Məhkəmə qərarları › İş №2(105)-542/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-542/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-542/2025 17.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi-mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5182/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89 03 aprel 2024- cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünməsi, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin, 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi qismən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir.

4. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 29 fevral 2024-cü il tarixli, 16/01 saylı protokolundan görünür ki, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilinin satış qiyməti 65900 manat müəyyən edilmişdir.

5. xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı tərəfindən əmlakın dəyərinin əvəzi olaraq 32950 manat pul vəsaiti Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına köçürülmüşdür.

6. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 01/317 saylı məktubun surətindən görünür ki, 05 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı Vafiq qızının və Cavabdeh paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin 89 saylı mənzilini 65900 manat olmaqla qalib alıcı İddiaçı Vafiq qızı əldə etmişdir.

7. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Vafiq qızının nümayəndəsi X4 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı Vafiq qızının nümayəndəsi X4 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı Vafiq qızı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89-dan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 89 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Həmin mənzili birgə nikah dövründə əldə etmişdirlər. Məhkəmə qərarı ilə həmin mənzil onların arasında 1/2 hissədə bölünmüşdür. Daha sonra isə hərrac vasitəsilə həmin mənzili almışdır. Cavabdeh pul vəsaitini xx.xx.2024-cü ildə alsa da, bu günə kimi həmin mənzildən çıxmamış və mənzili ona təhvil verməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hətta Sumqayıt ŞPİ-nin 4-cü PBnə də şikayət etmişdir. Lakin iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxarılmalıdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5182/2024 nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının keçmiş əridir. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilin, ünvan 4ən 89 saylı mənzilin üzərində ½ hissədə X2, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi qət edilmişdir. ünvan 4ən 89 saylı mənzilin üzərində ½ hissədə X2, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi hissəsində qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilmiş ünvan 4ən 89 saylı mənzil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünməsi, mənzilin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 191/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi qismən-Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin, 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin 16/01 saylı, 29 fevral 2024-cü il tarixli protokoluna əsasən əmlakın satış qiyməti 65900 manat, hərracın qalibi isə İddiaçı olmuşdur. İddiaçı tərəfindən sözügedən əmlakın dəyəri olaraq 32950 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarışla həmin əmlak üzərində İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdehin həmin mənzildən deyil, mənzilin üzərində yerləşən mansarddan istifadə etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edib ki, məhkəmə tərəfindən qeyd olunan mənzilin yerində müayinəsi həyata keçirilərkən mənzilin açarının cavabdehdə olması, habelə iddiaçıya məxsus mənzilin qapısını açarla açaraq mənzilə daxil olması, beləliklə sözügedən mənzildən istifadə etməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin daxilində mansarda mərtəbəsinə qalxmaq üçün pilləkən mövcuddur. Mansard hissədə yaşayış üçün şərait olsa da mətbəx mövcud deyildir, mətbəx iddiaçının mülkiyyətində olan mənzildə yerləşir. Bu halda cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsini təsdiq edir. Sadalanan halları nəzərə alan məhkəmə hesab edib ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5182/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır və onlar 2017-ci ildə ayrılmışlar. Mübahisəli mənzili birgə nikah dövründə əldə etmişlər. Məhkəmə qərarı ilə həmin mənzil aralarında 1/2 hissədə bölünmüşdür. Daha sonra isə hərrac vasitəsilə həmin mənzil iddiaçı tərəfindən alınmışdır. Hazırda cavabdeh mənzilin mansard hissəsində yaşayır. Mansard hissə həmin mənzildən ayrıdır və onların arasında pilləkən vardır. Mansardla bağlı onunla X3 arasında müqavilə bağlanmışdır. Həmçinin evin aşağı mərtəbəsi ilə mansart hissənin müqaviləsi ayrı-ayrı şəxslərlə bağlanmışdır və birbirlərinə aiddiyatı yoxdur. Hazırda o ümumiyyətlə mənzilin aşağı mərtəbəsindən istifadə etmir. Kommunal xərclər də, mansart üçün mənzildən ayrı olaraq hesablanır və hər ay ödənişləri o icra edir. Məhkəmə iclas zamanı bu hallar ciddi şəkildə araşdırılmamışdır və işi məhz iddiaçının xeyrinə olan formada yekunlaşdıraraq, onun iddia tələbini təmin etmişdir. Hazırda həmin qətnamənin icrası mümkünsüzdür. Belə ki, məhkəmə mübahisəli olan mənzil ilə mansart hissənin ayrı sənədlərlə özəlləşdirilməsini nəzərə almamışdır. Mansartın özünün mənzildən ayrı olan özünə aid olan giriş qapısı mövcuddur. Bu halda, iddiaçı tərəf mansart və mənzili ayıran pilləkən hissəni bağlamalı və mənzildən mansart hissəyə olan girişi ləğv etməlidir. Cavabdeh bu prosesi icra etməsi üçün iddiaçı tərəfə şərait yaradacaqdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmuş və həmin əmlak məhkəmə qətnaməsi ilə onlar arasında ½ hissədə bölünmüşdür. Bundan sonra isə əmlak hərrac vasitəsilə iddiaçı tərəfindən alınmışdır və hazırda iddiaçının mülkiyyətindədir. Belə ki, cavabdeh öz payını iddiaçıya satmışdır. Buna baxmayaraq, cavabdeh sözügedən mənzildən çıxmaq istəmir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mansard evin üst hissəsi olmaqla qanunla heç kəsin mülkiyyətinə verilə bilməz. Qanunla mansarda dair kiminsə hər hansı hüququnun qeydə alınması, sənədin verilməsi mümkün deyil. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin icrasını uzatmaq, məqsədilə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən nümayəndə və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5182/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması barədədir.

27. Araşdırılan işin mübahisə olunmayan hallarından görünür ki,Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilin, ünvan 4ən 89 saylı mənzilin üzərində ½ hissədə X2, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi qət edilmişdir.

28. Sözügedən qətnamənin “ünvan 4ən 89 saylı mənzilin üzərində ½ hissədə X2, ½ hissədə Cavabdeh bərabər paylarının müəyyən edilməsi hissəsi” yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

29. Qətnamə icra edilmiş ünvan 4ən 89 saylı mənzil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Bundan sonra İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünməsi, mənzilin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi qət edilmişdir.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-191/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-254/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi qismən-Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 45V saylı evin, 89 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75400 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin 16/01 saylı, 29 fevral 2024-cü il tarixli protokoluna əsasən əmlakın satış qiyməti 65900 manat, hərracın qalibi isə İddiaçı olmuşdur. İddiaçı tərəfindən sözügedən əmlakın dəyəri olaraq 32950 manat məbləğində pul vəsaiti ödənilmişdir.

33. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2024-cü il tarixli çıxarışla həmin əmlak üzərində İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır.

34. Hazırda iddiaçı öz tələbində Cavabdeh ona məxsus mənzildən çıxarılmasını tələb edir.

35. İddia tələbinə etiraz edən cavabdeh isə apellyasiya şikayətinin dəlillərini həmin mənzildən deyil, mənzilin üzərində yerləşən mansarddan istifadə etməsi ilə əsaslandırmışdır.

36. Məhkəmə kollegiyası isə həmin dəlili əsassız hesab edərək qeyd edir ki, əvvəla iş üzrə mübahisəli mənzilə yerində baxış keçirən birinci instansiya məhkəməsi qeyd edib ki, “mənzilin yerində müayinəsi həyata keçirilərkən mənzilin açarının cavabdehdə olması, habelə iddiaçıya məxsus mənzilin qapısını açarla açaraq mənzilə daxil olması, beləliklə sözügedən mənzildən istifadə etməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin daxilində mansarda mərtəbəsinə qalxmaq üçün pilləkən mövcuddur. Mansard hissədə yaşayış üçün şərait olsa da mətbəx mövcud deyildir, mətbəx iddiaçının mülkiyyətində olan mənzildə yerləşir. Bu hal da cavabdehin iddiaçıya məxsus mənzildən istifadə etməsini təsdiq edir.

37. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh mübahisəli evin mansard hissəsindən müqavilə əsasında istifadə etməsini bildirsə də bu halları təsdiq edən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı etirazının əsaslarını sübut edə bilməmişdir.

38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır.

39. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin göstərilən müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

40. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5182/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar