Məhkəmə qərarları › İş №2(105)-525/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-525/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-525/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı “X5 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4059 manat əsas borc, 10 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4099 manat pulun alınaraq iddiaçı “X6 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “X5 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 4059 manat əsas borc, 36 gün üçün gecikdirilmiş 730 manat dəbbə pulunun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4819 manat pulun alınaraq iddiaçı “X6 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı ilə onun arasında borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış, güya həmin şirkətə 4059 manat borcunun olduğunu etiraf etmişdir. Lakin bildirir ki, 2019-cu ilin yanvarında əmək kitabçasını almaq üçün müştəri borcunu təsdiq etmişdir. Həmçinin 2018-ci ilin aprel ayında şirkətdən öz ərizəsi ilə işdən ayrılmışdır. 8 ay ərzində şirkət tərəfindən əmək kitabçası ona verilməmiş, müştəri borcunun olduğu bildirilməmişdir. İşdən azad edilərkən şirkətlə müştəri arasında borcun etirafı barədə məlumat imzalanmışdır. Lakin 8 ay ərzində müştəri borcu barədə məlumat verilməmişdir. O, müştərinin şirkətə olan borcunu etiraf etmişdir. Həmin borcun ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən hesab edir ki, iddia rədd edilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçı “X5 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 na apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixinədək tam olaraq “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh X1 atası Məlikməmmədov Tahir ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu Məlikməmmədov Emin Azərbaycan Respublikası Ali Baş Komandanının qismən səfərbərlik elanı ilə əlaqədar hal-hazırda hərbi xidmətdədir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borcun etirafı haqqında müqavilədən görünür ki, “X6 Limited» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixədək, 405.90 manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcunu ödəməsi üçün tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən sənədlərə istinad edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 425.1, 445.2.1, 448.1, 882-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olur ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 4059 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2019-cu il tarixinədək tam olaraq “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, “X6 Limited» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən Cavabdeh 4059 manat borcu xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, “X6 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqavilə bağlanmış, bakı şatış şöbəsinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi cavabdeh ilə iddiaçı təşkilat arasında əmək müqaviləsi bağlanmış və cavabdehlə iddiaçı arasında əmək münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; d) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; e) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; f) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarına əsasən iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb edir. İddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh xx.xx.2017-ci ildən etibarən iddiaçının satış təmsilçisi olaraq işə götürülmüşdür. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Beləliklə iddiaçı iddia ərizəsinin əsası kimi cavabdehlə əmək hüquq münasibətlərinə daxil olduğuna və həmin münasibətlər çərçivəsində cavabdehin ona borclu qaldığına istinad etdiyi üçün işə baxmış məhkəmələr iddiaçının əlavə etdiyi və işdə olan digər sübutlara məhz iddianın əsasına uyğun olaraq qiymət verməli və iş üzrə mübahisəni Əmək Məcəlləsinin işçinin maddi məsuliyyətini tənzimləyən müddəlarına uyğun həll etməli idilər. Lakin işə baxmış birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.2.1, 448.1, 882-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibıtlərinə əsaslanaraq hesab edir ki, iddiaçı “X5 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı iddia tələbi əmək münasibətləriə aid olmasına baxmayaraq iddia pul və maddi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X1 apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1374/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X5 Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar