Məhkəmə qərarları › İş №2(105)-55/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-55/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-55/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddianın təmin olunması, Abşeron rayonu, Xırdalan qəsəbəsi 24-cü məhəllədə 2/7 saylı ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən hovuzdan Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə son qoyulsun, Cavabdeh tərəfindən ona əmlakından istifadə etməyə yaradılan maneələr aradan qaldırılması, İddiaçı məxsus hovuzun üzərindən cavabdehə məxsus əşyalar çıxarılması və hovuz iddiaçıya qaytarılması, Cavabdeh tərəfindən qanunsuz tikilmiş pilləkən və çardağın sökülməsi, iddiaçının mülkiyyətində olan evin divarının dibinə basdırılmış boru dirəklər və evin divarına quraşdırılmış cavabdehə məxsus dəmir qapının sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayon DTİ və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ********** saylı çıxarışdan və texniki pasportdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0,0292 ha olan torpaq sahəsi də mülkiyyəti hüququ ilə ona məxsusdur. Qonşuluqda yaşayan cavabdeh onun əmlak hüquqlarına müdaxilə edir, mülkiyyət hüquqlarından sərbəst istifadə etməyə mane olur. Cavabdeh onun su hovuzunu zəbt etmiş və hovuzun üzərindəki beton örtüyün üstünə özünə məxsus müxtəlif əşyaları yıgaraq oranı xarabaxanaya çevirmiş, ona məxsus bu əmlakdan istifadə etməyinə imkan vermir. Bundan əlavə cavabdeh onun evinin divarına bitişik mişar daşlardan hörülmüş pilləkən quraşdırmış, həmin pilləkəndən istifadə etməklə onun hovuzunun üzərinə yol açıb ondan istifadə edir. Bundan əlavə cavabdeh onun iradəsinə zidd olaraq evinin pəncələrinin düz qarşısında betonla bərkidilən dəmir boru dirəkləri basdırmış, asma üzüm çardağı quraşdırmış və çardagın bir tərəfinin onun evinin divarının üst hissəsinə bağlamış. Göstərilən pilləkənin və üzüm çardağının qanunsuz quraşdırılması nəticəsində atmosfer suları onun evinin divarına ağır və bu suların divara hopması nəticəsində yaşadığı otaqların bütün divarları nəmişlənir, rütübətdən oboy və boyalar divardan qopur. Bundan əlavə divarların nəmişli vəziyyətdə olması onun və ailə üzvlərinin revmatizm və digər xəstəliklərə düçür olmasına səbəb olur. Həmçinin cavabdeh özbaşınalıq edərək ona məxsus evin künc divarına bitişik qanunsuz qapı quraşdırmış, evin yan tərəfinə yolunu tamam bağlamışdır. Bu hərəkətləri ilə özünə aid olmayan küçəyə qanunsuz olaraq ikinci giriş-çıxış qapısı açmış, onun yolunu kəsmiş, əmlakından sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırmışdır. Halbuki cavabdehin giriş-çıxış qapısı texniki plana əsasən Q.Qarayev küçəsinə çıxır. Göründüyü kimi ev digər tikililər və torpaq sahəsi rəsmi sənədlər üzrə onun mülkiyyətində olduğu halda, cavabdeh ona öz əmlakından sərbəst istifadə etməyinə müxtəlif maneələr yaratmış və əmlakının bir hissəsini faktiki zəbt edib özü istifadə edir. Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllədə yerləşən 2/7 saylı ünvanda yerləşən mülkiyyətində olan tikilidən və torpaq sahəsindən cavabdehin və onun ailə üzvlərinin çıxarılması, cavabdeh tərəfindən ona əmlakından istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması, yəni hovuzun üzərindən cavabdehə məxsus əşyaların çıxarılması və hovuzun ona qaytarılması, qanunsuz tikilmiş pilləkənin və çardağın sökülməsi, qanunsuz başdırılmış boru dirəklərin və qanunsuz quraşdırılmış dəmir qapının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Atası 1987-ci ildə növbəlik əsasında 3 otaqlı mənzillə təmin olunmuşdur. Hal-hazırda Xırdalan şəhəri, ev 2, mənzil 44 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda ona məxsus olan torpaq sahəsi 0,217 ha olan torpaq sahəsində 182 kv.m-lik fərdi yaşayış evi tikmişdir. Həmin tikilmiş evin texniki pasportu, reyestrdən çıxarış sənədi və digər sənədlər qaydasındadır. Onun tikidiyi ev iddiaçı Ə.Ağayevdan əvvəl inşa olunmuşdur. İddiaçı tikdirdiyi evin onun həyətinə 2 pəncərə qoymuşdur. O vaxt o, buna reaksiya verməmişdir. İddiaçının iddia etdiyi tikilmiş pilləkən və qapı həmin illərdə tikilmişdir. Tikdirdiyi evin onun dediyinə görə pilləkənin və qapının o dövrdə tikilməsini düzgün hesab etmirsə, niyə evinin düz yox, Q-şəkildə tikilməsinə razılıq vermişdir. Onun həyətə çıxan qapının qarşısını qonşularda təstiq edə bilər. Həmçinin iddiasında göstərdiyi suyu onun divarına vurulması və xəstəlik tapması yalandır. İddiaçı həmin sahədə yaşamır. Özü isə tikdirdiyi evə iki tərəfdən qapı açmışdır. Ora vurulan su isə onun damından və navalçadan axan sular onun həyətini pis günə salır. Onun tikdiyi həyət iddiaçının tikdirdiyi binadan ağagıdadır. Navalçadan tökülən yağış suları onun həyətinə dolur. İddiada göstərilən su hovuzu onun dediyi kimi deyil. Bu 2 saylı bina üçün 1987-ci ildə Azərsu tikinli 2 saylı TQŞ tərəfindən Metalkonstruksiya ilə inşa olunmuşdur. Həmin su ambarı Ağayeva tərəfindən zəbt olunduğu üçün hal-hazırda binanın sakinləri suya həsrətdir. Həmin su hovuzunun üstündə heç bir tullantı və zibil yoxdur. Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin xx xxxx 2015-ci il tarixli arayışdan görünür ki, onun adına Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2, mənzil 44-dən başqa mülkiyyətində fərdi yaşayış evi yoxdur. Eyni zamanda Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli 215 saylı məktubundan göründüyü kimi, ona və ailə üzvlərinə Xırdalan Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikilməsi məqsədi ilə torpaq sahəsi ayrılmamışdır. Məhkəmə heç bir araşdırma aparmadan heç bir dövlət orqanından iddiaçının qonşulugunda yerləşən həyətyanı torpaq sahəsinin mülkiyyətçisini müəyyən etmədən qətnamə qəbul etmişdir. Ekspert tərəfindən mübahisə predmeti olan hovuzun iddiaçının torpaq sahəsinə düşməsi olunsada, onun üzərindəklərin kimə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin hansı səmtindəki qonşusunun və həmin qonşuluqda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisini müəyyən etmədən ona qarşı irəli sürülən iddia üzrə onu cavabdeh kimi tanıyaraq iddia tələbini qanunsuz olaraq ona qarşı təmin etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-87/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı cavabdeh əsl cavabdeh X2 ilə əvəz edilmişdir. İş üzrə İddiaçı və cavabdeh S.V.İbrahimova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağdan sərbəst istifadəsinə mane törətməsinin ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx xxxxxxx 2013-cü il tarixli, RX seriyalı, ********** saylı qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeronz rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2/7 saylı ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxx 2017-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi 23 saylı ev S.V.İbrahimovanın xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası ƏN-i Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli rəyə əsaslandırmışdır. Azərbayjan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2537 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin Bakı LTİ-nin mühəndisi tərtib etdiyi mütəxəssis rəyin əsasən, iddiaçı Ə.Ə.Agayevanın ********** qeydiyyat nömrəli xx xxxxxx 2017-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası ƏDMK-i yanında DƏDRX-nin HDQ-ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi ümumi sahəsi 0.0292 ha olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində iddiaçıya məxsus yaşayış evi mövcuddur. Həmin torpaq sahəsində cavabdeh S.V.Mbrahimova tərəfindən tikinti işi aparılmamışdır. Cavabdeh S.V.İbrahimova tərəfindən aparılan tikililər iddiaçı Ə.Ə.Agayevaya məxsus ümumi sahəsi 0.0292 ha olan torpaq sahəsinə düşmür. Cavabdeh S.V.İbrahimova tərəfindən özünə məxsus olan həyətdə inşa edilmiş pilləkən iddiaçıya hər hansı bir maneə törətmir. Cavabdeh S.V.İbrahimova tərəfindən özünə aid olmayan küçəyə ikinci giriş qapı açmışdır, lakin həmin qapının açılması iddiaçının yolunu kəsmir. Cavabdeh S.V.İbrahimovanın həyətində digər qapı mövcuddur. Həmin qapının (və ya darvaza) iddiaçının yaşayış evinin yerləşdiyi küçəyə açılır, həmin yolun açılması iddiaçı Ə.Agayevaya əmlakından istifadə imkanlarını məhdudlaşdırmır. Məhkəmə kollegiyası iclası və iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh S.V.İbrahimova iddiaçının istifadəsində olan torpağa və əmlaka heç bir müdaxilə etmir və manelər yaratmır. İddiaçı cavabdeh tərəfindən ona məxsus olan hovuzun üzərindən əşyaların çıxarılması və hovuzun ona qaytarılması barədə tələbini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, həmin hovuzun iddiaçının mülkiyyətində olması barədə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə keçirilmiş ekspertiza xərcləri İddiaçı tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(012)-87/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (üç yüz əlli) manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar