Məhkəmə qərarları › İş №2(105)-530/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-530/2021

27.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-530/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Quba Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1899/2019 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) və Quba bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə iddiası təmin edilmiş, Quba bələdiyyəsinin sədrinin 30 dekabr 2003-cü il tarixli, 283 saylı Sərəncamı ilə Qəçreş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə ayrılmış fərdi yaşayış evinin tikilməsi altına düşən N-7/8 saylı sahəsi 20x50=1000 kv.metr olan torpaq sahəsinə dair iddiaçı ilə Quba bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir (sədrlik edən İ.A.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(105)-398/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020ci il tarixli, 2(102)-3353/2020 saylı Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(105)-398/2020 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Bələdiyyəsinin sədri tərəfindən 30 dekabr 2003-ci il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən fərdi evin tikintisi üçün ayrılmış N-7/8 saylı, sahəsi 20.0x50.0=1000.0 (bir min) kvadrat metr olan torpaq sahəsinə dair onunla Quba Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 17 sentyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, Quba Bələdiyyəsinin sədrinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə iddiaçıya Qəçreş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən fərdi evin tikintisi üçün 20.0x50.0-1000.0 (min) kvadrat metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə görə Quba Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlanmış, torpağın dəyəri ödənilmiş, torpaq sahəsinin ətrafı daş hasara alınaraq ağaclarla yaşıllaşdırılmışdır. Lakin qeyd olunan alqı-satqı müqaviləsini bü günə qədər Quba Bələdiyyəsindən ala bilməmişlər. Həmin müqavilə torpaq sahəsinə görə mülkiyyət hüququnun müvafiq dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Bununla bağlı Quba Bələdiyyəsinə dəfələrlə müraciət etsə də heç bir cavab almamışdır. Ona görə də Quba Bələdiyyəsi sədrinin 30 dekabr 2003-cü il tarixli, 283 saylı sərəncamı ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən ayrılmış fərdi evin tikilisi altına düşən N-7/8 saylı, sahəsi 20.0x50.0=1000.0 (min) kvadrat metr olan torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra göstərmişdir ki, 2003-cü ildə qeyd olunan torpaq sahəsinin dəyərini Quba Bələdiyyəsinə ödəmişdir. Buna baxmayaraq həmin torpaq sahəsinin dəyərinin yenidən ödənilməsinə etiraz etmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmamasını, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Quba Bələdiyyəsi və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə lazımi qaydada xəbərdarlıq edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində cavabdeh Quba Bələdiyyəsinin nümayəndəsi X1 verilmiş iddia tələbi ilə bağlı bildirmişdir ki, həqiqətən 30 dekabr 2003-ci il tarixdə Quba Bələdiyyəsi sədri tərəfindən verilmiş sərəncam ilə Qəçrəş yolu yaşayış massivinin sol tərəfindəki ərazidən sahəsi 1000 (min) kvadrat metr olan torpaq sahəsi fərdi yaşayış evi tikintisindən ötrü İddiaçı ayrılmış, iddiaçı tərəfdən həmin torpaq sahəsi hasara alınmış və orada tikili aparılmışdır. Lakin iddiaçı tərəfdən ödəniş edilməsini təsdiq edən qəbz arxiv sənədlərində və bələdiyyədə olan sənədlərdə yoxdur. Ona görə də iddia tələbinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını məhkəməyə bildirmişdir. İş materiallarında olan Quba Bələdiyyəsinin sədrinin 285 saylı, 30 dekabr 2003-cü il tarixli sərancamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi, 1/45 saylı evdə yaşayan İddiaçı fərdi yaşayış evi tikintisindən ötrü Quba şəhərinin “Qəsrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən sahəsi 1000 kvadrat metr olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Quba Bələdiyyəsinin 30.08.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, vaxti ilə Quba rayon torpaq Şöbəsinə müraciət edərək alqı-satqı müqaviləsi almalı idi. Hal-hazırda mövcud qanunvericiliyin tələblərinə görə Quba Bələdiyyəsinin vaxtilə satılan torpaqlara dair alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti olmadığından ərizədə nəzərdə tutulan alqısatqı müqaviləsinin verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası X7 filialının 28.06.2018-ci il tarixli arayışının surətindən görünür ki, Quba Bələdiyyəsinin 2003-cü ilə aid sərəncamlarında torpaqların alqı-sarqısına dair ödəniş qəbzləri X7 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 05 sentyabr 2018-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, müvafiq sənədlər Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə baxılacaqdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün 1000 kvadrat metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. İddiaçı torpaq sahəsi ona ayrıldıqdan sonra hasar çəkmiş, müxtəlif növ ağaclar əkmişdir, həmin torpaq sahəsi indiyədək onun istifadəsindədir. Torpaq sahəsi iddiaçıya ayrıldıqdan indiyədək bələdiyyə bunu mübahisələndirməmiş, torpaq sahəsinin boşaldılması və ya hərraca çıxarıb satılması təşəbbüsündə olmamış, bununla da faktiki olaraq tərəflər arasında alqı-satqının mövcudluğunu qəbul etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, mübahisəli torpaq sahəsi hasara alınmış, abadlıq işləri görülmüş, müxtəlif əkin işləri aparılmışdır. Bundan başqa iş materiallarından görünür ki, Quba Bələdiyyəsi hazırkı iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməmişdir ki, bununla da alqı-satqının mövcudluğunu qəbul etmiş sayılır. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin faktiki halı onu deməyə əsas verir ki, iddiaçı Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 nömrəli Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mövcudluğu təsdiqini tapır, lakin İddiaçı torpaq sahəsinin alqı-satqısına dair etdiyi ödəniş qəbzlərinin mövcud olmaması halı Quba Bələdiyyəsi və İddiaçı arasında bağlanmış alqısatqının mövcud olmadığı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 335.2-ci maddəsinin (maddə 24.06.2005ci il tarixli Qanunla Məcəllədən çıxarılsa da, dəyişiklik rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində 12.08.2005-ci ildə dərc edilmiş və 26.11.1999-cu il tarixli “Normativ hüquqi aktlar haqqında” Qanunun 41.1-ci və 21.12.2010-cu il tarixli “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 85.1-ci maddələrinin tələblərinə görə 12.08.2005-ci ildən qüvvəyə minmişdir) tələblərinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konsitusiya Məhkəməsinin eyni hüquqi mövqeyi “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarda da öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən iş üzrə hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində gözlənilən mülkiyyət hüququ var və həmin evin başqa şəxslər tərəfindən zəbt edilərək istifadə edilməsi iddiaçının gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya Quba Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün 1000 kvadrat metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sitausiya planı tərtib edilmiş, iddiaçı torpaq sahəsi ona ayrıldıqdan sonra orada hasar çəkmiş, bir sıra abadlıq işləri aparmış, müxtəlif növ ağaclar əkmişdir və həmin torpaq sahəsi indiyədək onun istifadəsindədir. Bununla da iddiaçı həmin torpaq sahəsindən uzun müddət istifadə etməklə mülkiyyətçi kimi hüquq əldə etmişdir. Torpaq sahəsi iddiaçıya ayrıldıqdan indiyədək bələdiyyə bunu mübahisələndirməmiş, torpaq sahəsinin boşaldılması və ya hərraca çıxarıb satılması təşəbbüsündə olmamış, bununla da faktiki olaraq tərəflər arasında alqı-satqının mövcudluğunu qəbul etmişdir. Eləcə də müəyyən olunur ki, Quba Bələdiyyəsi tərəfindən hazırkı qətnamə mübahisələndirilməmiş, apelyasiya şikayəti verilməmişdir. Yəni bununla cavabdeh həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair alqı-satqı müqaviləsini qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir, formal mülahizələrə əsaslanmışdır. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən araşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Məmmədov Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar