Məhkəmə qərarları › İş №2(105)-512/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-512/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-512/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qarşı yaşayış sahəsinin naturada bölgüsü, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması və mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-8030/2021-008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-8030/2021 nömrəli qərardadı ilə, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması tələbinə dair hissədə işin icraatına xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-8030/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci m/r-n, 35/20 B saylı evin 1-ci mərtəbəsində yerləşən 46-cı mənzilin naturada bölünməsinə və həmin mənzilin bir otağının onun, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanması və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20 B saylı 5 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşməklə ümumi yaşayış sahəsi 47,05 kv.metr olan 3 otaqdan ibarətdir və həmin mənzil Sumqayıt şəhər XDS İK-nin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsinin 12.10.1978-ci il tarixli, 06/358 saylı Orderi ilə iddiaçının mərhum anası X3 adına verilmişdir. Anası 08.05.2017-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra mənzildə qardaşı Cavabdeh1 və onun ailəsi ilə birgə yaşayır. Lakin onlarla birgə yaşayışları alınmır. Tez-tez aralarında ailə-məişət münaqişəsi zəminində mübahisə baş verir. Birgə yaşayışları alınmadığından, mənzilin naturada bölünərək bir otağının iddiaçının, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanmasını və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apelyasiya şikayətində göstərir ki, məhkəmə yaranmış mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, iş üzrə yanlış nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Mübahisəli mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20 B saylı 5 mərtəbəli evin 1 -ci mərtəbəsində yerləşməklə ümumi yaşayış sahəsi 47,05 kv.metr olan 3 otaqdan ibarətdir və həmin mənzil Sumqayıt şəhər XDS iK-nin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsinin 12.10.1978-ci il tarixli, 06/358 saylı Orderi ilə iddiaçının mərhum anası X3 adına verilmişdir. Anası 08.05.2017-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra mənzildə qardaşı Cavabdeh1 və onun ailəsi ilə birgə yaşamaqları mümkün deyil. Tez-tez aralarında ailə-məişət münaqişəsi zəminində mübahisələr baş verir. Bu səbəbdən iddiaçı polisə müraciət etmiş, lakin 31.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunub. Birinci instansiya məhkəməsi iddia tələbini yaşayış sahəsinin naturada bölgüsü, mənzildən həm istifadə, həm də xərclərlə iştirakla bağlı qaydaların müəyyən edilməsi hissəsində rədd etmiş, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması hissəsində isə qərardad çıxararaq həmin işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından iddia tələbinin icraatına həmin hissədə xitam vermişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Çünki mübahisəli mənzilin bir otağı daimi olaraq iddiaçının faktiki istifadəsində və sahibliyində olmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 220-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək belə nəticəyə gəlib ki, mənzil order əsasında mərhum X4 məxsus olmaqla dövlət mənzil fonduna aiddir. Dövlət sektoruna aid mənzil naturada bölünə bilməz. Məhkəmənin bu yanaşması ilə razı deyil. Çünki dövlət mənzil fonduna aid olan mənzillərin naturada bölgüsünün qadağan edilməsinə dair normalar qanunvericilikdə mövcud deyil. Buna görə də məhkəmələr analogiya qaydada özəl mənzillərin bölgüsünə dair normaları dövlət sektoruna aid olan mənzillərin bölgüsü hallarına da tətbiq edə bilərlər. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyib və yanlış nəticəyə gələrək dövlət sektoruna aid olan mənzillərin naturada bölgüsünün mümkün olmadığını bildirib. Bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini, qətnamənin ləğv olunub iddia tələbinin təmin edilməsini xahiş etdilər. Həmçinin, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı olmadıqlarını bildirdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 izahatında şikayətin dəlillərini qəbul etmədiyini bildirərək, mütəxəssis rəyi ilə razı olduğunu, şikayət əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçı bacısının mənzildən istifadəsinə heç bir maneçilik yoxdur. Mənzilin bütün kommunal xərclərini də o, ödəyir. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər X8 İcraiyyə Komitəsi mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12.10.1978-ci il tarixli, 06/358 saylı orderdən görünür ki, X4 7 nəfərdən ibarət ailə tərkibinə yaşayış sahəsi 47,05 kvadrat metrdən ibarət 3 otaqlı 2-ci mikrorayon, ev 35/20, mənzil 46 təqdim olunmuşdur. Yenə iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin 30.03.2021-ci il tarixli ətraflı arayışından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20, mənzil 46-nın sahibi X5r və 08.05.2017-ci il tarixdə vəfat edib. Cavabdeh1 02.07.1991-ci ildən, İddiaçı 24.11.1989-cu il, X2 20.06.1995-ci il, Cavabdeh3-1998-ci il və Cavabdeh4-2004-cü ildən həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin 30.03.2021-ci il tarixli “2 №-li forma” arayışından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20, mənzil 46 dövlət sektoruna aiddir. Mənzil sahibi X6 08.05.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə daimi qeydiyyatdadırlar. İşdə olan AZ-İİ № 147464 saylı, 12.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 16.08.2014-cü il tarixdə ölmüşdür. Yenə iş materiallarında olan AZ-İİ № 147466 saylı, 12.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 08.05.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının İddiaçı ünvanladığı 26.04.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2-nın 1 otağına dair onunla, 2 otağına dair isə qardaşı Cavabdeh1 ilə ayrıca kirayə müqaviləsinin bağlanmasını dair şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Bu məqsədlə qanunvericilikdə nəzərdə tutulan sənədlər, o cümlədən ailənin həddi buluğa çatmış üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim olunduqdan sonra müraciətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq baxıla bilər. Yenə iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31.03.2021-ci il tarixli qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 08.03.2021-ci il tarixdə saat 13:08-də DİN 102 xidmətinə zəng edərək yaşadığı ünvanda qardaşı Tahirlə arasında münaqişə olması və sonuncunun onu evdən qovması barədə məlumat vermişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. ünvan 2 ünvanında yaşayan Cavabdeh1 xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 13 aprel 2022-ci il tarixli, 2/273 nömrəli rəyində qeyd olunur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20B-də yerləşən 46 saylı mənzilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, mənzilin ümumi sahəsi 47.05 kvadrat metrdir, mənzildə 2 otaq iç-içə, bir otaq ayrı, dəhliz, hamam, sanitar qovşağı, və mətbəx vardır. Mənzilin bölünməsi yalnız evin giriş qapısından, dəhlizindən, mətbəxindən, hamamından və sanitar qovşağından ümumi birgə istifadə halında mümkündür. Digər hallarda mənzilin bölünməsi qeyrimümkündür. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edildiyi kimi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-8030/2021 nömrəli qərardadı ilə, təcrid olunmuş otaqlara dair ayrıca icarə müqaviləsinin bağlanması tələbinə dair hissədə işin icraatına xitam verilmişdir. Həmin qərardad mübahisələndirilməmişdir. Ona görə də həmin hissədə məhkəmə kollegiyası araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, 35/20 B saylı 5 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşməklə ümumi yaşayış sahəsi 47,05 kv.metr olan 3 otaqdan ibarətdir və həmin mənzil Sumqayıt şəhər XDS İK-nin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsinin 12.10.1978-ci il tarixli, 06/358 saylı Orderi ilə iddiaçının mərhum anası X3 adına verilmişdir. Anası 08.05.2017-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra mənzildə qardaşı Cavabdeh1 və onun ailəsi ilə birgə yaşayırlar. Tez-tez aralarında ailə-məişət münaqişəsi zəminində mübahisə baş verir. Bu səbəbdən iddiaçı, mənzilin naturada bölünərək bir otağının iddiaçının, digər iki otağının isə qardaşının və onun ailə üzvlərinin istifadəsinə verilməklə təcrid olunmuş otaqlara dair ayrıca mənzil icarə müqaviləsinin bağlanmasını və aralarında mübahisəli mənzildən həm istifadə, həm də xərclərdə iştirakla bağlı qaydaların müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yaranmış mübahisəni birinci instansiya məhkəməsi yuxarıdakı qaydada həll etmişdir. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna daxildir. Başqa sözlə, özəlləşdirilməmişdir, xüsusi mülkiyyətdə deyildir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, mənzilin əsas icarədarı Fəxrəndə Əliyeva öldükdən sonra icarə müqaviləsi ailənin digər üzvü ilə bağlanmamışdır. Mənzilə order 12.10.1978-ci ildə verilmişdir və tərəflər həmin tarixdən orderdə adları olan şəxslər kimi mənzildən istifadə hüquq əldə etmişlər. Beləliklə, onların arasında hüquq münasibətləri bu tarixdə yarandığı üçün mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd edildiyi kmi kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də, hazırki mübahisə tərəfləri arasında ailə münasibətləri kəskinləşsə də, mənzilə dair eyni hüquq və vəzifələrə malikdirlər. Bununla belə, qanunverici birgəyaşayış qaydalarını mütəmadi pozmaqla bağlı tədbirlər də nəzərdə tutmuşdur. Daha öncə istinad olunan Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisəli mənzilin otaqlarının tərəflər arasında tələb edilən qaydada bölünməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirmək üçün ekspertiza təyin etmişdir. Rəyə əsasən mənzilin ümumi istifadə yerlərinin tərəflərin ümumi istifadəsində saxlanılmaqla bölünməsi mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda mənzildə bölgü orada yaşayanların mənafei nəzərə alınmaqla, balans gözlənilməklə aparıla bilər. Rəyə əlavə edilmiş mənzilin planından görünür ki, otaqların ikisi iç-içədir, həmin otaqların birinin sahəsi 17,16 kv.m, digərinin sahəsi isə 13 kv.m, ayrıca girişi olan otaqın sahəsi isə 16,64 kv.m-dir. İş materiallarına əlavə edilmiş 2№-li formada arayışdan görünür ki, mənzildə biri uşaq olmaqla müxtəlif cinsdən olan 7 nəfər qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi qaydada 16,64 kv.m olan otağın ayrılıb ona verilməsi, mənzil sahəsinin adambaşına düşən normasının, hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasının pozulmasına, digər mənzil istifadəçilərinin hüquqlarının tənasübsüz surətdə məhdudlaşdırlmasına səbəb ola bilər. Belə ki, tələb edilən qaydada mənzil bölgüsü aparıldığı təqdirdə, 1 nəfərə, yəni iddiaçıya düşən mənzil sahəsi 16,64 kv.m, digər 6 nəfərin hər birinə düşən mənzil sahəsi isə 5,02 kv.m təşkil edər. Halbuki, daha öncə istinad olunan Mənzil Məcəlləsinin 40-cı maddəsinə əsasən mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Hazırda AR Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 459 saylı, 27 noyabr 2019-cu il tarixli Qərarına görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Bundan əlavə qeyd edilən Məcəllənin 42-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna edilməklə, bir otağa köçürülməsinə yol verilmir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin tələb edilən qaydada naturada bölgüsü mümkün deyildir. İddia tələbinin digər hissəsi isə məhz bu tələblə bağlı olduğundan təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd etsə də, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu, digər normativ hüquqi aktları tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Ona görə də, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin şikayətdə qeyd olunan əsaslarla ləğvi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı əsaslı şübhədən kənar, mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)- 8030/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar