Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-52/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(027)-112/2016-040 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddianın təmin edilməsi, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməsi, JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, iş üzrə məhkəmə xərcini təşkil edən 60 manat məbləğində pulun cavabdehlərdən alınıb "xxxx" MMC-yə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər: Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia üzrə icraata xitam verilməsi, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ə.G.Nurməmmədov, A.Q.Hüseynov və İ.R.Xələfov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-218/2021 nömrəli iş üzrə 01 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, JN-2287 seriyalı, KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 noyabr 1997-ci il tarixdə Aqrar İslahat Komissiyasının qərarı ilə işlədiyi sovxozdan ona 0,43 ha torpaq sahəsi verilmişdir. 2001-ci ildə həmin torpaq sahəsi üçün dövlət aktı almış, 2006-cı ildə isə torpaq sahəsi ona təhvil verilmişdir. Yaşlı və xəstə olduğundan, həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. 2014-cü ildə torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin ona məxsus torpaq sahəsi üçün başqa şəxsə çıxarış verildiyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi idarəsinin xx.xx.2014-cü il tarixli **********4 saylı məktubunda qeyd edilmişdir, İddiaçı məxsus 43 sot torpaq sahəsinə digər şəxsin adına dövlət Reyestrindən çıxarış verilmişdir. Bununla əlaqədar torpağın kimlər tərəfindən mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə Quba rayon Prokurorluğuna şikayət ərizəsi verilmişdir. Quba rayon Prokurorluğuna vermiş olduğu şikayət araşdırılması üçün Quba RPŞ-nə göndərilmişdir. Quba RPŞ-nin 07 avqust 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda ona mübahisəli torpaq sahəsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Qətnamənin mövcudluğundan onun 2020-ci ilin yanvar ayında xəbəri olmuşdur. Məhkəmə əsas sübut kimi 08 iyul 2016-cı il tarixli mütəxəssis rəyini əsas götürərək, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yer quruluşu xəritəsinə əsasən torpaqların üst-üstə düşməsini dair aktı əsas gətirərək, qanunsuz və ədalətsiz qətnamə qəbul etməklə nəzərə almamışdır ki, o, dövlət orqanları tərəfindən verilmiş sənədlər əsasında alqı-satqı apararaq vicdanlı alıcı qismində torpaq sahəsini əldə etmişdir. O, alqı-satqı apararkən vətəndaş Svetlana Vasilyevnaya həmin torpaqların ona məxsus olmasına dair baş etibarnamə əsasında notarial kontorunda əməliyyat aparılarkən, həmin ərəfədə torpaqların iddiaçıya aid heç bir sübutlar olmamışdır, bu da onu göstərir ki, uzun müddətdən sonra həmin torpaq sahələrində təsərrüfat yaraldıqdan sonra məlum olmayan mənbədən iddiaçı ortaya çıxmışdır. Məhkəmə işə cavabdehlərə cəlb etməyərək, dövlət orqan və komitələrin bir-birə zidd olan arayış və çıxarışlarını nəzərə almayaraq, qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsassız olması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia üzrə icraata xitam vermişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qərardadı ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticənin iddia tələbinə və işdə olan sənədlərə düzgün qiymət verməyərək iddiaçının ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsinin əsasında 26 aprel 2008-ci il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin olmasını göstərmişdir. Baxılan işdə nə mübahisə tərəflərinin hüquqi vəziyyəti, nə də ki tərəflər arasındakı mübahisənin predmeti ümumi (publik) hüququn nizamasalma predmetinə aid deyildir. Apellyasiya instansiyası məhkəməsi işin inzibati məhkəməyə aidliyi barədə gəldiyi nəticəni əsaslandırmayaraq prosessual hüquq normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 140 və 157.2-cı maddələri təşkil edir. İşdən görünür ki, JN-2287 seriyalı KOD 30320018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Quba rayonu, İİ Nügədi kənd sakini İddiaçı mülkiyyətinə 0,43 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi torpaq sahəsinin verilməsi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən satıcı qismində X3 Quba rayonu, İİ Nügədi kəndində yerləşən 23,42 ha olan torpaq sahəsini alıcı qismində olan Cavabdeh mülkiyyətinə verməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 14 may 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürdüyündə və çıxarışın etibarsızlığı torpaq sahəsinin geri qaytarılması tələbini özündən asılı etdiyindən, ilkin olaraq çıxarışın etibarsızlığına hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli 10/1190 nömrəli ekspert rəyi ilə İddiaçı JN 2287 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 0,43 ha torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixli **********621 nömrəli çıxarış verilmişdir. Cavabdeh 5.0 ha torpaq sahəsinə DƏDRX tərəfindən MH 001760 saylı çıxarışı ləğv olunmuşdur. İddiaçı 0,43 ha torpaq sahəsinə DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixli **********1 reyestr nömrəli çıxarış heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İş üzrə xx.xx.2020-ci il tarixdə ərazi idarəsi tərəfindən mütəxəssis rəyi verilmişdir. Hal-hazırda torpaq sahələrində heç bir dəyişiklik yoxdur. İşdən göründüyü kimi iddiaçının mübahisələndirdiyi çıxarış (0,50 ha torpaq sahəsinə aid hissədə) Cavabdeh tərəfindən 26 aprel 2008-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi əsasında Svetlana Salahovadan əldə edilmişdir. Göründüyü kimi cavabdehin tanınmış mülkiyyət hüququ və bu hüquq qeydini özündə əks etdirən çıxarışın verilməsinə əsas Svetlana Salahova ilə aralarında bağlanmış 26 aprel 2008-ci il tarixli alqı-satqı müqaviləsi olsa da, iddiaçı qeyd olunan əqdi (alqı-satqı müqaviləsini) mübahisələndirməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan alqı-satqı müqaviləsi mübahisələndirilmədən (etibarsız və ya ləğv edilmədən) sonuncunun adına verilmiş müvafiq çıxarış etibarsız hesab edilə bilməz. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, iddianın rədd edilməsi heç də ona həmin əqdlə bərabər sonradan həmin çıxarış mübahisələndirmək hüququnu istisna etmir. İddia tələbinin torpaq sahəsinin geri qaytarılması tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mövcud çıxarış etibarsız hesab edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə xərcini təşkil edən 60 (altmış) manat məbləğində pul "xxxx" MMC-nin, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına İddiaçı tutularaq (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh, X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı keçirilmiş məhkəmə ekspertizası xərci 60 (altmış) manat məbləğində pul "xxxx" MMC-nin, 50 (əlli) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-52/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-52/2023
07.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver