Məhkəmə qərarları › İş №2(105)-513/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-513/2024

04.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-513/2024 04.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin boşaldılması, tikilinin və torpaq sahəsinin onun əməli stifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-2130/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0045 ha torpaq sahəsindən və tikilidən çıxarılması, torpaq sahəsi və tikilinin boşaldılması, həmin tikili ilə torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 29,30 kv.metrdən ibarət fərdi yaşayış evi və onun altında yerləşən 0,0045 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bir neçə il bundan əvvəl cavabdeh ona müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq yaşamağa yeri olmadığından xahiş etmişdir ki, iddiaçıya xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsində müvəqqəti sığınmaq üçün ona icazə versin. İddiaçı isə insanlığından dolayı cavabdehə qısa bir müddətdə özünə mənzil alana kimi yaşamasına icazə vermişdir. Cavabdeh bundan istifadə edərək məhəllənin hasara bitişik yerində sadəcə bir divar hördürməklə əvvəllər yarımtikili kimi hazır olan sahənin bir hissəsini düzəldərək orada yaşamağa başladı. Bir müddət sonra isə iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona müvəqqəti yaşamağa icazəsini verdiyi yarımtikilini artıq ayrıayrı adamlara kirayə verməklə pul qazanmaqla məşğul olur, özü də hamıya car çəkir ki, guya həmin ev (əslində yarımtikili idi) ona məxsusdur. Buna narazıçılığını bildirəndə isə cavabdeh ona etiraz olaraq oradan çıxmayacağını, həmin sahənin ona məxsus olmaqla heç bir orqanın ona təsir edə bilməyəcəyini qətiyyətlə bildirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsini 2004-cü ildə Natiq adlı şəxsdən almış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. İddiaçı isə Natiq adlı şəxsin evini almış, həmin əraziyə onlardan sonra köçmüşdür. İddiaçı sonradan evində artırmalar etmiş, artırdığı divar onun evinin arxasıdır. İddiaçı hazırda evi satmaq istəyir. Ona görə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, onlara məxsus ərazini də ələ keçirərək yaxşı qiymətə sata bilsin. Yaşadıqları evin bütün kommunal xərclərini özləri ödəyir. Evə dair çıxarış almaq istəsə də, aidiyyəti orqanlar rədd cavabı vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-2130/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılması, tikilinin və torpaq sahəsinin boşaldılması ilə tikilinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-2130/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərindən cavabdeh X5 qarşı iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0045 ha torpaq sahəsindən və tikilidən çıxarılması, torpaq sahəsi və tikilinin boşaldılması ilə həmin tikili ilə torpaq sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunaraq qətnamə cıxarılması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2130/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2130/2023 nömrəli qətnaməsi tam əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən 29,30 kv.metrdən ibarət fərdi yaşayış evi və onun altında yerləşən 0,0045 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bir neçə il bundan əvvəl cavabdeh ona müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq yaşamağa yeri olmadığından xahiş etmişdir ki, ona xüsusi mülkiyyətində olan fəri yaşayış evinin altında yerləşən torpaq sahəsində müvəqqəti sığınmaq üçün icazə versin. İddiaçı isə insanlığından dolayı cavabdehə bu şərtlə razılıq vermişdir ki, qısa bir müddətdə o özünə mənzil alana kimi yaşasın. Cavabdeh bundan istifadə edərək məhlənin hasara bitişik yerində sadəcə bir divar hördürməklə əvvəllər yarımtikili kimi hazır olan sahənin bir hissəsini düzəldərək orada yaşamağa başlamışdır. Bir müddət bundan əvvəl isə iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona müvəqqəti yaşamağa icazəsini verdiyi yarımtikilini artıq ayrı-ayrı adamlara kirayə verməklə pul qazanmaqla məşğul olur, özü də hamıya car çəkir ki, güya həmin ev (əslində yarımtikili idi) ona məxsusdur. Buna iddiaçı tərəfindən narazıçılığını bildirəndə isə cavabdeh etiraz olaraq oradan çıxmayacağını, həmin sahənin ona məxsus olmaqla heç bir orqanın ona təsir edə bilməyəcəyini qətiyyətlə bildirmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsi yuxarıda qeyd edilən kimi, yalnız hər hansı əsaslı maddi və ya prosessual normalara istinad etmədən və iddianın təmin edilməsi üçün kifayət qədər maddi əsaslar (xüsusən də müvafiq ekspertiza rəyi) olmağına baxmayaraq həmin qətnamədə cəmi bir neçə cümlə ilə ifadə etməklə cavabdehin iddiaçının mülkiyyətində olan sahədən guya illər əvvəl müvafiq dövlət ödənişləri etməklə istifadə hüququnun olmasına əsas gətirərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd edilən qətnamə ümumiyyətlə kobud pozuntularla qəbul edilməklə iddiaçının konstitusion hüququ olan “mülkiyyət” və onun ayrılmaz tərkib hissəsi olan “mülkiyyətdən istifadə” hüququnun pozulmasına gətirib çıxarımışdır. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının konstitusion hüququ və onun tərkibi olan mülkiyyətdən sərbəst istifadə etmək hüququnu nəzərə almayaraq ciddi maddi pozuntuya yol vermişdir. Belə ki, cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsi və tikili hər hansı bir əsasla ona məxsus olmadığı halda və mülki işin materiallarında buna dair müvafiq ekspertiza rəyi olmağına baxmayaraq məhkəmə bu xüsusatları nəzərə almamış, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iddianın təmin edilməməsi əsasını yalnız cavabdeh tərəfindən “işin materiallarında olan kommunal ödənişlərə dair sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən mübahisəli tikilidən 2004-cü ilin iyun ayından, yəni cavabdehin dediyi kimi iddiaçıdan əvvəl istifadə edir” kimi münasibət bildirməklə kifayətlənmişdir. Halbuki, məhkəmə cavabdehin hansı ünvanda qeydiyyatda olmaqla və iddiaçının xüsusi mülkiyyətinə maneə edilməsi münasibətində əlaqəli şəkildə araşdırma aparmalı olduğu halda bunu etməmiş, kobud pozuntuya yol vermişdir. Burada nəzərə alınmalı idi ki, qeyd edilən daşınmaz əmlak elə məhkəmənin istinad etdiyi kimi iddiaçının mərhum ərinə məxsus olmaqla, onun vəfatından sonra isə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Bir daha qeyd etmişdir ki, cavabdehin qeydiyyatda olduğu ünvan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə olmaqla iddiaçının qeydiyyat ünvanı olan 23 saylı evlə hansı əlaqəsi və ümumiyyətlə bununla bağlı cavabdeh tərəfindən 2004-cü il tarixdən başlayaraq hansı kommunal ödənişləri etməsi aydın deyildir. Yəni, bu hal hətta olmuş olsa belə, iddianın təmin edilməməsi əsası kimi çıxış edə bilməzdi. Cavabdehin zəbt etdiyi torpaq sahəsi və həmin qanunsuz tikili iddiaçının istifadəsində olmaqla mülkiyyətdə olan torpağın hüdudları daxilindədir (bunu ekspert rəyi göstərir). Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlməli idi. Çünki, mövcud halda iddiaçı sahiblikdən məhrum olunmuşdur. Məhkəmə öz qətnaməsini yalnız cavabdehin verdiyi izahata və onun tərəfindən təqdim edilmiş qəbzlərə uyğun qəbul etmiş, işin aydınlaşdırılmalı olan halları kimi iddiaçının hüququnun olmadığı halda cavabdehin hansı əsasla iddiaçının istifadəsində olan torpaq sahəsinə hansı hüquqlarının olmasını araşdırmamışdır. Məhkəmədə sübut edilməmişdir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən 0,0045 ha torpaq sahəsinə hər hansı hüquqları vardır. Məhkəmə cavabdehin qeydiyyatda olduğu Quşçuluq yaşayış massivi 11-ci küçə ilə iddiaçının Quşçuluq yaşayış massivi 11-ci küçə, ev 23-lə əlaqəsini və ümumiyyətlə cavabdehin zəbt etdiyi ərazini hansı əsasla istifadə etməsini və bunun üçün hansı maddi bazanın olmasını araşdırmamışdır. Məhkəmə tərəfindən cavabdehin verdiyi izahata və onun tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərə istinad etməklə iddianı təmin etmişdir. Halbuki, işdən olan sənədlər və sübutlar iddianın təmin edilməsinə dəlalət edir. Belə ki, sözügedən qətnaməni məhkəmə yalnız iddiaçının verdiyi izahat əsasında qəbul etmişdir. Halbuki, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırırmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadrat metrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İş materiallarından müəyyən edilmişdir ki, həmin ev iddiaçıdan əvvəl onun mərhum əri X4 mülkiyyətində olmuş, həmin şəxs isə xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin evi X1 almışdır. İş materiallarında olan kommunal ödənişlərə dair sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən mübahisəli tikilidən 2004-cü ilin iyun ayından, yəni cavabdehin dediyi kimi iddiaçıdan əvvəl istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 10/7215 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi və əlavə olaraq sahəsi 0,0045 ha torpaq sahəsi plan –ölçüsünə koordinatları üzrə ölçülərinin yerində üstüstə düşdüyü müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyytində olan həmin torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyi müəyyən olunur.Tikilinin torpaq sahəsində yerləşmə vəziyyəti mütəxəsiss rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 10/7215 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi və əlavə olaraq sahəsi 0,0045 ha torpaq sahəsi plan – ölçüsünə koordinatları üzrə ölçülərinin yerində üst-üstə düşdüyü müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyytində olan həmin torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyi müəyyən olunur. Lakin işin materiallarından görünür ki, cavabdehin istifadəsində olan mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olan torpaq sahəsidir, iddiaçının çıxarış vərəqində onun istifadəsində olan torpaq sahəsi kimi qeyd edilsə də, işin materiallarında olan kommunal ödənişlərə dair sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən mübahisəli tikilidən 2004-cü ilin iyun ayından, yəni cavabdehin dediyi kimi iddiaçıdan əvvəl istifadə edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin boşaldılması ilə tikilinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0,0045 ha göstərilsə də, iddiaçının mərhum həyat yoldaşının adına 29 iyul 2004-cü il tarixdə tərtib olunmuş yaşayış evinin texniki pasportunda həmin yaşayış evinin 2 otaqdan, yaşayış sahəsinin 24,1 kv.m., köməkçi sahəsinin 5,2 kv.m.-dən ibarət olmaqla ümumi sahəsinin 29,3 kv.m., tikinti altı sahəsinin 45 kv.m., torpaq sahəsinin 317 kv.m., ümumilikdə torpaq sahəsinin 362 kv.m. olduğu göstərilmişdir( i/v 94-95). İddiaçının adına olan xx.xx.2023-cü il tarixli çıxarışda yuxarıda qeyd olunan 45 kv.m. tikinti altı sahə üzrə torpaq sahəsinin dövlət mülkiyyətində olduğu göstərilmişdir. Bundan əlavə mərhum X4 adına daha sonra tərtib olunmuş əvvəlki inventar nömrəsi (508) və qeyd nömrəsi (14246) eyni olan digər texniki pasportda isə həmin fərdi yaşayış evinin ümumi sahəsinin 29,3 kv.m., tikinti altı sahəsinin 41,3 kv.m., torpaq sahəsinin 193,9 kv.m., ümumi torpaq sahəsinin 235,2 kv.m. olduğu göstərilmişdir (i/v 91-92). İşin 127-ci vərəqində olan mütəxəssis kimi rəy vermiş mühəndis F.Əliyev tərəfindən tərtib olunmuş plan-sxemə əsasən iddiaçının faktiki torpaq sahəsinin döngə nöqtəsi üzrə ümumi sahəsinin 197 kv.m. olduğu, həmin sahədə iddiaçıya məxsus qanuni əsaslarla tikilmiş 32,5 kv.m. tikilinin, icazəsiz 56,1 kv.m. tikilinin, cavabdehə məxsus icazəsiz 30,8 kv.m. tikilinin olduğu göstərilmişdir (i/v 127). Həmin plan-sxemdə cavabdehə aid icazəsiz tikilinin əsas hissəsinin iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri daxilində olduğug östərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mütəxəssis F.Əliyev tərəfindən torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığı halda, texniki pasportda göstərilən torpaq sahəsini səhvən iddiaçının mülkiyyəti kimi qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə tam uzlaşmamışdır. Başqa sözlə, cavabdehin ünvan 1 ünvanında yerləşən iddiaçıya aid torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi iddiaçı tərəfindən sübut olunmamışdır. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında o və həyat yoldaşının cavabdehin iki azyaşlı övladı olduğu üçün 2004-cü ildən cavabdeh tərəfindən həmin tikilinin tikilməsinə və orada müvəqqəti yaşamasına icazə verdiklərini, lakin cavabdehin həmin tikilidə 5 il yaşadıqdan sonra həmin tikilini qanunsuz kirayəyə verdiyini bildirmişdir.Lakin iddiaçının cavabdehin mübahisəli tikilidə müvəqqəti yaşamasına dair həmin dəlilləri 20 ildən çox mübahisəli tikiliyə faktiki sahiblik edən cavabdehə münasibətdə işin yuxarıda qeyd olunan faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-2130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar