Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-503/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(074)-276/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(074)-276/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka edilən qəsdlərə cavabdehlər tərəfindən son qoyulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X8 tərəfindən əmlaka edilən qəsdlərə son qoyulması, onların həyətində İddiaçı məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağaclarının çıxarılaraq başqa yerə köçürülməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 804 manat maddi ziyanın əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X3 həyətində ona məxsus evin arxasında əkilmiş 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının kəsilməsi və cavabdehlər tərəfindən əmlakına edilən qəsdlərə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun Əngəxaran kəndində yaşayır, cavabdehlərlə qonşudur. Əngəxaran kəndində yerləşən ev onun adınadır. O, Moskva şəhərində yaşayır, arada kəndə gəlib-gedir, hazırda həmin evdə qardaşı Balaməmməd Cəbrayılov yaşayır. Ona məxsus ev 2000-ci ildə tikilmişdir. Ev tikiləndən sonra cavabdehlər evin arxasından 20-30 sm məsafədə ağaclar əkmişlər. Dəfələrlə buna iradını bildirərək ağacları çıxarıb, bir az aralıda əkmələrini xahiş etmiş, heç bir nəticəsi olmamış, gələcəkdə evə nə isə maneçiliyi olarsa, onda kəsəcəklərini bildirmişlər. Qonşuluq münasibətlərinə görə buna dözməyə məcbur olmuşdur. Hazırda ağaclar böyümüş, budaqları evin üstünə çıxmışdır. Ağacların yarpaqları onun evinin novçalarına dolur və su axıb evin bünövrəsinə tökülür. Ağacın kökləri isə evinin divarını çatlatmışdır. Dəfələrlə ağacları kəsməsini tələb etsə də, cavabdehlər hər il bu ağaclardan çoxlu qoz yığdıqlarını deyərək xoşu gəlmirsə, evini söküb aralıda tikməsini bildirirlər. Cavabdehlərin hərəkətləri nəticəsində evinin arxa divarında çatlar əmələ gəlmiş, evin oboyları, parketi qopararaq yararsız hala düşmüş, evin arxa hissəsində döşəmə çökmüşdür və bunların bərpası üçün azı 2000 manat xərc tələb olunur. Evin arxa divarında böyük çatlar əmələ gəlmişdir. Cavabdehlər evin arxasına keçib çatlamış divara suvaq çəkdirməyə, qoz ağacının evin üstünə keçən bir budağını belə qoparıb atmağa imkan imkan vermir, dava-dalaş salırlar. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə ilə müraciət edərək cavabdehlərin həyətində ona məxsus evin arxasında əkilmiş 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsi və cavabdeh tərəfindən əmlakına edilən qəsdlərə son qoyulması, ona dəymiş 2000 manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq ona verilməsi və evin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin guya mövcud bazar qiymətlərinə uyğun olaraq 804,0 manat məbləğində olduğunu, ekspert rəyi ilə evinin zədələnməsi ilə bağlı guya iddiaçıya 804 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş ekspertin zərərin miqdarının müəyyən edilməsində zəruri biliyə malik olmasını və işin nəticəsində guya maraqlarının olmamasını nəzərə alaraq həmin rəylə razılaşmış və evin divarında çatların əmələ gəlməsi də daxil olmaqla, evin zədələnməsi ilə bağlı iddiaçıya təmir bərpa xərci olaraq 804 manat maddi zərər dəydiyini işin hallarına əsassız olaraq uyğun saymışdır. Məhkəmə onun mülkiyyətçi olmaması, həyətdəki bir-iki ağacı atasının əkməsi, ata və anasının vəfat etməsi, iddia tələbinin ona qarşı düzgün irəli sürülməməsi barədə bildirdiklərini nəzərə almamış, mərhum valideynlərindən qalan mirasın onun tərəfindən qəbul edildiyindən, ağacların onun atası tərəfindən əkilib-əkilməməsindən asılı olmayaraq, iddianın mirası qəbul etmiş vərəsə olaraq onlara qarşı düzgün irəli sürülməsi nəticəsinə gəlmişdir. Nə o, nə də qardaşı heç bir notariusda atalarından miras qalan həmin mülkü vərəsə kimi qəbul etməmişlər. Bundan başqa, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halı guya sübut edə bilməmişdi. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmuu halında qiymət verərək hesab etmişdir ki, onlar tərəfindən iddiaçının əmlakına edilən qəsdlərə son qoyulmalı, onların həyətində iddiaçıya məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağacı çıxarılaraq başqa yerə köçürülməli, maddi zərərin əvəzi üzrə onlardan birgə qaydada 804 manat alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, 8 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının iddiaçıya məxsus evin zədələnməsinə səbəb olması təsdiq edilmədiyindən, maddi zərərin əvəzi üzrə cavabdehlərdən birgə qaydada 804 manatın alınaraq iddiaçıya verilməsi ilə evinin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması xərci də iddiaçıya ödənildiyindən, iddia tələbi bu işlərin vəzifə olaraq onların üzərinə qoyulması və 8 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsi hissəsində təmin edilə bilməz. Bununla da məhkəmə əsassız olaraq iddianı qismən təmin edərək onlar tərəfindən əmlaka edilən qəsdlərə son qoyulması, onların həyətində İddiaçı məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağaclarının çıxarılaraq başqa yerə köçürülməsi, ondan və Cavabdeh2 müştərək qaydada 804 manat maddi ziyanın əvəzinin alınaraq İddiaçı verilməsi barədə əsassız və qərəzli qətnamə qəbul etmişdir. Həmin qətnamə hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Cavabdeh olaraq iddianı qəbul etmir, çünkü iddiaçının tələbi şər-böhtan xarakterlidir. Həmçinin, iddiaçı və atası X4 qeyri qanuni olaraq onların həyətinə girərək həyətdəki ağacların bir neçəsini kəsmişlər. Bununla bağlı həmin şəxslərə iradını bildirərək həyətindən qovmuşdur. X1 əlindəki balta ilə ona hədə-qorxu gələrək üstünə hücum çəkmişdir. O, rəsmi olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 43 saylı evin 27 saylı mənzilində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı məhkəməyə düzgün olmayan məlumat verərək MPM-nin 35-ci maddəsinə görə iddianın onun olduğu yerə görə verilməli olan halda, Şamaxı Rayon Məhkəməsinə vermişdir. Şamaxı rayonu Əngəxaran kəndində yerləşən ev X5nun adınadır. Atası 2019-ci ildə dünyasını dəyişmişdir. Mərhum X5 dünyasını dəyişəndən sonra onlar həmin mülkə vərəsəlik şəhadətnaməsi almamışlar. Həmçinin məhkəməyə təqdim edilən ekspert rəyi ilə də razı deyildirlər. Çünki ekspert əraziyə qısa baxış keçirib getmişdir. Ekspertiza işi ilə bağlı heç bir nümunə götürülməmiş, əraziyə baxış keçirilərkən heç bir sənəd yazılmamışdır. Bütün bu olanlarla əlaqədar Şamaxı Rayon Məhkəməsi əsassız və qərəzli bir qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbil edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. 24 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, Şamaxı rayonu Əngəxaran kəndində yaşayır. Həmin kənddə yerləşən ev X5nun adınadır. O, qonşuluqda yaşayır, atası 2019-cu ildə vəfat etmişdir. X5 vəfat edəndən sonra həmin evə o baxır, qardaşı Cavabdeh1 isə Bakı şəhərində yaşayır, lakin ata mülkinə tez-tez baş çəkir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı rayonlararası X7, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 04/1658 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən bir mərtəbəli, iki yaşayış otağından, 32,2 kv.metr yaşayış sahəsi, 118 kv.metr ümumi sahədən ibarət yaşayış evi İddiaçı adına 13 iyul 2005-ci il tarixdə 04 nömrəli reyestr kitabında 1658 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 02 sentyabr 2021-ci il tarixli, 10/1506 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən bir mərtəbəli, iki yaşayış otağından, 32,2 kv.metr yaşayış sahəsi, 118 kv.metr ümumi sahədən ibarət İddiaçı məxsus fərdi yaşayış evinin arxasında cavabdehin həyəti tərəfində əkilmiş qoz ağaclarının yarpaqları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyü boyunca gedən yağış sularının axıdılması üçün nəzərdə tutulmuş novalçanın işinə dolur. Bundan əlavə, qoz ağaclarına paralel yeriləşən divarda çatlar və sarımtıl ləkələr mövcuddur. Bu səbəbdən Dövlət şəhərsalma norma və qaydalarının, Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-in 6.12-ci bəndinə müvafiq olaraq, cavabdehin həyətyanı sahəsində olan həmin ağacların yerinin dəyişdirilməsi və iddiaçıya məxsus olan divardan kənarlaşdırılması zəruridir. Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mğvcud bazar qiymətlərinə uyğun olaraq 804,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində Cavabdeh1 aid hissədə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya iclasının 12.10.2001-ci il tarixli, 5 nömrəliqərarı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayiş məskənlərinin planlaşdirilmasi və tikilib abadlaşdirilmasi AzDTN 2.6 -1”-in 6.12-ci bəndinə əsasən bina və qurğulardan, həmçinin mühəndis avadanlığı obyektlərindən ağacın gövdəsinədək məsafə 5 metr müəyyən edilmişdir. İş üzrə ekspertiza keçirilərkən baxış zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında yerləşən cavabdehin həyətyanı sahəsində yeddi ədəd qoz acağı vardır, həmin qoz ağaclarının 4 ədədi divardan 0,90 metr məsafədə, 3 ədəd isə 0,70 metr məsafədə yerləşir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə tam təkzib edilir. Cavabdeh apellyasiya şikayətində atasından qalmış mirası qəbul etmədiyini, Şamaxı rayonu Əngəxaran kəndində deyil, Bakı şəhərində yaşadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində iddiaçı ilə aralarında hazırki məsələ ilə bağlı münaqişələr baş verdiyini göstərmiş, digər cavabdeh də qardaşı Cavabdeh1 ata mülkinə tez-tez baş çəkdiyini göstərmişdir. Cavabdeh apellyasiya şikayətində ünvan 1 ünvanında qeydiyyatda olduğundan hazırki işə Şamaxı Rayon Məhkəməsində baxılmalı olmamasını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin iş üzrə digər Cavabdeh2 Şamaxı rayonu Əngəxaran kəndində qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyətinə uyğun olaraq məhkəməyə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Digər cavabdeh qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində Cavabdeh1 aid hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(074)-276/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-503/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-503/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver