Məhkəmə qərarları › İş №2(105)-523/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-523/2025

12.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-523/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-187/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********42 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı icarəsində olan 0,02 ha torpaq sahəsinin 0,0137 ha hissəsindən çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşdən göründüyü kimi, Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində 0,02 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçının mərhum anası X2 məxsus olmuş və sonuncunun ölümü ilə qanun üzrə vərəsəlik hüququ haqqında 18 iyun 2023-cü il tarixli şəhadətnamə əsasında İddiaçı miras əmlakdan tam hissədə pay verilmişdir. İddiaçı qardaşı ilə Cavabdeh arasında nikah münasibətlərinin pozulduğunu əsas gətirərək cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının qətnamə çıxarılmadan yekunlaşdırılmasının prosessual formalarından biri də iş üzrə icraata xitam verilməsidir. İş üzrə icraata xitam verilməsi hüquq və azadlıqlarının və ya qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Mülki işin icraatına xitam verilməsinin əsaslarından biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam olunması haqqında məhkəmənin qərardadının olmasıdır (MPM-nin 261.0.2-ci maddəsi). İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı cavabdehin torpaq sahəsinə istifadəsinə xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması tələbinə dair iş üzrə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində olan 0,02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(012)-5457/2021 nömrəli qətnaməsi Cavabdeh Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, Cavabdeh Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddiasının təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, mülki iş kassasiyanın mümkünlük məsələsinə yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktı ilə iddiaçının anasının Cavabdeh qarşı eyni mübahisə predmeti olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Nəzərə alınmalıdır ki, qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin qətnamənin aid olduğu mülki iş üzrə məhkəmə baxışının predmeti olan hüquq münasibətində mübahisə aradan qaldırılır və hüquq münasibətinin mübahisəsizliyi onun iştirakşıları üçün təkzibedilməz olur. Qətnamənin müstəsnalığı baxımından da işdə iştirak edən şəxslər və ya onların hüquq varisləri tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə yekun hüquqi qiymət verilən iddia tələbinin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən irəli sürülməsinin, məhkəmədə baxılmasının və həll olunmasının yolverilməz olduğu başa düşülür. Odur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər (MPM-nin 233.3-cü maddəsi). Bu qaydanın pozulması ilə məhkəməyə verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən MPM-nin 153.2.2-ci maddəsi ilə imtina olunmalı, iddia ərizəsi səhvən məhkəmənin icraatına qəbul edildikdə isə MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum anası X1 tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, onun hüquq varisi olan İddiaçı da eyni iddia tələbini, eyni əsas üzrə yenidən irəli sürmək hüququnu istisna etdiyindən, Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.2, 384.0.5, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar