Məhkəmə qərarları › İş №2(105)-535/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-535/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-535/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadından və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır (hakim Elman Məmmədov). İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4073/2023 nömrəli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını, yaxud eyni işə dair həm Sumqayıt Apellyasiya Məhkəməsində, həm də Ali Məhkəmənin icraatında mənzil məsələsinə dair işləri olduğundan Abşeron Rayon Məhkəməsində bu iddia tələbi üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı ilə şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elekton kabinet vasitəsilə) verilmədiyinə görə geri qaytarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 2(012)-4073/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(012)-4073/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlarından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4073/2023 saylı iş üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsini, yeni qərardad qəbul edilməklə Abşeron Rayon Məhkəməsinin icraatında olan iddia tələblərinə mahiyyəti üzrə baxılaraq iş üzrə icraatın dayandırılmasını, bu mümkün deyildirsə, Abşeron Rayon Məhkəməsinin təktərkibli məhkəmə hakiminə, sədrinə və bütün məhkəmə tərkibinə etdikləri etiraza baxılması üçün iş materiallarının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti onunla əsaslandırmışlar ki, onlar 12 aprel 2023-cü il tarixdə cavabdeh Azərbaycan Elm və Təhsil Nazirliyinə qarşı «daimi qeydiyyatda olmaqla yaşadığımız mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması» tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Bu iddia tələbi 17 aprel 2023-cü il tarixdə Şamaxı Rayon Məhkəməsində icraata qəbul edilmişdir. Məhkəmə baxışı müddətində Şamaxı İcra və Probasiya Şöbəsinin icra məmurları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1 və 17.1.4-cü maddələrini kobud surətdə pozub xx.xx.2023-cü il tarixdə onları yaşadıqları həmin mənzildən çıxartmışdır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1 və 17.1.4-cü maddələrinə əsasən icra sənədi üzrə və icra sənədinə əsas olmuş tələb üzrə borclu tərəfindən yenidən məhkəmədə mübahisə qaldırıldıqda iş üzrə icraatın məcburi olaraq dayandırılmalıdır. “İcra Məmurları” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə - icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Onlar yuxarıda qeyd edilən qanunların tələbinə görə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin qanunsuz əməllərindən Şamaxı Rayon Məhkəməsinə şikayət etmiş, Şamaxı Rayon Məhkəməsi isə 8(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək ərizəni təmin etməyib Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin törədəcəyi qanunsuz əməllərə şərait yaratdı və bir gün sonra – xx.xx.2023-cü il tarixdə “mənzildən istifadə müddətinin 3 il müddətinə uzadılması” iddia tələbləri üzrə iş məhkəmə icraatında ola-ola yaşadıqları mənzildən qeyriqanuni olaraq çıxarılmışlar. İddiaçılar Şamaxı Rayon Məhkəməsinin sədrinə və tərkibə etiraz etmiş, həmin etiraz da təmin olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Onlar Şamaxı Rayon Məhkəməsinin 8(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, hazırda həmin apellyasiya şikayəti 8(105)-89/2023 saylı iş kimi həm Sumqayıt Apellyasiya Məhkəməsinin, həm də eyni zamanda 8(102)-4/2023 saylı iş kimi Ali Məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu Məcəllənin 260.5-ci maddəsinə əsasən Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Odur ki, iddaçılar 01 noyabr 2023-cü il tarixdə 2(012)-4073/2023 saylı iş üzrə Abşeron Rayon Məhkəməsinə elektron məhkəmə kabineti vasitəsilə müraciət edib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Qeyd etmişlər ki, eyni məsələyə dair eyni zamanda həm Sumqayıt Apellyasiya Məhkəməsinin və həm də qeyri-qanuni olsa da Ali Məhkəmənin icraatında işləri vardır. Bu, həll olunmayınca hazırki iddia tələbinə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. Lakin Abşeron Rayon Məhkəməsi ərizələrinə münasibət bildirməmişdir. Buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2, 19.2.3, 21.4 və 22.5-ci maddələrinə əsasən onlar 2 dəfə Abşeron Rayon Məhkəməsinin iş üzrə hakiminə, birinci instansiya məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə əsaslandırılmış etirazlar etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-4073/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətləri geri qaytarılmışdır. AR MPM-nin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. AR MPM-nin 264.0.7-ci maddəsinə əsasən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 4073/2023 saylı qərardadında ondan şikayət verilmə qaydası və işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməmişdir. Buna baxmayaraq onlar bilirlər ki, bu qərardaddan Abşeron Rayon Məhkəməsinin özünə 10 (on) gün müddətində şikayət verə bilərlər. Odur ki, 11 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(012)-4073/2023 saylı qərardaddan Abşeron Rayon Məhkəməsinə şikayət etmişlər. Bu şikayətdə AR MPM-nin 260, 260.6-cı və 269-cu maddələrinə əsasən məhkəmədən, iddianın baxılmamış saxlanılmasına dair qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(012)-4073/2023 saylı qərardadının ləğv edilməsini və sonra yuxarıda qeyd etdikləri səbəblərə görə (Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin icraatlarında eyni məsələ ilə əlaqədar işləri olduğuna görə) iş üzrə icraatın dayandırılması barədə yeni qərardad qəbul etməsini xahiş etmişlər. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)- 4073/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli yeni qərardadı ilə onların apellyasiya şikayəti AR MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş formada verilmədiyindən, o cümlədən elektron məhkəmə kabineti vasitəsilə göndərilmədiyindən geri qaytarılır. Halbuki, əvvəla onlar apellyasiya şikayəti verməmiş, Abşeron Məhkəməsinin özünə şikayət etmişlər. Yuxarıda qeyd edildiyi kimi birincisi Abşeron Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında AR MPM-nin 264.0.7-ci maddəsinin tələblərini pozaraq bu qərardaddan şikayətvermə qaydasını göstərməmişdir. İkincisi də onlar həmin şikayəti elektron məhkəmə kabineti vasitəsilə göndərmişlər. Ona görə də birinci instansiya məhkəməsinin qərardadda yazdığı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.” cümləsini yazması əsassızdır. Çünki onların Abşeron Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(012)-4073/2023 saylı qərardadından verdikləri şikayət – apellyasiya şikayəti deyildir, Abşeron Rayon Məhkəməsinin 2(012)-4073/2023 saylı, xx.xx.2023-cü il tarixli yeni qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə istinad edilməsi də tam əsassızdır. Çünki onlar xx.xx.2023-cü il tarixli şikayətlərini elektron məhkəmə kabineti vasitəsilə həyata keçirmişlər. O cümlədən təkrar edirlər ki, həmin xx.xx.2023-cü il tarixli şikayətləri AR MPMnin 361-ci maddəsinin tələblərinə uyğun qaydada verməməklərinə görə məhkəmənin onlara irad tutması da tam əsassızdır – çünki 11 dekabr 2023-cü il tarixli şikayətləri apellyasiya şikayəti deyildir, birinci instansiya məhkəməsinin özünə göndərilmiş şikayətdir. Beləliklə, Abşeron Rayon Məhkəməsinin 2(012)-4073/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı və bu iş üzrə xx.xx.2023-cü il tarixli qərardad yuxarıda qeyd etdikləri səbəblərə görə ləğv edilməlidir. İş üzrə yeni qərardad qəbul edilməklə iddia tələblərinə mahiyyəti üzrə baxılması təmin edilməli, lakin yuxarı məhkəmə instansiyalarında bu iş ilə əlaqəli məhkəmə icraatları olduğundan Abşeron Rayon Məhkəməsinin icraatında olan iddia tələbi üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməlidir və yaxud Abşeron Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə etdikləri etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4073/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadlarının dəyişdirilmədən saxlanılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 2(012)-4073/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadlarından xx.xx.2023-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 29012)-4073/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, məhkəmə baxış iclasları xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdehlər isə gəlmiş, lakin işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. İddiaçıların məhkəmə iclasına gəlməmələri və cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etməmələrini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. İşdən o da aydın olur ki, şikayət elektron kabinet vasitəsi ilə verilsə də, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş formada verilməmiş, qanunvericiliklə müəyyən edilmiş formaya riayət edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların şikayətini geri qaytarmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki qərardadla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticələrin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılması barədə xx.xx.2023cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı və həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli 2(012)-4073/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar