəməyə təqdim etdiyi, X4 torpaq ayırlmasına dair Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli qərarının ləğv edildiyi iddia edilməkdədir. İddiaçıya da torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının ləğv edildiyi iddia edilsə də hazrıda qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, ona münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Digər tərəfdən isə iddiaçı aldığını iddia etdiyi torpaq sahəsinin koordinatlarına dair Qobu Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış adlı sənəd təqdim etmişdir ki, həmin sənəddə qeyd olunan torpaq sahəsinin x və y koordinatları ilə, iddiaçıya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA 053625 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan x və y koordinatlarının fərqli olması müəyyən edilməkdədir. Ən əsası isə cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilməsi iş materiallarında olan mütəxəssis və ekspert rəyi ilə təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası iş üzrə ekspertiza təyin etməklə əlavə araşdırma aparılmasını lüzümsuz hesab etmişdir.

24. Bundan başqa cavabdeh torpaq sahəsinin ona satılması ilə bağlı aldadılması, buna görə də cinayət işinin başlanılaraq istintaqının aparıldığını və iş üzrə zərəçəkmiş qismində tanındığını bildirib, bunun təsdiqi qismində zərərçəkmiş qismində tanınmaya dair məhkəməyə müvafiq qərarı təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qeyd edilən fakta görə işin icraatının dayandırılmasının prosessual əsası müəyyən edilməmişdir. Hərçənd ki, cavabdeh qeyd olunan cinayət işi üzrə zərərçəkmiş qismində tanındığı və təqsirlilik müəyyən edildiyi halda həmin icraat çərçivəsində də zərərini tələb etmək hüququna malik olmaqla yanaşı, həmin hadisənin hazırkı mübahisəyə hər hansı bir aidiyyətinin olması da müəyyən edilmir.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar