Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-519/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka premetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-5591/2021-012 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsi üzrə 57800,75 (əlli yeddi min səkkiz yüz manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 5201,71 (beş min iki yüz bir manat yetmiş bir qəpik) manat faiz borcu, cəmi 63002,46 (altmış üç min iki manat qırx altı qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul müştərək qaydada tutulması, tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil açıq hərracdan satılması və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiyməti 130.000 (bir yüz otuz min) manat, likvid qiyməti 109.000 (bir yüz doqquz min) manat məbləğində müəyyən edilməsi, ıpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmaqla, mənzil boşaldılması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iddiaçı «Unibank” KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01- 1/20SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 57800,75 AZN, faiz borcu üzrə 5201,71 AZN, cəmi 63002,46 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN , ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsi üzrə 63002,46 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı «Unibank” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiymətinin 130.000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01- 1/20SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə xx.xx.2022-ci il tarixədək, illik 16% ödəmək şərtilə 60000,00 AZN məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 01/20SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01İ/20SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2020-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat №**********). Bundan əlavə xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01-1Z/20SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh4 və Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqavilələrinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq X3 ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021-ci il tarixə xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 57 800,75 AZN, faiz borcu üzrə 5201,71 AZN, cəmi 63002,46 AZN təşkil edir. xx.xx.2020-ci il tarixli 01İ/20SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil xx.xx.2020-ci il tarixli 01-20SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 130.000 (bir yü otuz min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borclu və zaminlərdən iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından 1 ay ərzində fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasına dair hissədə iddia tələbi təmin edilə bilməz. Alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınanakimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Ona görə də hesab edirəm ki, məhkəmə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmaqla, mənzilin boşaldılması hissəsində qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmışdır. Cavabdeh1 bu nəticə ilə razılaşmayaraq qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi qətnaməni əsas və faiz borcunun tutulması, ipoteka predmetinin likvid dəyəri və ıpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmaqla, mənzil boşaldılması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də Cavabdeh2 ilə bank arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yetirərək, pulu cavabdehlərə vermiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmiş və nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445,448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz məbləğinin Cavabdeh1 tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas borc və faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2246 saylı 20 sentyabr 2022-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 57746,67 manat, faiz borcu 5267,02 manat təşkil edir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 5000 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2021-ci il tarixə göstərildiyindən həmin tarixdən sonrakı dövrdə ödənilmiş 5000 manat məbləğində ödəniş hazırkı hesablamalar zamanı nəzərə alınmadı. İş materiallarında olan "xxxx" KB ASC-nin 31 oktyabr 2022-ci il tarixli UB- BANK/PİKMD/1066080 nömrəli arayışına əsasən Cavabdeh1 01-1/20SU saylı kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 56002,46 manat, faiz borcu 0 manat, cərimə borcu 0 manat, cəmi 56002,46 manat təşkil edir. Göründüyü kimi, bankın maliyyə arayışına əsasən Cavabdeh1 banka olan əsas borcu 56002,46 manat olduğundan, faiz və cərimə borcu olmadığından, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh1 01- 1/20SU saylı kredit müqaviləsi üzrə əsas borc 56002,46 manat tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, iddia tələbi faiz borcuna aid hissədə rədd edilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən ipoteka predmetinin likvid qiymətinin mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş A-02/26 nömrəli 04 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin orta bazar qiyməti 155.000 (yüz əlli beş min) manat, likvid dəyəri isə 140.000 (yüz qırx min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin likvid dəyəri 140.000 (yüz qırx min) manat müəyyən edilməlidir. İddia tələbi ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində mənzildən çıxarılmaları hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh1 xx.xx.2020-ci il tarixli, 01/20SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 01-1/20SU saylı əlavə kredit müqaviləsinə əsasən 56002 (əlli altı min iki) manat 42 (qırx iki) qəpik əsas kredit borcu tutulsun. İddia tələbi faiz borcunun tutulması hissəsində rədd edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67 nömrəli mənzilin likvid dəyəri 140.000 (yüz qırx min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-519/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-519/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver