Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-508/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və s.” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(067)- 55/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən özbaşına olaraq istifadə etdiyi 0.20 ha torpaq sahəsini istifadəsinə qaytarmaqla, zərərin əvəzi olaraq cavabdehdən 15.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN 0090 saylı, 30219078 kodlu Dövlət Aktına müvafiq olaraq onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müzəffər-oba kəndi ərazisində 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi iki hissədən ibarətdir. Torpaq sahəsinin 1.0 ha hissəsini xx.xx.2006-cı ildə digər vətəndaşa satmışdır. Qalan 0.20 ha hissəsini cavabdeh öz başına olaraq özünə məxsus torpaq sahəsinə birləşdirərək istifadə edir. Dəfələrlə torpaq sahəsini istifadəsinə qaytarmağını xahiş və tələb etdikdə, cavabdeh nəinki torpağını qaytarmamış, əksinə torpağı geri tələb etdiyinə görə təhqir edir. Qeyd olunan 0.20 ha torpaq sahəsindən hər il orta hesabla 1000 manat gəlir götürə bilərdi ki, 15 il ərzində həmin mənfəət əlindən çıxmışdır. Cavabdeh götürə bilməyəcəyi mənfəətin dəyəri olan 15.000 manat pulu ona qaytarmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(067)-55/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə iddia tələbi qismən təmin olunaraq ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan) 1,20 ha torpaq sahəsinin 0.0654 ha hissəsinin Cavabdeh istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun yarısı, yəni 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(067)-55/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,20 ha torpaq sahəsinin istifadəsinə qaytarmaqla zərərin əvəzi olaraq 15 000 manat pulun və 100 manat dövlət rüsumunun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(067)-55/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində olan 1,20 ha torpaq sahəsinin 0,0654 ha hissəsinin onun istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə qayratılması qət edilmişdir. Qətnamə ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə ona və övladarına Xaçmaz rayonu Müşkür kəndi ərazisində əmlak payı olaraq 0,72 ha torpaq sahəsi verilmişdir və bu torpağa mülkiyyət hüququ JN-368 saylı dövlət aktı ilə tanınır. Xaçmaz Rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsi ilə JN-368 saylı dövlət aktına əsasən onlara məxsus torpaq sahəsinin göstərilən plan-cizgilər daxilində ölçülərək ona təhvil verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinə bir vəzifə olaraq tapşırılması qət edilmişdir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçı dəfələrlə ona qarşı eyni predmet və eyni mübahisə üzrə iddialar qaldırmış və bir nəticəyə müvəffəq ola bilməmişdir. İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin heç bir əlaqəsi yoxdur. Çünki, iddiaçının iddia etdiyi torpaq sahəsi Xaçmaz rayonu Müzəffər-oba kəndində yerləşirsə, ona məxsus torpaq sahəsi isə Xaçmaz rayonu Müşkür kəndində yerləşir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə əsassız olaraq onun mülkiyyətində olan torpaq sahəsini iddiaçıya məxsus torpaq sahəsi kimi qiymətləndirmişdir. Məhkəmə təkcə ekspert rəyinə əsaslanmaqla iddiaçının torpaq sahəsinin onun istifadəsində olması qənaətinə gəlmiş, bu zaman torpaq sahələrinin fərqli ərazidə yerləşməsinə diqqət yetirməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə cavabdehin təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, onun sübutlarını mötəbər saymamış, tərəflərin bərabərliyini pozaraq cavabdehin təqdim etdiyi sübutları onun təqdim etdiyi sübutlardan üstün tutmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi 24 avqust 2023-cü il tarixli rəyi torpaq sahəsinə baxış keçirilmədən 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyinə istinad etməklə verilmişdir. Bu isə rəyin mötəbər olmamasına dəlalət edir. Çünki, Məhkəmə Ekspertiza Mərkəzində elektron baza məlumatları olmadığından mütəxəssis rəyini təkrarlamaqla rəy verilib. Hazırda mütəxəssis rəyini və onun əsasında yazılmış ekspert rəyini qanuni və əsaslı saymır. Müstəqil mütəxəssis rəyinin və onun əsasında ekspertiza rəyinin alınması zərurəti yaranmışdır. AR Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Odur ki, iş üzrə müstəqil mütəxəssis cəlb edilməklə və rəyi alınmaqla təkrar ekspertizanın keçirilməsi zərurəti olduğu halda məhkəmə bunu etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0090 saylı, 30219078 kodlu Dövlət Aktından müəyyən olunur ki, iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarına uyğun olaraq Xaçmaz rayon Müzəffər-oba kəndi ərazisində 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın AN-1№ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, torpaq sahəsinin 1.0 ha hissəsi xx.xx.2006-cı ildə digər vətəndaş X1. İş materiallarında olan Məhdudiyyət (yüklülük) haqqında Arayışdan müəyyən olunur ki, Xaçmaz rayon Müzəffər-oba kəndində yerləşən JN 0090 Kod 30219078 qeydiyyat nömrəli xx.xx.1999-cu il tarixli Dövlət aktı əsasında İddiaçı mülkiyyətdə olan 1.20 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumat Xaçmaz rayon Ərazi İdarəsində qeydə alınmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3682 saylı rəyindən müəyyən olunur ki: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN-0090 saylı 30219078 kodlu dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində olan 1,20 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi (sxem əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN-Q090 saylı 30219078 kodlu dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində (qanuni istifadəsində) olan 1,20 ha torpaq sahəsindən, Cavabdeh tərəfindən 0.0654 ha hissəsi istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən 0.0654 ha hissəsi istifadə olunur. Hansı hissələrdə istifadə olunması sxemdə əks olunur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan 0,0654 ha torpaq sahəsindən istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən birinci instansiya məhkəməsi qeyd edilən ekpert rəyini sübut qismində qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası iş materiallarına və ekspert rəyinə əsasən qeyd edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.0654 ha hissəsindən istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, iş materiallarının 101-ci vərəqində olan ərazinin planından çıxarışa əsasən cavabdehin zəbt etdiyi torpaq sahəsinin sxemi dəqiq göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(067)-55/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-508/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-508/2024
08.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver