Məhkəmə qərarları › İş №2(105)-537/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-537/2025

13.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-537/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(012)-2933/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə ünvan 1i ünvanında DƏDRX-də xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* nömrəli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı notarial qaydada alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətinə 4 ha torpaq sahəsi əldə etmişdir. Bir müddət əvvəl əldə etdiyi torpaq sahəsinə baxış keçirərkən cavabdeh tərəfin orada bir sıra özbaşına qanunsuz tikinti işləri aparıldığının şahidi olmuşdur. Həmin özbaşına tikinti işlərini aparan Cavabdeh öz iradını bildirmiş, həmin tikinti işlərinin dayandırılması və ərazinin boşaldılaraq tərk edilməsini tələb etmişdir. Lakin keçən həftə yenidən həmin əraziyə baxış keçirərkən iddiaçı orada cavabdeh tərəfindən özbaşına tikinti işlərinin dayandırılmadığını və hazırda da davam etdirildiyini görmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış iddiaçının xüsusi mülkiyyətində olan 2 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunaraq orada qanunsuz tikinti işləri aparılmışdır. Notarial qaydada alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətinə 4 ha torpaq sahəsi əldə etmişdir. Qeyd edilənlər barəsində bundan iddiaçının əvvəlki müraciətinə tərəflərindən baxılaraq xx.xx.2023-cü il tarixli 5- 29/2-A-258-071/2023 nömrəli məktubla Masazır kənd İnzibati Ərazi Dairəsinə müvafiq tapşırıq verilmişdir. Lakin verilmiş tapşırığa uyğun olaraq görülmüş tədbirlər barəsində hər hansı məlumat verilməmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətçinin razılığı olmadan ona məxsus torpaq sahəsində özbaşına tikinti işləri həyata keçirməyə səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsində aparılan tikinti işlərinə lazımi icazə alınmadığından həmin tikili özbaşına tikili sayılır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(012)-2933/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində tikinti işləri apararkən iddiçının həmin torpaq sahəsinə mülkiyyətçı kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən tikinti işlərinin aparılması 2022-ci ilin dekabr ayında yekunlaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının adına xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən şıxarışdan göründüyü kimi ünvan ümumi, yəni,”Abşeron rayonu, Masazır kəndi” kimi göstərilmiş, konkret ünvan göstərilməmişdir və iş materiallarına “Torpaq sahəsinin planı və ölçüsü” əlavə edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçının subyektiv hüququnun qeyri-müəyyən olduğundan, birinci instansiya məhkəməsi işə baxarkən qanunsuz olaraq iddiaçını mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi qiymətləndirmiş, bununla da Mülki Məcəllənin 152.2-ci,152.3-cü və 157.4-cü maddələrinin tətbiq edilməsində səhv buraxmış, yuxarıda sadalanan maddi hüquq normalarını səhv təfsir edərək düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.2-ci, 152.3-cü və 157.4-cü maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 152.2-ci,152.3-cü və 157.4-cü maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və cavabdehin hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir. Göstərilən vəziyyətdə evlərin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin cavabdeh təxminən iki il ərzində torpaq sahəsindən maneəsiz və fasiləsiz istifadə etmişdir. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi vəsatət təqdim edərək iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmsı üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə birinci instansiya məhkəməsində məhkəmə aidiyyatı pozulmaqla baxılmış və aidiyyat qaydaları pozulmaqla qətnamə qəbul edilmişdir. Elektron Məhkəmə Portalına nəzər yetirilərsə müəyyən olunacaq ki, həm iddiaçı, həm də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi sayılır. Odur ki, məhkəməyə müraciət edərkən iddiaçı iddia ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə verməklə MPM-nin məhkəmə aidiyyəti ilə bağlı müəyyən edilmiş qaydalarını pozmuş, Abşeron Rayon Məhkəməsi isə aidiyyat qaydalarını yoxlamadan işi icraatına qəbul etmiş və yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş, elektron kabineti vasitəsi ilə məhkəməyə müraciət edərək təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, iştirakı olmadan işə baxılmasını, cavabdeh tərəfindən işin əsassız yerə uzadılması üçün müxtəlif üsullarla verdiyi vəsatətlərin əsassız hesab edəsilməsini xahiş etmiş, mülkiyyətçi kimi mülkiyyət hüququnun pozulduğunu, cavabdehin özünün birinci instansiya məhkəməsində iddia tələbini etiraf etdiyini göstərmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi, onun vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən hazırkı iş üzrə qətnamə ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, cavabdehin vəsatətinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatlarla müəyyən olunur ki, İddiaçı VÖEN nömrəsi **********, Cavabdeh isə VÖEN nömrəsi ********** olmaqla vergi orqanlarında fərdi sahibkar kimi uçota alınmışlar Cavabdehin vəsatəti əsasında “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlarla müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “əmlakın kirayəyə verilməsi üzrə hazırlıq işləri” fəaliyyət istiqaməti üzrə, cavabdeh isə xx.xx.2015-ci il tarixdən “daşınmaz əmlakın qiymətləndirilməsi, icarəsi, satılması və alınmasında vasitəçilik” fəaliyyət istiqaməti üzrə hazırda da aktiv statusda olan vergi ödəyicisidirlər. Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında cavabdeh və vəkili iddiaçının öz nümayəndələri vasitəsi ilə onlara müraciət edərək torpaq sahəsinin boşaldılmasını tələb etdiyini, torpaq sahəsində özlərinin tikililər inşa edəcəyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, o cümlədən cavabdehin işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinə konkret əsaslarla etirazını təqdim etməmiş, yəni mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamasına dair dəlillər təqdim etməmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən halları, iddiaçı və cavabdehin hər ikisinin daşınmaz əmlakla bağlı fəaliyyət üzrə fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatda olmaları, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mübahisə predmeti torpaq sahəsinin ölçüsünü və məqsədli təyinatının ehtiyat fondu torpaqlarına aid olması, cavabdehin mübahisə predmeti olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması (iddia ərizəsinə əlavə edilmiş foroşəkillər və vəsatətə əlavə edilmiş müqavilələrdən göründüyü kimi, həmin ərazidə ayrı-ayrı şəxslərlə podrat müqaviləsi bağlayaraq fərdi yaşayış evləri tikərək təhvil verməsi), mübahisənin mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələb olmaqla hər iki tərəfin - iki fərdi sahibkarın əşya-hüquqi münasibətlərdən irəli gələn ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması qənaətinə gəlməyə əsas verir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, “...İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. 14-cü bənddə göstərilir ki, “...Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır...” Həmin Qərarın 25-ci bəndində göstərilir ki, “Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Bundan əlavə, həmin Qərarın 28-ci bəndində göstərilir ki, “...fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. MPM-in 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilərək baxıldığından, cavabdehin vəsatəti təmin olunmalı, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 397-398, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(012)-2933/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar