Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-504/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılması, mənzilə istifadə hüququna xitam verilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehər Cavabdeh1 İsbəndiyar qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İsbəndiyar qızının, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı «mənzilin boşaldılması və mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 İsbəndiyar qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızına və Cavabdeh5 qarşı «mənzilin özgənin qanunsuz sahibliyindən geri alınması və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilinin boşaldılması və cavabdehlər Cavabdeh1 İsbəndiyar qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızının və Cavabdeh5 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilinin boşaldılması, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzili Sumqayıt şəhəri X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə onun xüsusi mülkiyyətindədir. Cavabdehlər onun qohumlarıdır. Cavabdehlərin yaşamağa daimi yerləri olmadığı üçün müvəqqəti olaraq sonuncuların ona məxsus mənzildə yaşamalarına icazə vermişdir. Lakin sonra yaranmış zərurətlə əlaqədar onlardan mənzildən çıxmalarını dəfələrlə xahiş etsə də, bu heç bir nəticə verməmişdir. Hazırda mənzilinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi mülkiyyət hüquqlarını pozaraq, mülkiyyətində olan mənzilindən istifadəsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər mənzil sahəsini boşaltmaqdan imtina etmişdir və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 01 iyul 2001ci il tarixli 4ə-ç/185 reyestr saylı bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 14 saylı reyestr kitabında 8591 inventar işi nömrəsi ilə qeydiyyata alınmış və İddiaçı adına Sumqayıt şəhər DTİ və MHQİ tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir.
5. 18 saylı MKİS tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli 410 saylı 2 №-li forma üzrə arayışdakı məlumatlardan görünür ki, mənzilin sahibi İddiaçıdır. Cavabdehlər 2003, 2007, 2016, 2019-cu illərdə iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşməklə, şəxsiyyət vəsiqələri almışlar.
6. Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli göndəriş məktubu ilə məhkəməyə təqdim edilmiş X6 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2001-ci il tarixli Bağışlama Müqaviləsinə dair notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, ailə tərkibi Sadıxova Tahirədən ibarət olmaqla həmin ünvanda digər şəxslərin yaşaması barədə qeyd yoxdur.
7. 18 saylı MKS tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilə pasport qeydiyyatına düşmüş, qeydiyyata düşən gündən həmin ünvanda yaşayır. X3 xx.xx.2007-ci il tarixdə bu mənzilə pasport qeydiyyatına düşmüş, qeydiyyata düşən gündən həmin ünvanda yaşayır. Cavabdeh1 İsbəndiyar qızı mənzildə pasport qeydiyyatındadır, mənzildə yaşamır.
8. Azərsu ASC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmş arayışdan görünür ki, Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilə dair abonentin xx.xx.2000-ci ildən xx.xx.2021-ci il tarixədək istifadə olunan su və çirkab su xidmətinə görə borcu Cavabdeh2 adına ödənişi təmin olunmuşdur.
9. Azərsu ASC tərəfindən 13 aprel 2023-cü il tarixdə təqdim edilmş arayışdan görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzildə sayğac vasitəsi ilə ailə tərkibi bir nəfər olaraq su və çirkab su xidmətlərindən xx.xx.2002-ci il tarixdən istifadə edir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegyiasının xx.xx.2023-cü il tarixli, 2(105)-504/2023 nömrəli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsi qismən, yetkinlik yaşına çatmamış ailə üzvlərinə münasibətdə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində ləğv edilərək, həmin hissədə iddia baxılmamış saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızı və Cavabdeh5 yetkinlik yaşına çatmamış ailə üzvləri ilə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 İsbəndiyar qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İsbəndiyar qızından və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə mənzilindən istifadə hüququ verməmiş, cavabdehlərin istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Cavabdehlər mənzilə müvəqqəti buraxılmışlar. İddiaçının öz mülkiyyətində olan mənzildən zərurətlə bağlı çıxmaları tələbinə cavabdehlər məhəl qoymamış, mənzildən çıxaraq, boşaldıb iddiaçıya təhvil verməmişlər. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının razılığı ilə mülkiyyətində olan mənzildə müvəqqəti yaşayırlar. İddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlərin mənzilə istifadə hüquqları olmadığından, bu hissədə iddia təmin edilməməlidir, iddaçı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı inzibati orqana müraciət etməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 30-cu madənin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələri, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsassız olduğuna dair onların göstərdikləri sübut və dəlillərə düzgün qiymət verməmiş, mübahisəli mənzilə digər cavabdehlər olan uşaqları ilə birgə təxminən 2000-ci ilin ortalarında mənzilin keçmiş sahibi olan mərhum anasının razılığı ilə köçmüş, qanuni əsaslarla mənzildən istifadə hüquqlarının yarandığını, həmçinin mənzilə köçdükləri zaman mənzilin bərbad vəziyyətdə olduğunu və öz vəsaitləri hesabına təmir etdiklərini, anasının ondan xəbərsiz mənzili bacısına bağışladığını, bir nesə il sonra bundan xəbər tutduğunu, onların bu mənzildən başqa yaşayış yerlərinin olmadığını nəzərə almamışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Səyyad Qafari, Elman Əhmədov və Telman Məmmədov) 2(105)-3454/21 nömrəli, 15 dekabr 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
18. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2., 157.4, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
Kassasiya şikayəti və onun dəlilləri
19. Cavabdeh2 (vəkili X7) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr işə baxarkən tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin 2000-ci ilin sentyabr ayına qədər mövcud olmasına baxmayaraq həmin ilin sentyabr ayından sonra yaranmış münasibətlərə tətbiq olunan normalara istinad edərək hüquqi qiymət vermişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2022-ci il trixli Qərarı ilə (hakimlər Zaur Əliyev, Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3454/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr cavabdehlərin 2000-ci ilin ortalarından mənzildə yaşamalarına dair bildirdikləri halı iddiaçının mübahisə edib-etmədiyini lazımi qaydada aydınlaşdırmamış, bu barədə işdəki sübutları qiymətləndirməmiş, cavabdehlərin qanundan irəli gələn istifadə hüququna malik olub-olmamalarını maddi hüquq normaları əsasında yoxlamamış və yekun olaraq cavabdehlərin mənzil üzərindəki sahibliklərinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişlər.
23. Kassasiya instansiyası Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 158.1, 158.3, 158.4-cü, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.1, 217.3, 416.1, 416, 417 və 419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Apellyasiya icraatı iştirakçılarının izahatları
25. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Həmçinin göstərdi ki, o, anasının xahişi ilə uşaqları ilə birgə 2000-ci ilin yay aylarında bu mənzilə köçmüş, həmin vaxtdan bu mənzildə yaşayır, 2003-cü ildə isə pasport qeydiyyatına götürülmüşdür.
26. Daha sonra, 06 aprel 2023-cü il tarixli məhkəmə prosesində Cavabdeh2 bildirmişdir ki, 1980-ci ildə ailə qurub mübahisəli mənzildən köçüb getmişdir. O, yalnız 23 ildən sonra bu mənzilə qayıtmış və hazırda da orada yaşayır. Qızı Aygün 3 il olar ki, ailə quraraq mənzildə çıxıb gedib, Bakı şəhərində yaşayır. Qızı Lamiyə ailə qurub getsə də, bir müddət sonra qayıdıb gəlib və hazırda onunla yaşayır.
27. Cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh3 və Cavabdeh4 İsbəndiyar qızı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.
28. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
29. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlərin 2000-ci ilin ortalarından mübahisəli mənzildə yaşamaları barədə göstərdikləri doğru deyil, bu barədə göstərilənləri qəbul etmir, cavabdehlər təxminən 2005-ci ildən həmin mənzildə yaşayırlar. Əvvəllər isə Bahar xanım anasının yanına gəlib-getmişlər, sonra, yəni təxminən 2005-ci ildə iddiaçının razılığı ilə mənzildə müvəqqəti yaşamalarına icazə verilmişdir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf qətnamənin təmin olunmuş hissədə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququna istinad edərək cavabdehlərin yaşayış sahəsindən çıxarılmasını tələb edir. Cavabdehlər isə 2000-ci ilin ortalarından mənzildə yaşadıqlarını və hüquq qazandıqlarını bildirərək iddiaya etiraz edirlər. Cavabdehlərin həmin mənzildə yaşamaları işin mübahisəsiz halıdır.
36. Apellyasiya şikayətindən göründüyü kimi apellyatorlar tərəfindən məhkəmə qətnaməsi iddanın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Yəni apellyatorlar olan iş üzrə cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının yaranmaması ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini mübahisələndirməmiş, həmin hissədə şikayət verməmişlər. Bununla da belə bir nəticəyə gəlmək olar ki, cavabdehlər birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışlar.
37. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən qeyd olunan hissədə məhkəmə qətnaməsi mübahisələndirlməsə də, hazırkı halda işin düzgün həlli üçün mənzilə istifadə hüququnun mövcudluğuna qiymət verilməsinə zərurət vardır.
38. Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli qərar).
39. Göründüyü kimi məhkəmə kollegiyasının yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğu ilə bağlı halların araşdırılmasına dair mövqeyi Konstitutsiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə, habelə kassasiya məhkəməsinin göstərişlərinə uyğundur.
40. Apellyatorlar tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi - onların mənzildən çıxarılmaları və mənzilin boşaldılması ilə bağılıdır.
41. Qeyd edildiyi kimi cavabdehlərin həmin mənzildə yaşamaları işin mübahisəsiz halı olmaqla, mənzildə yaşamalarının qanuni olub-olmamasına, yəni istifadə etmənin qanuni əsaslarla olub-olmamasına hüquqi qiymət verilməlidir.
42. Cavabdehlər mənzillə bağlı münasibətlərinin 2000-ci ilin ortalarından yarandığını iddia edirlər.
43. Bu halda məhkəmə kollegiyası 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları baxımından işin hallarını müzakirə edir və yaşayış sahəsindən istifadə etmək hüququnun mahiyyətinin araşdırılması ilə bağlı aşağıda şərh olunanları qeyd edir:
44. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
45. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».
46. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.
47. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
48. Maddənin məzmunundan göründüyü kimi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Başqa sözlə desək istifadə hüququnun yaranmasının elementi kimi çıxış edən faktor «köçürülmə» faktıdır.
49. Cavabdehlər mübahisəli mənzildə 2000-ci ilin ortalarından yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin (iddiaçı Kəmalə və Cavabdeh2ların anası Faizə Sadıxovanın) razılığı əsasında yaşadıqlarını bildirmişlər. Etirazın əsası olaraq – Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı, həmin MKİS-in əməkdaşının və sakinlərin tərtib etdikləri xx.xx.2021-ci il tarixli akt, Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara istinad edilmişdir.
50. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və qeyd edir: Birinci - Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı yalnız mənzilə şəxslərin pasport qeydiyyatına götürülməsi tarixini göstərməklə cavabdehlərin həmin mənzildən 2000-ci ilin ortalarından istifadə etmələri ilə bağlı halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. İkinci - MKİS-in əməkdaşının və sakinlərin tərtib etdikləri xx.xx.2021-ci il tarixli aktı MPM-nin 88-ci maddəsinin tələbinə əsasən obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq məhkəmə kollegyiası hesab edir ki, bu sənəd iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, məhkəmə kollegiyasının qənaətincə Aktda əks olunmuş məlumatlar MPM-nin 76-cı maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hesab oluna bilməz. Aktın tərtibin iştirak edən şəxslərə bilə-bilə yalan məlumat verilməsi ilə bağlı cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməmişdir. Üçüncü - Azərsu ASC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli arayışa gəldikdə isə bu arayış xx.xx.2000-ci ildən xx.xx.2021-ci il tarixədək istifadə olunan su və çirkab su xidmətinə görə borcun Cavabdeh2 tərəfindən ödənildiyini göstərməklə, Cavabdeh2 özünün qeyd etdiyi kimi 2000-ci ilin ortalarından mübahisəli mənzildə yaşaması və istifadə etməsi nəticəsinə gəlməyə birmənalı əsas vermir. Belə ki, Cavabdeh2 sonradan da əvvəlki illər üçün yaranmış borcun ödənişini həyata keçirə bilərdi. Bu xüsusat Azərsu ASC tərəfindən 13 aprel 2023-cü il tarixdə verilmiş arayışla da təsdiq olunur. Həmin arayışda göstərilmişdir ki, Cavabdeh2 Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzildə sayğac vasitəsi ilə ailə tərkibi bir nəfər olaraq su və çirkab su xidmətlərindən xx.xx.2002-ci il tarixdən istifadə edir. Dördüncü - məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 məhkəmə araşdırması zamanı ziddiyyətli, bir-birini təkzib edən fikirlər söyləyərək ilk öncə 2000-ci ilin yay aylarında bu mənzilə köçdüyünü bildirsə də, daha sonra, 1980-ci ildə ailə qurub mübahisəli mənzildən köçüb getdiyini, 23 ildən sonra bu mənzilə qayıtdığını və hazırda da orada yaşadığını demişdir. Göründüyü kimi cavabdeh 23 il sonra (1980+23=2003) mənzilə qayıtdığını bildirməklə, həmin yaşayış sahəsinə 2003-cü ildə köçdüklərini etiraf etmişdir.
51. Məhkəmə hesab edir ki, apellyator şikayətin dəlillərini əsaslandırdığı hallarla bağlı əsaslı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edə bilmədi.
52. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Sübutetmə vəzifəsinin bölgüsü baxımından etirazı əsaslandığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin sözügedən mənzildə 2000-ci ilin ortalarından mülkiyyətçinin razılığı əsasında və ailə üzvü kimi köçərək orada yaşamaları məhkəmə aradışması zamanı öz təsdiqini tapmamışdır.
55. Məhkəmə kollegiyası işdəki sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında mənzillə bağlı münasibətlərin 2001-ci ildən sonra yaranması barədə iddiaçı tərəfin dəlilləri daha inandırıcı və işin həqiqi hallarına uyğundur. Həmin dəlili təkzib edən heç bir sübut müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilməsi qanuni və əsaslıdır.
56. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
57. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
59. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdehlərin həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma olmadığından, cavabdehlərin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun tanınması üçün hüquqi əsas yaranmamışdır.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlərin şikayəti əsassızdır, cavabdehlərin mənzil üzərindəki sahibliklərinin qanuni əsası yoxdur. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(060)-5325/2021 nömrəli qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh1 İsbəndiyar qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.