Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-550/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(012)-3898/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi ona aid 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Türkiyə vətəndaşı olmaqla həmin ölkədə yaşayır və vəkil olaraq çalışır. Onun valideynləri və digər yaxınları Azərbaycanda yaşayır. Belə ki, onun valideynləri atasının işi ilə bağlı olaraq artıq neçə illərdir ki, Bakıdadırlar. O isə ilin müəyyən müddətlərini, bayram tətillərini gələrək burada onlarla birlikdə keçirir. O, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı (villa həyət evi) valideynlərinin təklifi və onların dəstəyi ilə inşaatçı şirkət olan Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı müqavilə əsasında əldə etmişdir. Müqavilə qiyməti onun tərəfindən tam şəkildə ödənilmiş, Cavabdeh MMC tərəfindən isə ona maliyyə arayışı təqdim olunmuşdur. Halhazırda, o həmin evi təmir edib oraya köçərək yaşamasa da, faktiki sahibi və qanuni istifadəçisi hesab olunur. Evin giriş-çıxış qapısının açarları onda olmaqla 2019-2021-ci illər üçün kommunal xərclər ödənilmiş və bununla bağlı ödənişi təsdiq edən möhürlü qaimə də təqdim olunmuşdur. Evin tikilisi iki mərtəbədən ibarət olmaqla sahəsi 287.24 kv.m-dir. Tikintialtı və həyətyanı torpaq sahəsi ilə birlikdə (ona məxsus ümumi torpaq sahəsi 0.0958 ha-dır, tikintialtı sahə bu sahənin içindədir) ev ümumi mühafizə olunan böyük bir məhəllənin tərkib hissəsində olmaqla həmin məhəllənin həyətində yerləşən villalardan biridir. Artıq bir müddətdir ki, o, sözügedən yaşayış evini ərazi üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında qeydiyyata aldırmaq və hüququnu tanıtdırmaq niyyətindədir. Bununla bağlı o, bir neçə dəfə cavabdeh şirkətə və rəhbərliyinə şifahi müraciətlər və xahişlər etmiş, lakin artıq bir ildən çoxdur ki, cavabdeh evlə bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyə müxtəlif bəhanələr gətirərək əməl etmir. Cavabdeh MMC rəhbərliyi yaşayış evini əvvəlcə özləri qeydiyyata aldıracağını, daha sonra isə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edəcəklərini dəfələrlə bildirsə də, məsələ hələ də həllini tapmamışdır. Hətta, bununla bağlı o, 2021-ci ilin oktyabr ayında şirkətin direktoru qanuni təmsilçisi X2 3 ay müddətində sənədləşdirilmə aparılması və tamamlanması üçün etibarnamə də vermişdir. Lakin bu müddət ərzində də evin sənədləşdirilməsi həyata keçirilməmişdir. Bu ilin mart ayında o, nümayəndə vasitəsilə ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib qeydiyyat üçün tələb olunan sənədlərin nədən ibarət olmasını aydınlaşdırmağa çalışmış, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşən yaşayış evlərinin (villaların) hüquqi qeydiyyatının aparılıbaparılmamasına, indiyə qədər həmin evlərdən neçəsinin qeydiyyata alınmasına dair, qeydiyyat əməliyyatları aparılırsa, bunun üçün hüquq sahibi tərəfindən hansı sənədlərin təqdim olunmalı olmasına dair yazılı arayış verilməsini xahiş etmişdir. Müraciəti cavablandıran 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır.” Halbuki, o, qeydiyyatı deyil, məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsi onun malik olduğu sənədlərin (müqavilə və maliyyə arayışı) yetərli olmadığını ifadə etmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkət lazımi sənədləri təqdim etməlidir ki, o, sənədləşdirməni qanunvericiliyə müvafiq qaydada özü həyata keçirsin. Lakin cavabdeh sənədləşdirilmə ilə bağlı müqavilə öhdəliyini icra etmir. Sözügedən villanın alqı-satqısına dair tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür. Bundan əlavə, müqavilənin “preambulası”na görə, satıcı villanın dəyəri 100% ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini də alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. 2022-ci ilin may ayında o, cavabdeh şirkətə yazılı ərizə ilə müraciət edərək, daşınmaz əmlakın (villanın) ilkin dövlət qeydiyyatının aidiyyəti ərazi qurumunda aparılması üçün tələb olunan sənədlərin ərizə alındığı zamandan hesablanmaqla 10 gün müddətində nümayəndəyə təqdim edilməsini xahiş etmiş, müraciəti xx.xx.2022-ci il tarixli cavab məktubu ilə cavablandıran şirkət sözügedən yaşayış kompleksində yerləşən A43 nömrəli fərdi yaşayış evinin ona məxsus olduğunu təsdiq etsə də, eyni zamanda, bildirmişdir ki, müəyyən səbəblərə görə villaya çıxarışın verilməsi prosesi xx.xx.2022-ci il tarixinə qədər başa çatacaqdır. Göründüyü kimi, cavabdeh şirkət “müəyyən səbəblər”in nədən ibarət olmasını açıqlamamışdır. Bu üzdən o, hesab edir ki, bu, prosesi süni və əsassız olaraq uzatmağın əlamətidir. Ona görə də o, hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən, onun mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan sənədlərin verilməsindən yayınmaqla bağlı hərəkətlərinə son qoymağı cavabdeh şirkətdən tələb etmək hüququ vardır. Sözügedən ev ona təhvil verilmiş, hal-hazırda da faktiki sahibliyində və istifadəsindədir. Bununla belə, mülkiyyət hüququ qeydiyyata alınmadığına görə evin yaşayış üçün uyğun hala gətirilməsi (təmir olunması, yaşayış-mebel vasitələrinin alınması və s.) işlərini o, başa vura bilmir, bunun üçün rəsmiləşmə işlərinin tamamlanmasını gözləməkdədir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(012)-3898/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(012)-3898/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Abşeron Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya satılmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazımi sənədlər Cavabdeh MMC tərəfindən 4 saylı Abşeron rayon İdarəsinə təqdim edilmədiyi üçün, bununla da müqavilə üzrə öhdəliklər pozulduğu üçün, cavabdehin üzərinə lazımi sənədlərin təqdim edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi Cavabdeh MMC villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Qeyd olunmalıdır ki, Cavabdeh MMC müqavilənin 5.1-ci bəndinə əsasən villanın ilkin hüquqi qeydiyyatı üçün zəruri olan və onda olan bütün sənədləri alıcıya təqdim etmişdir. Həmin sənədlər – borcun olmamasına dair maliyyə arayışı, alqı-satqı müqaviləsi və evin sxemindən ibarədir. İddiaçının iddia etdiyi və zəruri olan digər sənədləri Cavabdeh MMC təqdim edə bilmir. Çünki həmin sənədlərin nədən ibarət omlası və hansı olması ona məlum deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, A tipli ünvanda yerləşən 43 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan da göründüyü kimi qeydiyyat orqanı hüquqların qeydiyyata alınmasından imtina etmiş və iddiaçıdan fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlərin təqdim edilməsini tələb etmişdir. Qeyd olunmalıdır ki, fərdi yaşayış evi iddiaçıya alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin alqı-satqı müqaviləsi də iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsinə dair notariat qaydada müqavilənin isə iddiaçıya təqdim edilməsi mümkün deyil ona görə ki, iddiaçı əcnəbidir və qanunvericiliyin tələblərinə görə əcnəbi mülkiyyətinə torpaq sahəsi əldə edə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icraçı Cavabdeh MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında «Villa Badam» şəhərciyində yerləşən villanı alıcıya satmağı, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Satıcı həmçinin villanın dəyəri 100% ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini də alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürür. Müqavilənin 1-ci bəndinə əsasən, alıcıya satılan əmlak Abşeron rayonu, Saray qəsəbəsi, «Villa Badam» şəhərciyi, A tipli 43 saylı villadan ibarətdir. Alıcı bu müqavilədə göstərilmiş torpaq sahəsinin ölçüsü 0.0958 ha olan ərazidə 287.24 kv.m ümumi sahəsi olan evi alır və onun dəyərini ödəməyi öhdəsinə götürür (villanın çöl divarlarının sahəsi istisna olmaqla, qalan bütün divar, kolonlar və açıq sahələrin altındakı sahələr villanın ümumi sahəsinə daxildir). Alıcı həmçinin, razılaşır ki, aldığı villanın və torpağın sahəsi (tikinti işləri sona çatdığı məqamda) evin ümumi həcmindən 1% artıq və ya az ola bilər ki, bu hal tərəflər arasında gələcəkdə heç bir mübahisəyə və ya bu müqavilənin ləğvi üçün səbəb ola bilməz və satıcının nöqsanı kimi qəbul edilə bilməz. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmlak bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən edilmiş vəziyyətdə müqavilə imzalandıqdan sonra 5 təqvim günü ərzində təhviltəslim aktı əsasında alıcıya təhvil veriləcəkdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcının əmlak üzərində mülkiyyət hüquqları (əmlakın dəyəri 100% ödənildiyi təqdirdə) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındıqdan sonra yaranır. Müqavilənin 2.3-cü bəndinə əsasən, bu müqavilənin 1-ci bəndində göstərilən villanın ümumi qiyməti 229792 ABŞ dolları təşkil edir. Məbləğ 100% əvvəlcədən ödənilməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə əsasən, villa dəyərini villa təhvil verilmə tarixindən əvvəl ödəməyi öhdəsinə götürür. Alıcı villanın üzərində öz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri öz üzərinə götürür. Satıcı isə villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli G-1804/082 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən Cavabdeh MMC-nin inşa etdiyi “Villa Badam” kottec tipli şəhərcikdə yerləşən A 43 nömrəli fərdi yaşayış evinin dəyəri tam ödənilmiş, xx.xx.2019-cu il tarixinə Cavabdeh MMC şirkətinə borcu yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, A tipli ünvanda yerləşən 43 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli G-2805/079 saylı məktubdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən, Cavabdeh MMC-nin inşa etdiyi “Villa Badam” yaşayış kompleksində yerləşən A 43 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Müəyyən səbəblərə görə yuxarıda göstərilən evə çıxarış verilməsi prosesi 01 avqust 2022-ci il tarixinə qədər başa çatacaqdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinə əsasən, alıcı Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı ümumi dəyəri 229792 ABŞ dolları pul vəsaiti əvvəlcədən ödənilmək şərtilə almağı, satıcı isə müqavilə üzrə ödənişlər edildikdən sonra villanı alıcıya təhvil verməyi, bununla yanaşı, alıcının villa üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün tələb olunan bütün sənədləri alıcıya təhvil verməyi, bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış villanın dəyəri alıcı tərəfindən ödənilmiş və bu barədə MMC tərəfindən borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Villanın alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da, həmin villaya dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlərin təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən də, iddiaçı müqavilə əsasında aldığı və hazırda, faktiki sahiblik və istifadəsində olan Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villaya dair zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edərək şikayətini – fərdi yaşayış evinin iddiaçıya alqı-satqı müqaviləsi əsasında satıldığı, həmin alqı-satqı müqaviləsinin də iddiaçıya təqdim edildiyi, torpaq sahəsinə dair notariat qaydada müqavilənin isə iddiaçıya əcnəbi olduğundan və qanunvericiliyin tələblərinə görə əcnəbinin mülkiyyətinə torpaq sahəsinin verilə bilməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinə əsasən, alıcı Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı ümumi dəyəri 229792 ABŞ dolları pul vəsaiti əvvəlcədən ödənilmək şərtilə almağı, satıcı isə müqavilə üzrə ödənişlər edildikdən sonra villanı alıcıya təhvil verməyi, bununla yanaşı, alıcının villa üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün tələb olunan bütün sənədləri alıcıya təhvil verməyi, bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüş, villanın alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da, həmin villaya dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlərin təhvil verilməsi öhdəliyini yerinə yetirməmişdir. Bununla da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, icraçı Cavabdeh MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 136 saylı müqavilənin 5.1-ci bəndindən də görünür ki, satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “iddiaçının əcnəbi olması və qanunvericiliyin tələblərinə görə əcnəbinin mülkiyyətinə torpaq sahəsinin verilə bilməməsi” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin qeyd etdiyi dəlil hazırki mübahisənin predmeti deyildir. Cavabdehin vəzifəsi satdığı əmlakın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil verməkdən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış villanı təhvil verməsinə baxmayaraq, həmin villaya dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlərin təhvil verilməsi öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(012)-3898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-550/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-550/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver