Məhkəmə qərarları › İş №2(105)-546/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-546/2022

28.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-546/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) evə köçürülmə və yaşayış-istifadə hüququnun tanınması tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(012)-5458/2021 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun tanınmasını da xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı həyat yoldaşıdır. Onların birgə nikahından X6 və X7 adlı 2 (iki) övladları vardır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçıya məxsus əmlaklar da həmin evdədir. Cavabdeh qərəzli olaraq iddiaçını övladları ilə birlikdə həmin ünvana buraxmaq istəmir və onları həmin evdən çıxaracağını bildirir. Hazırda valideynlərinin yanına müvəqqəti sığınmışdır. Bu səbəbdən də iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən İddiaçı övladları 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həsənağa Turabov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış-istifadə hüququnun tanınmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(012)-5458/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı övladları - 08 dekabr 2008-ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X7 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 14.11.2012-ci il qeydiyyat tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elçin Kazımov) Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı məhkəməyə iddiasını sübut edəcək heç bir sübut təqdim etməmiş, onun təqdim etdiyi sübutları isə məhkəmə əsaslı kimi qiymətləndirməmişdir. Onun mülkiyyət hüquqları qanunvericliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Hazırki mülki iş üzrə ev onun mülkiyyətində olduğuna görə iddiaçı ona münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan ailə üzvləri, həmçinin digər qohumlar kateqoriyasına aid edilə bilməz. Çıxarılan qətnaməyə əsasən, onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə iclasında öz izahatında da qeyd etmişdir ki, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 14.11.2012-ci il qeydiyyat tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Həmçinin həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi də tikmişdir. İddiaçı və cavabdeh onun uzaq qohumalarıdır. Ona məxsus evi onlara müvəqqəti yaşamaq üçün vermişdir. Onlar onun evində yaşaya-yaşaya özlər üçün ev tikməyə başlamışlar. Onun faktiki ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, Dilarə Əliyeva 7 ünvanıdır. Onların maddi vəziyyətinin pis olduğunu, himayələrində 2 azyaşlı uşaqlarını düşünərək onlara müvəqqəti yaşamaq üçün evi vermişdir. Evə dair lazımi bütün hüquqi sənədlər iş materiallarına əlavə olunmuşdur. Sonradan tərəflər arasında yaranmış mübahisənin onun evilə heç bir əlaqəsi olmamalıdır. Belə ki, onlar ailə üzvləri deyil, onların orada yaşama hüququnun yaranması onun hüquqlarının pozulması deməkdir. İddiaçı birinci instansiya məhkəməsində həmin evin onun sahibliyi və istifadəsində olmasını iddia etsə də, buna dair heç bir əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Lakin üçüncü şəxsin qanuni çıxarışını məhkəmə mötəbər sübut kimi qiymətləndirməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin qohumudur, yəni dayısıdır. Tural 2012-ci ildə alqı-satqı yolu ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almış və həmin torpaq sahəsində ev inşa etmişdir. Torpaq sahəsi onun mülkiyyətindədir, evin sənədi isə yoxdur. Həmin ev 2015-ci ilə qədər tikilib hazır olmuş, 2015-ci ilədək ev boş qalmışdır, çünki Turalın atasının imkanı olduğu üçün əlavə olaraq bu torpaq sahəsini almış və ev tikmişdir. Dayısı, yəni Taleh Turala demişdir ki, öz evləri hazır olana qədər onun evində yaşasınlar. Tural da etiraz etməmiş və Taleh öz ailəsi ilə birgə həmin evdə yaşamağa başlamışlar. 26 aprel 2019-cu ildə Taleh qaynatası Səxavət Məmmədovun adına torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Aralarında razılıq olmuşdur ki, Taleh evi tikib qurtarsın, sonra öz evinə köçüb, Turalın evini boşaltsın. Bu vaxta qədər Tural tərəfindən həmin ailəni narahat edəcək heç bir şərait yaranmamış və ailəni evdən çıxartmaq istəyən, qovan olmamışdır. Artıq məhkəmə qaydasında evə köçürülmə məsələsi olanda, yəni mübahisə başlayanda Tural şikayət vermək məcburiyyətində olmuşdur. Tural hesab edir ki, onun mülkiyyəti olan evdə başqaları yaşamamalıdır. Talehin qaynatası da həmin evdə onlarla birgə yaşayır. İddia təmin olunmamalı idi. Çünki evə köçürülmədən söhbət gedə bilməz. Hüquqlarını müdafiə etdiyi şəxs iddiaçını evdən çıxarmırdı və evdən qovmurdu. Humanistlik edib öz evlərinin tikintisi sona çatana qədər qohum kimi yaşamalarına icazə vermişdir. Apellyasiya baxışı zamanı Cavabdeh bildirdi ki, ailəsilə birgə Sumqayıtda müxtəlif mikrorayonlarda kirayə yaşamışlar. Bir müddət də yataqxanada yaşamışlar. Anası rəhmətə gedəndən sonra bacısı oğlu onlara evində yaşamağı təklif etmişdir. Onlar da həmin vaxtdan ailəvi Turalın evində yaşamışlar. İndi torpaq sahəsi almış və orada ev tikir. Tikib qurtaran kimi öz evlərinə köçüb, Turalın evindən çıxacaqlar. Sonda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, X5 həyat yoldaşı Talehin bacısı oğludur. 2011-ci ildə bu torpağı Laçın rayonundan olan bir şəxsdən xalası oğlunun iştirakı ilə atası Səxavət almışdır. Onların etimadından istifadə edən həyat yoldaşı Taleh 2012-ci ildə həmin torpaq sahəsini bacısı oğlu X1 adına sənədləşdirmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, torpaq sahəsi bacısı oğlu Turalın adına sənədləşdirilmişdir. O narazılığını bildirmiş, yoldaşı da evdə dava-dalaş düşməsin deyə demişdir ki, öz adlarına sənədləşmə aparsalar, çörək pulu müavinəti ala bilməyəcəklər. O bu haqda Turala müraciət etmiş, Tural bildirmişdir ki, dayısı nə vaxt desə, torpağı geri qaytarar. Bu torpaq əkin məqsədli kənd təsərrüfatlı təyinatlı torpaq sahəsidir ki, orada fərdi yaşayış evi tikilməsi qəti qadağan idi. Ancaq məcburi köçkün olmalarını nəzərə alaraq orada ev tikilməsinə heç kim etiraz etməmişdir. Qonşuların da aktından görünür ki, onlar X2 tanımırlar. Buradan belə bir sual meydana gəlir: 10 il müddətində Tural nəyə görə bir dəfə də olsun məhkəməyə şikayət etməmişdir?. Atası uzun müddət Qubadlı rayonunun xəstəxanasında işləmişdir. Eyni zamanda ailənin tək qızı olduğu üçün atasının verdiyi Binəqədi rayonunda olan evi satıb bu evin tikilməsinə xərcləmişlər. X1 yazdıqları yalandır. Yaşadıqları evin Turala heç bir aidiyyəti yoxdur. Atası evi Turalın adına keçirtməyə bir şərtlə icazə vermişdi ki, sonra onun oğlunun adına keçirtsin. Atası Talehin dediklərinə inanmış və heç bir etiraz etməmişdir. Artıq 7-8 ildir həmin evdə yaşayır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(012)-5458/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 16 dekabr 2008ci il tarixdə verilmiş AZ-İİ seriyalı 207543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 dekabr 2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 dekabr 2008-ci il tarixdə 6100 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 11 dekabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 381034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 oktyabr 2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 dekabr 2009-cu il tarixdə 5467 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 16.11.2012-ci il tarixdə tərtib edilmiş AA seriyalı 044896 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 29.10.2012-ci il tarixli, 4ə/2960 nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********48 reyestr nömrəli 0.025 ha torpaq sahəsinə dair X1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14.11.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 336 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli, 105 saylı sorğuya cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 14 noyabr 2012-ci il qeydiyyat tarixli DƏDR-də 336 nömrəli kitabın 21 nömrəli vərəqində qeydiyyata alınmış ƏDR-dən çıxarışa əsasən X1 mülkiyyətində olan Saray qəsəbəsində yerləşən 0,025 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi bir mərtəbədən, üç otaqdan ibarətdir və 1951-ci il təvəllüdlü X8, 1977-ci il təvəllüdlü Cavabdeh, 1986-cı il təvəllüdlü İddiaçı, 2008-ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X7 fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə üdilmiş məcburi köçkün vəsiqəsinin surətindən və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verimiş arayışdan görünür ki, İddiaçı Qubadlı rayonundan və cavabdeh Quliyev X10 rayonundan məcburi köçkündürlər. İş materiallarına əlavə üdilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, üçüncü şəxs X1 Sumqayıt şəhəri, yat 7A, Bakı küç,məh 41 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən Cavabdeh iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidirlər. Bundan başqa, «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə görə, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və social baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyinəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Kollegiya hesab edir ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və hüquqi vəziyyəti bəlli olmayan yaşayış evinə hüququnun da tanınması mümkün deyildir. Bundan başqa, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə kollegiyası tərəflərin birgə nikahlarından anadan olmuş 08 dekabr 2008ci il təvəllüdlü X6 və 25 oktyabr 2009-cu il təvəllüdlü X7 İddiaçı himayəsində olduğunu nəzərə alaraq, onların anası ilə birlikdə mübahisəli evə köçürülməsi haqda tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Birinci instansiya məhkəməsində üçüncü şəxs X1 verdiyi izahatla müəyyən olunur ki, üçüncü şəxs evin ona məxsus olduğunu bildirsə də, məhkəmə baxışı zamanı torpaq sahəsini kimdən alması, hansı qiymətə alması, evin tikintisinin neçənci ildə başlandığı, tikintinin hansı müddətdə davam etdiyi barədə məhkəmənin suallarını cavablandırmamış və həmin evdə heç vaxt yaşamadığını bildirmişdir. İddiaçının apelyasiya baxışı zamanı verdiyi izahatla müəyyən olunmuşdur ki, cavabdeh ona hədə-qorxu gəlmiş, iddiaçı övladları ilə həmin yaşayış yerini bir müddət tərk etməli olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən həmin hüququn məhkəmədə tanınmasını arzulamış və beləliklə həmin hədələrə son qoyulmasını istəmişdir. Bununla belə, kollegiya iddiaçının evdən yaşayış-istifadə hüququnun tanınması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, evdə yaşayan iddiaçının və cavabdehin evə istifadə hüququ olmadığından iddiaçının həmin evə dair onun yaşayış-istifadə hüququnun tanınmasını tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanı olmalıdır. Bu isə evə yaşayış-istifadə hüququnun tanınması anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apellyasiya qaydasında baxılması üçün üçüncü şəxs tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apellyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(012)-5458/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar