Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-531/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 (sonuncu məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı 09 iyun 2015-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X19 doğulmuşdur.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı ildə vəfat etmişdir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Regional Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/02 saylı məktubundan görünür ki, Rusiya Federasiyası vətəndaşı olan xx.xx.1954-cü il təvəllüdlü Moktabar Asadova sonuncu dəfə Xaçmaz şəhəri, X23 küçəsi ev 29 ünvanında qeydiyyata alınmışdır.
5. Xaçmaz şəhər İƏD-nin xx.xx.2023-cü il tarixli, 2096 saylı arayışdan görünür ki, X11 məxsus və onun mülkiyyətində olan fərdi yaşayış evində, onun vəfatından sonra qızı Cavabdeh2 yaşayır.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə verdiyi elektron sorğu vasitəsilə əldə etdiyi cavabdan görünür ki, İddiaçı xx.xx.2015-ci ildə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2016-ci ildə geri qayıtmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ünvan 4 yaşayış evinə X9 adına texniki pasport işlənmişdir (1952-ci ildə yaşayış evi tikilmişdir).
8. Xaçmaz rayon Polis Şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 yaşayış evində X21, X2 və Cavabdeh2 qeydiyytadadırlar.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəmədə iddia qaldıraraq, onun, azyaşlı övladı Zara Əsədova ilə birgə cavabdeh Mötəbər Əsədovanın faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə yaşayış sahəsindən hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X8 ilə 09 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X19 anadan olmuşdur. X31 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Mötəbər Əsədova onun qayınanasıdır. ünvan 6 faktiki olaraq qayınanası Cavabdeh1 məxsusdur. Həmin evin sənədi olmasa belə cavabdehin faktiki sahibliyindədir. O, həmin ünvana gəlin köçmüş və yaşamışdır. Əri öləndən və aralarında münasibətlər korlandıqdan sonra, cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladı ilə birlikdə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalır və yaşayır. Halbuki o, mübahisəli evdə yaşamışdır və oradan istifadə hüququ əldə etmişdir. O, istəyir ki, həmin evə övladı ilə qayıdıb, orada yaşamaqda davam etsin. Lakin cavabdeh buna imkan vermir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, o, Cavabdeh1 məxsus evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmiş və o, ünvan 6-da yerləşən evdən istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir.
11. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 cavabdeh kimi işə cəlb edilmə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini, iddiaçının azyaşlı övladı ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun övladı 18 yaşına çatanadək tanınması və evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 oğlu Elşən Əsədov rəsmi olaraq 09 iyun 2015-ci il tarixdə Rusiya Federasiyasında evlənsə də, faktiki olaraq 19 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda evlənmişlər. 2015-ci ilin aprel ayında evləndikdən bir müddət sonra Elşən Əsədovun babası X12 məxsus, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olan Xaçmaz şəhəri, Atatürk küçəsi, 29 saylı evə iddiaçının cehiz əmlakları ilə birgə gəlin köçmüşdür. Gəlin köçdükdən bir müddət sonra onlar Rusiya Federasiyasına yaşamaq üçün gediblər. 2016-cı ilin yay aylarında Elşən Əsədov ağır xəstələndikdən sonra onlar yenidən Xaçmaz şəhəri, Atatürk küçəsi, 29 saylı evə, yəni Elşən Əsədovanın babasının evinə qayıdıblar. Bir müddət yaşadıqdan sonra Elşən Əsədov rəhmətə getmişdir. Onun bütün yas mərasimi ünvan 6-da cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan evdə keçirilmişdir. Yas mərasimi bitdikdən sonra uzun illər iddiaçı orada yaşamışdır. Azyaşlı övladı baxçaya və digər yerlərə oradan getmişdir. Təxminən 2-3 il qabaq iddiaçının qayınanası Mötəbər Əsədova iddiaçıya bildirdiki, Rusiyadakı evi satmaq istəyir və Elşənin vərəsəsi kimi imza etməlidir. İddiaçı buna razılaşmadıqdan sonra ünvan 6-da olan olan cehizi cavabdehlər çıxararaq çölə atıb, iddiaçını həmin evdə yaşamaqdan məhrum etmişlər. İddiaçının cehizi evləndiyi gündən orada olmuş, yoldaşı rəhmətə gedəndən sonrada uzun illər həmin evdə birgə cavabdehlərdən Cavabdeh2 ilə yaşamışdır. Həmçinin, iddiaçının azyaşlı övladı Zara Əsədovanın babasının övladının atasına çatacaq paya vərəsəlik üzrə “gözlənti” hüququ vardır. Bundan başqa həmin həyətdə 3 ev mövcuddur. Onlardan biri ikimərtəbəli köhnə tikili, 2 isə yeni tikilidir. Hal-hazırda faktiki olaraq iddiaçının yaşamağa evi və yeri yoxdur. Övladı ilə birgə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalır. Həmin evə iddiaçı övladı ilə birgə qayıdıb orada yaşamağa davam etsin. Cavabdehlər isə buna imkan vermir. Məhkəmə iclasına tərəfindən dəvət edilmiş şahidlər iddiaçının iddia ərizəsində qeyd etdiyi evdə, yəni iddaçının orada yaşamağını, gəlin köçməyinə dair faktları tam şəkildə təsdiq etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdehlər keçən məhkəmə iclaslarında da qedy ediblər ki, iddiaçının yoldaşı həmin evdə rəhmətə getmiş və orada da yaşamışlar. Məhkəmədən xahişi odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə iddaçının yaşayış sahəsindən istifadə hüququnun azyaşlı övladı Zara Əsədova ilə birgə övladının 18 yaşına çatanadək tanınması və evə köçürülməyinə dair qətnamə qəbul edilsin.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 27-də yaşayır. Möhtəbər qonşusunun gəlini olub. Cənnət də qonşusudur. Möhtəbər Rusiyada yaşayır. Hazırda ünvan 6-da tək Cənnət yaşayır. O, həmin küçədə 1975-ci ildən yaşayır. Cənnət həmin evin sakini olub. O, gələndə də o evdə Cənnət yaşayırdı. Eyni zamanda, Cənnətin anası Səbirə xala, atası Aydın dayı da o evdə yaşayırdı. İddiaçıı isə tanımır. Əsədov Elşəni də balaca vaxtı görmüşdür. İndi rəhmətə gedib. O vaxt toyu olanda toyuna getməmişdir. Elşən rəhmətə getdiyi xəbərini isə cənazəsini evə gətirəndə bilmişdir. Əsədov Elşənin yoldaşını isə tanımır.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 35-də yaşayır. Həmin evə gəlin kimi gəlmişdir. Möhtəbər qonşusunun böyük gəlini olub. Hazırda Rusiyada yaşayır. Hazırda ünvan 6-da Cənnət tək yaşayır. Əsədov Elşəni də tanımır. Yəni sadəcə adını eşitmişdir, özünü görməmişdir. Rəhmətə getdiyini eşitmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 27-də yaşayır. O, həmin evdə 1989-cu ildən yaşayır. Həmin evi almışlar. Qonşularla da əlaqələri elə o vaxtdan olub. Tahirgil, Cənnətgil onunla qonşuluqda yaşayıblar. Cənnətlə onlar üzbəüz qonşu olmuşlar. Həmin evdə Cənnət və anası Səbirə də yaşayırdı. Möhtəbər Rusiyada yaşayır, həmin evə gəlin kimi gəlmişdi. Əsədov Elşən isə rəhmətə gedib. Elşənin yas mərasiminə getmişdir, lakin yoldaşını orada görməmişdir. Daha doğrusu, yoldaşı ilə maraqlanmamışdır. Elşənin Rusiyada yaşadığını bilirdi. Onun toyu olanda pulu olmadığı üçün toya gedə bilməmişdir. İddiaçıı o evdə yaşayan görməmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, Sərvinaz onun ögey bacısının qızıdır. Lakin onlar çox mehribandır. Sərvinaz hazırda bir övladı ilə kirayədə qalır. Uşağa gah o, gah anası baxır. Sərvinaz özü Xaçmaza gəlin köçüb. Onun evinə qonaq da getmişlər, onlar da onlara qonaq gəliblər. Sərvinazın yoldaşının adı Elşən olub. Sərvinaz gəlin köçəndə cehizlərini Cənnətin evinə aparıb. Cehizlərini də o, özü yerləşdirmişdir. Toy aprel ayında olub. Toydan sonra 2-3 ay burada yaşadılar. Sonra isə Rusiyaya getdilər. Rusiyada 1 ildən çox yaşadılar. Daha sonra övladları xəstə olduğu üçün geri qayıtmaq məcburiyyətində qaldılar. Uşaq çox ağır xəstə idi. Bəzən o, də gəlib yanında qalırdı. Elşən yayda Xaçmazda rəhmətə getdi. Elşənin vəfatından sonra Sərvinaz 4-5 ay yenə həmin evdə yaşadı. Onların əlaqələri onda da kəsilməmişdi. Lakin Sərvinaz sonradan o evdə qala bilmədi. Çünki çox pis olurdu. Elşənin bütün yas mərasimlərində iştirak etmişdir. Elşənin ilinə kimi də o evə gedib-gəlmişdir. Elşənin il mərasimində də iştirak etmişdir. Sərvinazgil aprel ayından sonra 2-3 ay o evdə yaşayıblar. Sərvinaza mebel verməmişlər. Amma qalan hər bir şeyi vermişlər. Yorğan, döşək və başqa cehizlər verilib. Cənnətgil Sərvinazı bir ailə üzvü kimi qəbul etmişdilər. Bir övladları kimi çox gözəl qəbul etdilər. Hətta deyirdilər ki, Sərvinaz yeganə övladlarıdır.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, Sərvinaz yoldaşının xalası qızıdır. Ailə qurub. Ailə qurduğu tarix dəqiq yadında deyil. Lakin 7-8 il olar. Yoldaşının adı Elşəndir. Toyları da olub, özü də iştirak etmişdir. Toydan sonra Atatürk küçəsində yerləşən evə gəlin köçüb. Həmin küçə köhnə Kirov küçəsi olub. O küçədə göy qapı idi. Onlar həmin evə 3 il gedib-gəlmişlər. Münasibətləri yaxşı olub. Elşəndən əvvəl atası dünyasını dəyişib. Elşən özü 20 gün komada qaldı. Onlar toydan bir müddət sonra Rusiyaya getdilər. Tarixi dəqiq bilmir. Lakin bu evdə çox yaşamadılar. Toydan əvvəl də Elşən onlara gəlib-gedirdi. Həyətlərində o vaxt iki ev var idi. Biri yarımtiki ev idi. İddiaçı cehiz olaraq yorğan-döşək aparıb. Rusiyaya gedəcəkləri üçün mebel aparmayıb. Elşən Rusiyada işləyirdi. Onun orada evi var idi. Elşənin yas mərasimində iştirak etmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Sərvinaz bacısının qızıdır. 2015-ci il tarixdə ailə qurub. Toydan sonra Xaçmazda yerləşən evə gəlin köçüb. Həmin küçənin adı yadında deyil. Qayınanası Rusiyada yaşayırdı. Bibisi elçi gəlib. Bibisi gəlib onu gəlin aparıb. Toydan sonra da evinə getmişdir. Qayınanası da var idi. Lakin həmin evdə Sərvinaz yoldaşı və bibisi yaşayırdı. Həmin ev isə Sərvinazın qayınatasının evi idi. Onlar toydan bir müddət sonra Rusiyaya getdilər. Tarixi dəqiq bilmir. Lakin bu evdə çox yaşamadılar. Həmin evdə təxminən 2 ay yaşadılar. Sonra Rusiyaya getdilər. Yoldaşının xəstəliyi oldu deyə onlar geri qayıtdılar. Qayıtdıqdan sonra həmin evdə yaşadılar. Ora xəstə yanına da getmişdir. Daha sonra yoldaşı vəfat etdi. Yas mərasimində də iştirak etmişdir. Yasdan sonra Sərvinaz həmin evdə yaşayıb. Cehiz olaraq yorğandöşək aparıb. Mebel isə aparmayıb. Qayınanası Rusiyada yaşayırdı. Yalnız cehiz olaraq yorğan-döşək, pastel, dəsmal aparıb. Cehizləri toydan 2 gün əvvəl aparıb. Lakin mebel falan aparmayıb.
19. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Sərvinazı qonşu olaraq tanıyır. Yəni Sərvinazın atası onunla qonşudur. Sərvinaz hazırda o evdə yaşamır. Bilmir harada yaşayır. Yəqin ki, Xaçmazda kirayə qalar, ya da ki, Xaçmazda qardaşının evində yaşayır. Sərvinazgil 2015-ci il tarixdə ailə qurub. Toyları da olub, özü də iştirak etmişdir. Gəlin köçəndə özü ilə cehiz də aparıb. Onlarda belə bir adət var ki, qız köçəndə qonşuları çağırıb cehizləri göstəirlər. Hətta qonşular da pay aparır. Sərvinaz Rusiyaya gedəcəkləri üçün mebel dəsti aparmayıb. Lakin cehiz olaraq yorğan-döşək, pastel, xırda əşyalar aparıb. Mübahisə olunan ev Sərvinazın yoldaşının evi olub. Yas mərasimi də həmin evdə olub.
20. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Vüsalə Qasımova).
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.2, 152.3, 157.8, 158.1, 158.2, 158.4, 159-cu maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Belə ki, cavabdehlərin ona qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəmə onun ailə üzvü statusunun olmadığını qeyd etsə də, azyaşlı övladının onun himayəsində olduğunu nəzərə almamış, iddiasını düzgün qiymətləndirməmiş, yalnış nəticəyə gəlmişdir.
24. Xaçmaz Rayon Məhkəməsində proses zamanı yerində baxış keçirilməsi və protokol tərtibi ilə bağlı vəsatət verərək qeyd etmişdir ki, mübahisə predmeti olan yaşayış ərazisində 3 ədəd ev mövcuddur. Həmin evlərdən bir ikimərtəbəli köhnə tikili, 2 isə yeni tikilidir. Həmin yaşayış ərazisinə buraxılmadığından sübut toplamaq imkanı məhdudlaşmışdır. ünvan 6-da yaşayış ərazisinə mütəxəsisslərin, şahidlərin iştirakı ilə yerində baxış keçirilməsi və iş əlavə olunması zərurəti vardır. Məhkəmə isə heç bir əsas göstərmədən, əsaslanma olmadan vəsatətini təmin etməmişdir. Məhkəmədə iddia qaldıraraq İddiaçı azyaşlı övladı ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun övladı 18 yaşına çatanadək tanınması və evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 oğlu Elşən Əsədov rəsmi olaraq 09 iyun 2015-ciil tarixdə Rusiya Federasiyasında evlənsələr də faktiki olaraq 19 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda evlənmişlər. 2015-ci ilin aprel ayında evləndikdən bir müddət sonra Elşən Əsədovun babası X12 məxsus, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olan Xaçmaz şəhəri, Ataürk küçəsi, 59 saylı evə cehiz əmlakları ilə birgə gəlin köçmüşdür. Gəlin köçdükdən bir müddət sonra Rusiya Federasiyasına yaşamaq üçün getmişlər. 2016-cı ilin yay aylarında X31 ağır xəstələndikdən sonra yenidən Xaçmaz şəhəri, Atatürk küçəsi, 59 saylı evə, yəni Elşən Əsədovanın babasının evinə qayıtmışlar. Bir müddət yaşadıqdan sonra X31 rəhmətə getmişdir. Onun bütün yas mərasimi sözügedən evdə cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan evdə keçirilmişdir. Yas mərasimi bitdikdən sonra uzun illər o orada yaşamışdır. Azyaşlı övladı baxçaya oradan getmişdir. Təxminən 2-3 il əvvəl qayınanası Mötəbər Əsədova ona bildirmişdir ki, Rusiyadakı evi satmaq istəyir və Elşənin vərəsəsi kimi o da imza etməlidir. Buna razılaşmadıqdan sonra Xaçmaz şəhəri Atatürk küçəsi, ev 59-da olan cehizlərini cavabdehlər çıxararaq çölə atıb onu həmin evdə yaşamaqdan məhrum etmişlər. Cavabdehlər özləri onu həmin evə gəlin aparmış, onun cehizi evləndiyi gündən orada olmuş, yoldaşı rəhmətə gedəndən sonra da uzun illər həmin evdə birgə cavabdehlərlə yaşamışlar. Həmçinin qeyd edir ki, onun azyaşlı övladım Zara Əsədovanın babasının onun atasına çatacaq paya vərəsəlik üzrə “gözlənti” hüququ vardır. Bundan başqa həmin həyətdə 3 ev mövcuddur, onlardan biri ikimərtəbəli köhnə tikili, ikisi isə yeni tikilidir. Halhazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladı ilə birgə müxtəlif ünvanlarda, qohum yanında qalır.
25. Məhkəmə iclasına dəvət edilmiş şahidlər onun iddia ərizəsində qeyd etdiyi, yəni onun orada yaşamağı, gəlin köçməsinə dair faktları tam şəkildə təsdiq etmişdir.
26. Birinci instansiya məhkəməsi iddianın obyektiv araşdırılması görüntüsü yaratmaqla iddianın rədd edilməsi üçün işə aidiyyatı olmayan nə qədər hüquqi norma varsa qətnamədə ardıcıl düzmüş, lakin işin mahiyyətinə aidiyyəti olan normaları tətbiq etməmişdir. Məhkəmə iddianı rədd edərkən hüquqi əsaslandırma hissəsində iddiaçının mübahisəli evdə yaşayan Cavabdeh2 ilə arasında heç bir qohumluq münasibətləri olmadığından, onun həmin yaşayış sahəsindən istifadə hüququnun itirildiyini yazır. Qeyd edir ki, məhkəmə bu hissədə artıq iddia tələbindən kənara çıxmışdır. Belə ki, məhkəmə artıq bu cümlə ilə onun yaşayış sahəsindən istifadə hüququnun olduğunu qəbul etmiş, sonra isə bu hüququ itirdiyi qənaətinə gəlmişdir. Sanki məhkəmə “istifadə hüququnun itirməsi” ilə bağlı iddiaya baxmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış evinə dair mülkiyyət hüquqları hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, mərhum A.C.Əsədovun mülkiyyəti sayılır. İşin faktiki hallarından görünür ki, hazırda bu əmlakdan istifadəni və ona faktiki sahibliyi cavabdeh mülkiyyətçinin övladı Cavabdeh2 yerinə yetirir. Bu baxımdan Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. Məhkəmə bu hissədə artıq iddia tələbindən kənara çıxmışdır. Qətnamədən görünür ki və belə başa düşülür ki, məhkəmə vərəsəliklə bağlı mübahisəyə baxmaqdadır. Məhkəmə qətnaməsindən belə aydın olur ki, Cavabdeh2 yeganə vərəsədir. Kim mirası faktiki qəbul edib, kim mirası qəbul etməyib bu halın aydınlaşdırılması bu məhkəmənin predmeti deyildir. Onun azyaşlı övladının da vərəsəlik hüququ istisna edilmir.
27. Məhkəmə göstərməmişdir ki, hansı qanunvericilik onun istifadə hüququnun olmadığı təqdirdə onun evə köçürülmək hüququnu istisna edir? Məhkəmənin diqqətinə Mülki Məcəllənin 180-cı maddəsini analogiya üzrə tətbiq etməli olmasını dəfələrlə qeyd etsə də nəzərə almamışdır. Qətnamədən göründüyü kimi məhkəmə evə köçürülməyə aid hissəyə şərh verə bilməmişdir. Məhkəmənin evə köçürülməyə şərh verə bilməməsinin yeganə səbəb odur ki, məhkəmə şərh verəcəyi halda iddianın evə köçürülməsinə aid hissəsini təmin etməli idi. Ümumiyyətlə istifadə hüququnun təmin edilməməsinin iddianın evə köçürülmə hissəsinə hər hansı bir aidiyyəti yoxdur. Mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur. Onun evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanı olmalıdır.
28. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə isə məhkəmə belə şərh verir ki, 2016-cı ildə iddiaçının ailə münasibətlərinə xitam verildiyindən, həmin tarixdən iddiaçı cavabdehlərin ailə üzvü deyildir. Belə olan halda İddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə Cavabdeh2 sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə İddiaçı hazırkı iddiasının əsassız olması qənaətinə gəlir. Eyni zamanda, məhkəmə, iddiaçının 2016-cı ildə ərinin ölümündən sonra mübahisəli evdə deyil, başqa ünvanda yaşamasını nəzərə alaraq hesab edir ki, onun mübahisəli evdən istifadə hüququnun müəyyən müddətə saxlanılmasına da zərurət yoxdur.
29. O, 2016-cı ildə ərinin ölümüdən sonra 4 ilə yaxın müddətdir ki, ünvan 6-da yaşamışdır. İşləmir, adında hər hansı bir daşınar və daşınmaz əmlak yoxdur. Elektron məhkəmə informasiya sistemi bunun üzə çıxarılması üçün bütün imkanları vardır. Məhkəmə müəyyən müddət onun istifadə hüququnu müəyyən edib onu evə köçürə bilərdi. Buna hansı əsasın mane olmağı qətnamədən məlum deyildir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
31. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iştirak etdikləri iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
32. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iştirak etdiyi iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir.
34. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
35. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
40. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
51. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. İşin hallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə X8 ilə xx.xx.2015-ci il tarixində ailə qurmuşlar. İddiaçı ailə qurduqdan sonra müvəqqəti olaraq ünvan 6 (X9 adına texniki pasportu olan) ünvanında yaşasa da, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası sərhədini keçmiş, yaşamaq üçün Əsədov Elşən ilə birlikdə Rusiya Federasiyasına getmişdir. xx.xx.2016-ci ildə Əsədov Elşənin xəstəliyi ilə əlaqədar geri qayıtmışlar. X31 xx.xx.2016-cı ildə ölmüşdür.
54. Hazırda İddiaçı cavabdehlər olan qayınanası Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia qaldıraraq, azyaşlı övladı Zara Əsədova ilə birgə cavabdeh Mötəbər Əsədovanın və və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə ailə üzvü deyildir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir... Yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.”
57. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
58. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
59. Şərh olunan işin hallarına və yuxarıda qeyd edilən hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2015-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
60. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gəlin köçdüyü zaman qayınanasına və digər Cavabdeh2 münasibətdə ailə üzvü olmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
61. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bununla da kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.