Məhkəmə qərarları › İş №2(105)-505/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-505/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-505/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi1 maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon Şöbəsini qeyd etməklə iş stajı barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ərizəsinə dair iş üzrə (Açar sözlər: iş stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Ərizəçi1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi1 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Siyəzən Rayon İcra Hakimiyyəti Siyəzən rayon Dövlət Arxivinin Ərizəçi1 ünvanladığı 20 fevral 2019-cu il tarixli, 19 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə idarəsinin Siyəzən İstehsalat sexi heç bir il üçün sənədlərini arxivə təhvil vermədiyindən Ərizəçi1 hər hansı bir məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi "Siyəzənneft” Neft və Qaz çıxarma idarəsi tərəfindən verilmiş 27 noyabr 2012-ci il tarixli, 22 saylı arayışdan görünür ki, Ərizəçi1 15 fevral 1973-cü il tarixdə 87 saylı əmrə əsasən “Siyəzənneft” Neft və Qaz çıxarma İdarəsinin QƏYTS-ə 3-cü dərəcəli qazma köməkçisi vəzifəsinə qəbul olunmuş, 27 aprel 1973-cü il tarixli, 225 saylı əmrə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 17 iyul 1975-ci il tarixli, 691 saylı əmrlə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən “Siyəzənneft” Neft və Qaz çıxarma İdarəsinin QƏYTS-ə 3-cü dərəcəli qazma köməkçisi işinə bərpa edilmişdir. Ərizəçi1 09 mart 1977-ci il tarixdə 142 saylı əmrə əsasən Siyəzənneft” Neft və Qaz çıxarma İdarəsinin QƏYTS-dən 2-ci dərəcəli operator əzifəsindən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Siyəzən rayon X7 Hissəsi tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli, 37/f-028 saylı arayışdan görünür ki, həqiqətən Ərizəçi1 tikinti mühəndisi vəzifəsində işlədiyi “28 May” kolxozunun inzibati binasında 1994-cü ildə baş ermiş yanğınla əlaqədar ona məxsus əmək kitabçası yanaraq məhv olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi anında DSMF-nin Siyəzən rayon şöbəsi tərəfindən Ərizəçi1 ünvanlanmış 15 fevral 2019-cu il tarixli, **********0 saylı məktubdan görünür ki, təqdim edilmiş sənədlərlə pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan oensiya təminatına əsas vermədiyi və həmçinin, sığorta stajı 25 ildən az olduğu üçün Eyvaz Səmədova yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olmaması izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 mart 2023-cü il tarixli, №3-21-3/2-2811/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023cü il tarixli, 3-35/2-1321/2023 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 550 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin bazasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi yaradılmışdır. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 471 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş və onun funksiyaları Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1339 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023cü il tarixli, 3-35/2-1649/2023 nömrəli məktubundan görünür ki, Komitənin arxivində Ərizəçi1 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyil. X4 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 20 mart 1978-ci ildən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexi 3-cü sahədə betonçu işinə qəbul edilmiş, 11 aprel 1990-cı ildə isə öz xahişi ilə işdən azad edilmişdir. X3 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 29 noyabr 1978-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən İstehsalat sexi 1-ci sahədə armaturçu işinə qəbul edilmiş, 20 aprel 1980-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 16 avqust 1982-ci ildə yenidən həmin müəssisənin 2-ci sahəsində fəhlə işinə qəbul edilmiş, daha sonra dülgər və qəlibçi işləmiş, 13 avqust 1990- cı ildə isə adı Respublika Sənaye İstismar Birliyi Kommunal Təsərrüfatına çevrilmiş müəssisəyə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Ərizəçi1 maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon Şöbəsini qeyd etməklə iş stajı qismində hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə tələbə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə idarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, 16 fevral 1973-cü il tarixli, 87 saylı əmrə əsasən “Siyəzənneft” NQÇ-nin QƏYTS-ə 3-cü dərəcəli qazma köməkçisi vəzifəsinə qəbul olunsa da, 27 aprel 1973-cü il tarixli, 225 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 17 iyul 1975-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra, 18 iyul 1975-ci il tarixli, 691 saylı əmrə əsasən yenidən öz əvvəlki iş yerinə, yəni, “Siyəzənneft” NQÇ-nin QƏYTS-in 3 saylı sahəsinə 3-cü dərəcəli qazma köməkçisi vəzifəsinə bərpa edilmişdir. 14 mart 1977-ci il tarixdə 142 saylı əmrlə “Siyəzənneft” NQÇ-nin QƏYTS-də 2-ci dərəcəli operator vəzifəsindən öz xahişi ilə azad edilmişdir. Bundan sonra, həmin tarixdən 1990-cı ilədək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən İstehsalat sexinə işə qəbul edilərək əvvəlcə dülgər, sonra betonçu kimi işləmişdir. Lakin, 1994-cü ildə tikinti mühəndisi vəzifəsində işlədiyi “28 May” kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı ona məxsus əmək kitabçası yanaraq məhv olmuşdur. Siyəzən rayon dövlət arxivinə həmin illərin arxiv çıxarışı üçün müraciət etsə də, cavabında ona heç bir il üçün həmin müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir. Onun pensiya yaşı artıq tamam olsa da, lazım olan iş stajını ondan asılı olmayan səbəblər üzündən toplaya bilmir. Buna görə də həmin iş stajının təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin illər ərzində onunla bir müəssisədə çalışmış bir neçə nəfər işçi şahid qismində bu faktları təsdiq edə bilər. Həmin şəxslərdən bir müddət sonra işdən çıxdığı üçün lazımi qeydlər ona məxsus əmək kitabçasında aparılmamışdır. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi ilə Ərizəçi1 ərizəsinin təmin edilməsi, Ərizəçi1 Qurban oğlunun 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə idarəsinin Siyəzən İstehsalat sexində işləməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, ödənilmiş 15 manat dövlət rüsumu Ərizəçi1 özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamışdır. Göründüyü kimi, ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF- nin Siyəzən rayon şöbəsi tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina üçün gətirilən əsaslar ərizəçinin bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Ərizəçi1 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin istehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsini təsdiq edən hüquq müəyyənedici sənədlər mövcud olmadığına, yəni, işlədiyi təşkilat, müəssisənin balasında illər üzrə olan sənədlər arxivə təhvil verilmədiyinə görə bu faktın başqa qaydada təsdiq edilməsi mümkün olmamışdır. Ərizəçinin əmək fəaliyyətinə dair qeydin hüquq müəyyənedici sənədlərdə aparılmaması onun iradəsindən asılı olmamış, obyektiv səbəbdən baş vermişdir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə, Azərbaycan Respublikasının MPM-in 307, 307.2.11 və 308-ci maddələrinə istinad etmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək ,onun ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiya hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən ediliri. Həmin Qanunun şərtlərinə görə kişilər 64 yaş olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququ vardır. Məhkəmə qərarla Ərizəçi1 Qəhraman oğlunun 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsini təsdiq edib. Məhkəmə qərarında təsdiq olunan stajdan da görünür ki, vətəndaşın əmək pensiyasın çıxmaq üçün tələb olunan 25 il sosial sığorta stajı yoxdur. Ərizəçi1 Qəhraman oğlu qeyd olunan illərdən başqa xx.xx.1973 - xx.xx.1973, xx.xx.1975 - xx.xx.1977-ci illərdə “Siyəzənneft” NQÇİ-də işləməsi barədə bizə arayışlar təqdim etmişdir. Lakin vətəndaş iddia ərizəsində ancaq 14 mart 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi hüquqi əhəmiyyətli faktın qəbul edilməsinə dair qətnamə qəbul etməsinə məhkəmədən xahiş etmişdir. Halbu ki, qeyd edilən dövrlərdə əmək kitabçasında qeyd olunmadığı üçün iddia ərizəsinə onlarıda əlavə etməli idi. Vətəndaşın qalan iş stajları əmək kitabçasında öz əksini tapması kimi arqumentlərlə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin apellyasiya şikayəti təmin edilmiş, Siyəzən rayon məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Siyəzən rayon şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4138/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 iyun 2022-ci il tarixli qərarı ilə Ərizəçi1 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Əlavə kassasiya qaydasında icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6(k)/2022 saylı 30 sentyabr 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(102)-1826/2020 nömrəli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)- 4138/2019 nömrəli qətnaməsinin ləğv eidlməsi və işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar və etirazlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi1 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək,etirazın dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarı Bənd.1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bənd 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə görə Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətini və onun dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Ərizəçi1 1984-1990-cı il iyul ayına kimi olan dövrdə qeyd olunan idarədə işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsində ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki,qeyd olunmalıdır ki, ərizəçinin hazırki mülki iş ürzə iddia tələbi 1977-ci ilin mart ayından 1990-cı ilin iyul ayınadək olan dövr üzrə Azərbaycan SSRİ Mənzil-Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 550 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfat Nazirliyinin bazasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi yaradılmış, xx.xx.2011-ci il tarixdə isə müvafiq Fərman əsasında həmin Komitə ləğv edilərək, onun səlahiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmiş, xx.xx.2006-cı il tarixdə isə müvafiq Sərəncam əsasında həmin Komitə ləğv edilərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsala və Arxitektura Komitəsinin Arxivində Ərizəçi1 1977-ci ilin mart ayından 1983-cü il daxil olmaqla, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işlədiyi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir, əmək müqaviləsi və əmək kitabçası arxivdə mövcud deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə ərizəçinin tələb etdiyi işlədiyi dövrdən 1977-ci ilin mart ayından 1983-cü il də daxil olmaqla olan dövrə aid arxiv sənədləri mövcud olduğundan müvafiq məhkəmə qərardadı ilə iddia tələbi 1977-ci il mart ayından 1983cü il daxil olmaqla iş satjına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin, qeyd olunmalıdır ki, ərizəçi məhkəmə iclasında 1983-cü ildən sonrakı dövrlərdə başqa idarələrdə işlədiyini qeyd edərək, bununla bağlı yazılı vəsatət də təqdim edərək, 1983-cü ildən sonrakı dövrlərdə başqa yerdə işləməsi halını təsdiq etmişdir, hansı ki həmin başqa işlərdə işləməsinə dair faktın müəyyən edilməsinə dair indiki halda tələbi olmamış, başqa sözlə, qeyd olunan hallar hazırki mülki iş üzrə iddia tələbinin predmeti qismində çıxış etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki ,ərizəçi özü məhkəmə iclasında verdiyi izahatında 1984-cü il-1990-ci illərdə iddia tələbində qeyd edilən idarədə deyil, başqa idarələrdə və peşələrdə işlədiyini bildirmiş, hətta bununla bağlı məhkəməyə təqdim etdiyi yazılı vəsatətində də qeyd etmişdir. Göründüyü kimi, ərizəçinin iddia tələbində qeyd olunmuş idarədə 1984- 1990-cı illərdə işləməməsi, başqa idarələrdə işləməsi halı aşkar olmaqla, həm iddiaçının öz izahatı, təqdim etdiyi yazılı vəsatəti, həm də iş materiallarında olan digər sübutlar (Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində 1977 mart-1983-cü illərdə işləməsi halına dair arxiv sənədləri) məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbindən kənara çıxma halı yolverilməz olduğundan və qətnamə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxarıldığından, indiki halda isə iddia tələbi yalnız ərizəçinin Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olduğundan, iddiaçının isə mübahisə predmeti olan 1984- 1990-cı il iyul aylarına diar dövrdə həmin idarədə işləməməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal aşkar oluğundan, iddia tələbi həmin hissədə əlavə araşdırma və qiymətləndirmə aparılmadan, təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün işin faktiki halları aydınlaşdırılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul edilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin “Ərizəçi1 1984-1990-cı il iyul ayına kimi olan dövrdə qeyd olunan idarədə işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsində ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunduğundan, ərizənin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-185/2019 nömrəli qətnaməsi iddia tələbinin “Ərizəçi1 1984-1990-cı il iyul ayına kimi olan dövrdə Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat Sexində işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” hissəsində ləğv edilsin, bu hissədə iş üzrə yeni qətnamə çıxarılsın, həmin hissədə iddia tələbi təmin edilməsin. Ərizənin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar