Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-515/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1265/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STP-nin icraçı direktoru Hicran Qardaşxan oğlu Valehovun xx.xx.2024-cü il tarixli, 043-İRD/x nömrəli əmrini ləğv edərək, onun işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməklə iş yerinə bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesinin keçirilməsinə düzgün əməl etməyib. Belə ki, iddiaçı və mediator tərəfindən mediasiya prosesi formal olaraq təşkil olunub. İddiaçı işə bərpa olunmasını tələb etsə də, işçinin əmək müqaviləsinə 16 noyabr 2024-cü il tarixli əmrlə xitam verilib. Yəni, başqa sözlə desələr işçinin iddia etdiyi hüquqi pozuntusu 16 noyabr 2024-cü il tarixdə baş verib. Lakin iddiaçı cavabdehə mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərib. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Buna görə də iddiaçı həmin tarixdə işə bərpa olunması ilə bağlı mediasiya prosesinə başlaya (mediasiya təklifi göndərə) bilməzdi. Eyni zamanda mediator məcburi mediasiya sessiyasını keçirərkən bu halı nəzərə almamış, formal olaraq proses keçirmiş və iddiaçıya mediasiyada iştirak etməkə bağlı müvafiq arayış vermişdir. Mediasiya prosesində iştrak etməklə bağlı cavabdehə göndərilmiş bildiriş mediasiya prosesinin keçirilməsindən 1 gün sonra xx.xx.2024-cü il tarixdə cavabdehə çatıb. Bütün bu hallar mediasiya prosesinin formal keçirildiyini təsdiq edir. İddaçı tərəfindən mediasiya prosesinə düzgün əməl olunmadığı üçün iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edirlər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1265/2025 nömrəli qərardadı ilə İddiaçı "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1265/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, İddiaçı buraxılmış iş günlərinin əmək haqqı ödənilməklə öz iş yerinə bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1265/2025 nömrəli qərardadı ləğv edilməlidir, belə ki, həmin qərardadda mediasiya prosesinin keçirilməsinə düzgün əməl edilməməsi, iddiaçı və mediator tərəfindən mediasiya prosesinin formal olaraq təşkil olunması qeyri-qanuni olaraq əsas gətirilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə nəzərə almalıydı ki, mediasiya prosesi tərəflər arasında yaranmış əmək mübahisələrinin tənzimlənməsi deməkdir. Tərəflər arasında əmək mübahisəsi 2023-cü ilin avqust ayından başlayıb və 2024-cü ilin 05 sentyabrında iddiaçıya "ştat vahidinin ləğv edilməsi" barədə xəbərdarlıq məktubunun təqdim edilməsi ilə yeni müstəviyə keçib. Belə ki, həmin xəbərdarlıq məktubunda iddiaçının qeyri-qanuni olaraq öz əmək fuksiyalarından tam azad edildiyi göstərilmiş və iddiaçı həmin tarixdən öz qanuni iş yerinə buraxılmamışdır. Bu əmək mübahisəsini həll etmək üçün iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə öz işinə bərpa - qanuni iş yerinə buraxılma barədə mediasiya təklifi göndərmiş, lakin cavabdeh həmin təklifi cavablandırmamışdır. İlkin mediasiya sesiyası təşkil edilən günəcən, yəni 16 dekabr 2024-cü il tarixinə artıq iddiaçının əmək müqaviləsinə qeyri-qanuni xitam verilmiş və mediasiya predmeti avtomatik olaraq həmin qərarın ləğvinə yönəlmişdir. Mediasiya tərəflər arasında məhkəməyədək razılığın əldə olunması üçün təşkil edilən bir prosesdir və mediatorun tərəflər arasında barışıq yarada bilib-bilməyəcəyini özündə ehtiva edir. 16 dekabr 2024-cü il tarixli mediasiya arayışından aydın olur ki, mediator tərəflər arasında hər hansı bir anlaşmanın əldə olunacağına inanmadığı üçün işin məhkəmədə araşdırılması barədə öz tövsiyyəsini vermişdir. Mövcud qanunvericiliklə işin məhkəmədə baxılması üçün mediatorun arayışı kifayət edir ki, tərəflər arasında mübahisə məhkəmədə həllini tapsın. Çox təəsüf ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi Günel Tanrıverdiyeva tərəflər arasındakı mübahisəni araşdırmaq əvəzinə mediasiya ilə bağlı mövcud qanunvericilikdəki boşluqlardan sui-istifadə edərək vətəndaşın məhkəməyə müraciət etmək hüququnu əngəlləməyə çalışmış, bununla da ədalətli mühakimə anlayışına kölgə salmışdır. 1 saylı Sumqayıt Mediasiya Təşkilatının təkrar mediasiya arayışından da məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəf ilə anlaşmaya gəlməmək fikri qətidir və cavabdeh tərəf iddiaçı tərəflə heç bir razılaşma əldə etməyə maraqlı deyil. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1265/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 1265/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələb riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İşin hallarından isə aydın olur ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə 16 noyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə işə bərpa tələbi üzrə mübahisəyə dair mediasiya təklifi isə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Halbuki həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hələ xitam verilməmişdi. Bundan başqa ilkin mediasiya sessiyası barədə xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, mübahisə üzrə ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Eyni zamanda arayışın məzmunundan görünür ki, həmin gün bildirişin cavabdehə çatdırılmadığı, yəni hələ poçt məntəqəsinin mübadilə məntəqəsinə daxil olduğu mediatora məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır (21.9.1). Şikayətin əsas dəlili ondan ibarətdir ki, mediasiya tərəflər arasında məhkəməyədək razılığın əldə olunması üçün təşkil edilən bir prosesdir və mediatorun tərəflər arasında barışıq yarada bilib-bilməyəcəyini özündə ehtiva edir. 16 dekabr 2024-cü il tarixli mediasiya arayışından aydın olur ki, mediator tərəflər arasında hər hansı bir anlaşmanın əldə olunacağına inanmadığı üçün işin məhkəmədə araşdırılması barədə öz tövsiyyəsini vermişdir. Mövcud qanunvericiliklə işin məhkəmədə baxılması üçün mediatorun arayışı kifayət edir ki, tərəflər arasında mübahisə məhkəmədə həllini tapsın. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni araşdırmaq əvəzinə mediasiya ilə bağlı mövcud qanunvericilikdəki boşluqlardan sui-istifadə edərək vətəndaşın məhkəməyə müraciət etmək hüququnu əngəlləməyə çalışmış, bununla da ədalətli mühakimə anlayışına kölgə salmışdır. 1 saylı Sumqayıt Mediasiya Təşkilatının təkrar mediasiya arayışından da məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəf ilə anlaşmaya gəlməmək fikri qətidir və cavabdeh tərəf iddiaçı tərəflə heç bir razılaşma əldə etməyə maraqlı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər məhkəmənin qərardadının ləğvi üçün əsas olmamaqla, iddiaçı tərəfin mülahizələrinə əsaslanır. Qeyd edilən qanunvericilik normalarından görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1265/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-515/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-515/2025
12.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver