Məhkəmə qərarları › İş №2(105)-539/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-539/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-539/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)- 7733/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında ünvan 1-ə dair alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddiaçı həmin mənzili 12 mart 1992-ci ildə Cavabdeh 250000 rus rublu ödəməklə almışdır. Bu barədə 12 mart 1992-ci ildə akt da tərtib olunmuşdur. Həmçinin cavabdeh və onun həyat yoldaşı 14 iyul 1992-ci ildə Sumqayıt şəhər 2 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, həmin evin iddiaçının adına alqı-satqı yolu ilə rəsmiləşdirilməsinə etirazlarının olmamalarını və razı olduqlarını bildirmişlər. Lakin həmin ərizələr notarial qaydada təsdiq edilməyib. Bundan sonra iddiaçı cavabdehdən xahiş etmişdir ki, ona etibarnamə versin. 05 aprel 2018-ci ildə cavabdeh ona 3 ay müddətinə etibarnamə vermişdir. Lakin müəyyən səbəblərdən iddiaçı evi öz adına sənədləşdirə bilməmişdir. Cavabdeh evi ona satsa da, onların arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. 12 mart 1992-ci ildən həmin ev faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Qeyd etdiyi kimi cavabdeh ona etibarnamə versə də, iddiaçı bu günə kimi mənzili öz adına keçirə bilməmişdir. Belə ki, etibarnamənin müddəti bitdiyindən onu həyata keçirə bilməmişdir. Qeyd edir ki, cavabdehin hal-hazırda harada yaşaması barədə məlumatları yoxdur. Azərbaycan Respublikası BPQMİ-nin MAPS şöbəsindən aldıqları arayışdan görünür ki, cavabdeh hazırda da faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin arayışda cavabdehin iddiaçının ünvanında qeydiyyatda olduğu müəyyən olunsa da, o, ailə üzvləri ilə birlikdə 1992-ci ildə mənzildən faktiki olaraq çıxmışdır. Cavabdehin faktiki olaraq harada yaşadığını bilmir. Lakin cavabdeh iddiaçıya etibarnamə vermək üçün ondan 5000 manat məbləğində pul tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddia ərizəsinə və ona əlavə edilmiş etibarnaməyə əsasən cavabdeh 05 aprel 2018-ci ildə iddiaçıya 3 ay müddətinə etibarnamə vermiş, lakin iddiaçı yenədə evi öz adına rəsmləşdirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni həlli baxımından ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin hansı vaxtda yarandığının müəyyən edilməsi zəruridir. İşdən görünür ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi barədə arzuladığı mənzili 1992-ci ildə cavabdehin aldığını iddia edir Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti elə həmin dövrdə, yəni 1992-ci ildə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətləri 12 mart 1992-ci ildə yarandığından mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını (köhnə redaksiya 1964-cü il) Mülki Məcəllənin 43-cü maddəsi təşkil edir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən mənzil 04.05.2018-ci il tarixli çıxarışa əsasən Cavabdeh məxsusdur. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir (Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarı). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır (Mülki Məcəllənin 73, 77, 82-ci maddələri (köhnə 1964-cü il redaksiyası)). Mülki Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının 22 mart 2006-cı il tarixli qərarına görə göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İşdən göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə iddia müddətini ötürməklə, yəni 29 il, 5 ay, 25 gün sonra müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar