Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-548/2022 01.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, iddiaçının vəkilləri Vəkil2 və Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 05 iyul 1965-ci il tarixində X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 5 övladları anadan olmuşdur. Onun əri X8 31 mart 1983-cü il tarixdə vəfat etmişdir. Onun övladı X13 21 fevral 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin bəzi məlum səbəblərə görə toyun səhərisi günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişlər. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu Əvəz Sadıqov şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və Cavabdeh1 xəbərləri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 kiminləsə ailə həyatı qurmuş və həmin şəxsdən də bir oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh1 nə onun mərhum oğlu Əvəz Sadıqovla, nə də onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək 03.10.1992-ci il tarixdə vəfat etmiş X7 22.01.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair ona və digər 1/3 hissəsinə dair 31.03.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi arvadı olan ona vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 onun mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da, qeyd etdiyi səbəbdən toyun səhərisi günü öz atası evinə getmiş, oğlu vəfat edən zaman yas mərasimində iştirak etməmiş, bundan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 04.02.1969-cu il təvəllüdlü X4 atası X8, anası İddiaçıdır. X13 03.10.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əvəz Sadıqovla onun arasında 21.02.1992-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında qeydləri kitabında 274 nömrəsi ilə qeyd edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə Əvəz Sadıqovun vərəsəsi 31.03.1983-cü ildə X2 ölməsi ilə əlaqədar miras onun vərəsəsi-İddiaçı miras əmlakdan 1/3 hissədə və X4 vərəsəsi-İddiaçı 1/3 hissədə pay almalıdır. 03.10.1992-ci il tarixdə vəfat etmiş Əvəz Sadıqovun miras əmlakına dair 22.01.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021ci il tarixdə ona, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair İddiaçı və digər 1/3 hissəsinə dair Əvəz Sadıqovun atası-31.03.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Əvəz Sadıqov 03.10.1992-ci ildə şəhid olmasına baxmayaraq o, şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamış, 2001-ci ildə isə 16.06.1967-ci il təvəllüdlü X17 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və onların bu nikahlarından 11.12.2001-ci il təvəllüdlü X14 adlı bir övladları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinə əsasən ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Lakin məhkəmə hesab etmişdir ki, o, 2001-ci ildə X17 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından 11.12.2001-ci il təvəllüdlü X14 adlı bir övladları olduğundan, o şəhid Əvəz Sadıqovun ailə üzvü hesab edilə bilməz, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Məhkəmə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu tətbiq etsə də, maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, onun faktiki nikaha daxil olması və faktiki nikahdan uşağının olmasına görə o, şəhid Əvəz Sadıqovun ailə üzvü hesab edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə absurd olmaqla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-ci maddəsinin də tələblərinə ziddir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Bundan əlavə məhkəmənin Mülki Məcəllənin 1248.1-ci maddəsinə istinad edərək ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması, yəni mirasın qəbulu müddətinin keçməsinə baxmayaraq şəhadətnamə verilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə tətbiq edilməli olmayan mülki hüquq normasını tətbiq etmiş, bununla da başqa hüquqi səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən X9 verilən cavab məktubundan görünür ki, 03.10.1992-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair 22.01.2021-ci il tarixdə vərəsəlik işi açılmış, miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə ona, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-31.03.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Göründüyü kimi, X4 şəhid olmasından sonra vərəsəlik işi 22 yanvar 2021-ci il tarixdə açılmışdır. O, 27 yanvar 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almış, şəhidin anası İddiaçı ondan təxminən 1 ay sonra, 18 fevral 2021-ci il tarixdə vərəsəlik şəhadətnaməsi almışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olarsa, onda şəhidin anasına da verilmiş vərəsəlik şəhadətnaməsi də qanunsuzdur. Bundan əlavə, əqdlərin etibarsızlığına dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 14-cü fəslində həyat yoldaşı şəhid olmuş qadının faktiki nikaha girməsi və faktiki nikahdan uşaq dünyaya gətirməsinə görə ona verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasını müəyyən edən heç bir maddi hüquq norması yoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 04.02.1969-cu il tarixdə anadan olmuşdur, atası X8, anası İddiaçıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 mart 1983-cü ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında arayışın surətindən görünür ki, X13 ilə Cavabdeh1 arasında nikah 21.02.1992-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında qeydləri kitabında 274 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03.10.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 03.10.1992-ci ildə ölmüş X4 vərəsəsi 31.03.1983-cü ildə X2 ölməsi ilə əlaqədar onun vərəsəsi-anası İddiaçı miras əmlakdan 1/3 hissədə və anası İddiaçı miras əmlakın 1/3 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitdən ibarətdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03.10.1992-ci ildə ölmüş X4 vərəsəsi arvadı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 11.11.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 21.02.1992-ci ildə Sumqayıt şəhər nikah evində (hazırki Sumqayıt şəhər qeydiyyat şöbəsi) 04.02.1969-cu il təvəllüdlü X13 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma nəticəsində atası 16.06.1967-ci il təvəllüdlü X19, anası isə Cavabdeh1 olan 11.12.2001-ci il təvəllüdlü X10 doğumunun Qubadlı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən X9 ünvanlanmış 695 saylı, 20 aprel 2021-ci il tarixli məktubdan görünür ki, 03.10.1992-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair 22.01.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır, miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə arvadı-Cavabdeh1, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-31.03.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2- 450/08 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, 04.02.1969-cu ildə anadan olmuş X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 03.10.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilmişdir. İşdən görünür ki, Cavabdeh1 X19 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, faktiki nikahlarından 11.12.2001-ci il tarixdə X15 anadan olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsinə görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Azərbaycan Respublikası MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə acılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-450/08 saylı qətnaməsi ilə X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 03.10.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilmişdir. Göründüyü kimi, X7 məxsus mirasın açıldığı vaxt onun həlak olması faktının müəyyən edildiyi Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-450/08 saylı qətnaməsinin qüvvəyə mindiyi 2008-ci il hesab edilir. Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh1 X7 məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Cavabdeh1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı qəbul edildikdən 3 ilə yaxın müddət keçdikdən sonra, yəni 27.01.2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət edərək 03.10.1992-ci ildə ölmüş X4 vərəsəsi kimi 1/3 hissədə pay almışdır. Göründüyü kimi, Cavabdeh1 qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinin etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Şərh edilən hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş X7 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-548/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-548/2022
01.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver