Məhkəmə qərarları › İş №2(105)-525/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-525/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-525/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 qarşı “xidmət haqqlarının ödənilməsi tələbinə dair” iddia ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)- 8563/2024 nömrəli qərardadından iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 qarşı “xidmət haqqlarının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə "xxxx" MMMC ilə kooperativ binada mənzil-kommunal xidmətləri haqqında bağladıqları müqavilələrdən irəli gələn öhdəlikləri üzrə yaranmış cəmi 6327 (altı min üç yüz iyirmi yeddi) manat mənzil-kommunal xidmətləri haqlarını ödəmələri vəzifəsinin qoyulması və ödənilmiş 84 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-8563/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır... İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMMC müxtəlif cavabdehlərə qarşı bir iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiaçının iddia tələbləri bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblərdir, bu səbəbdən iddiaçı cavabdehlərin hər birinə qarşı ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı "xxxx" MMMC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(060)-8563/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilib iddia ərizəsinin baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMMC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 8563/2024 saylı qərardadından şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış qərardad tamamilə əsassız və qanunsuzdur. Belə ki, eyni iddia üzrə tələb yalnız bir predmeti təşkil edir. Cavabdehlərdən tələb edilən pul məbləği onların yığılmış kommunal borclarıdır. Onu da bildirir ki, eyni iddia tələbi üzrə müxtəlif cavabdehlərə qarşı Sumqayıt Şəhər Məhkəməsinin icraatında başqa məhkəmə işi də olmuşdur. Həmin iş üzrə çıxarılmış qətnaməni də şikayətinə əlavə edir. Qəbul edilmiş qərardad tamamilə əsassızdır. Çünki, iddia ərizəsində cavabdehlərin hər birinin nə qədər borcu olduğu ayrı-ayrılıqda və aydın formada göstərilmişdir. Buna baxmayaraq məhkəmə iddia ərizəsini geri qaytarmışdır. Həmçinin iddia ərizəsində qoşma sənədlərin əslinin məhkəmə iclasında təqdim ediləcəyi də qeyd edilmişdir. Bu səbəbdən də məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Həmçinin qeyd etdiyi kimi, məhkəmənin icraatında eyni tipli başqa bir iş də olmuşdur... Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 8563/2024 nömrəli qərardadının ləğv edilərək iddia ərizəsinin Məhkəmənin icraatına qəbul olunması xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-8563/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (Günel Tanrıverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-8563/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1 və 51.2-ci maddələrinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə isə, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Qanunvericiliyin mənasından göründüyü kimi, iddiaçı eyni (ümumi) öhdəliyin icrasına görə birgə məsuliyyət (cavabdehlik) daşıyan ayrı-ayrı şəxslərə (birgə borclulara, yaxud birgə cavabdehlərə) qarşı həmin öhdəlikdən irəli gələn (və bir-biri ilə əlaqədar olan) tələblərini bir iddia ərizəsində birləşdirə bilər. Konkret halda isə iddiaçı tərəfindən ayrı-ayrı cavabdehlərə qarşı irəli sürülmüş tələbin əsası eyni (mənzil-kommunal xidmət haqqının ödənilməməsi) olsa da, lakin hər bir cavabdeh öz öhdəliyinə (borcuna) görə ayrıca məsuliyyət daşıyır. Belə olduğu halda hər bir cavabdehə aid olan öhdəliyin yerinə yetirilməməsinə (borcun ödənilməməsinə) görə iddiaçı tərəfindən məhz həmin cavabdehə qarşı tələb irəli sürülə bilər və bu tələbin eyni əsasa görə iddiaçı qarşısında öhdəliyi (borcu) olan digər cavabdehlərə qarşı irəli sürülən tələblərlə yalnız oxşarlıq səbəbindən birləşdirilməsi qanuna uyğun deyildir. Çünki, qanunvericilik həmin tələblərin bir iddiada biləşdirilə bilən olması üçün onların bir-biri ilə bağlılığı (əlaqədar olması) meyarını əsas götürür. İddiaçı "xxxx" MMMC ayrı-ayrı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar deyil, bir-birinə oxşar tələbləri bir iddia ərizəsində birləşdirərək verdiyindən məhkəmə MPM-in 152.1.7-ci maddəsinin tələbinə əsasən həmin ərizəni geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının “məhkəmənin icraatında eyni tipli başqa bir işin də olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin əvvəllər səhvən iddia ərizəsini icraata qəbul edib baxması eyni səhvin davam etdirilməsini şərtləndirən nümunə kimi istifadə olunmamalıdır, əksinə, məhkəmə təcrübəsinin təkmilləşməsi prosesində səhv təcrübə aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçıya izah edir ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə müvafiq olaraq, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MMMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Bununla razılaşmayan iddiaçının şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, e-2(060)-8563/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024cü il tarixli, e-2(060)-8563/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar