Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-553/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verməklə evin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və X1 öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olmasını qət etmişdir (hakim Emin Abdullayev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən fərdi evin alınması üçün tələb olunan ilkin məbləği o ödəmişdir, lakin iddiaçı onu aldatmış, mənzildə yaşamasına ilkin olaraq razılıq versə də, sonradan imkan verməmişdir. Bütün ödənişləri özü edib və ödəniş çeklərini məhkəmə iclasında iştirak edə bilmədiyi üçün təqdim edə bilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 853/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh mülkiyyətində olan iki otaqlı sahəsi 91,3 kvadrat metr olan evi iddiaçıya satmış, Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu X4 tərəfindən xx xxxxx 2017-ci ildə alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2399A ünvanında yerləşən, ümumi sahəsi 91,3 kvadrat metr olan bağ evi iddiaçının mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsinə görə yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərzində mənzili satan şəxs və onunla yaşayan ailə üzvləri və digər şəxslər mənzili boşaltmalı və qeydiyyatdan çıxmalıdır. Lakin hazırkı vaxta qədər cavabdehlər tələb olunmasına baxmayaraq qeydiyyatdan çıxmamış və mənzili boşaltmamışlar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlərin ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilməli, iddia tələbi cavabdehlərin ailə üzvlərinə münasibətdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı ildə, Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1985-ci ildə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında 704450 nömrəli arayışına əsasən digər cavabdeh xx.xx.1989-cu ildə anadan olmuş və Sumqayıt şəhəri, Corat bağlarında yerləşən 2399A nömrəli evdə (bundan sonra – mübahisəli ev) qeydiyyatdadır. xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh mübahisəli evi iddiaçıya satmışdır. Mübahisəli ev “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən müəyyən etmişdir ki, Cavabdeh mübahisəli evi xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya satmasını, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 30 gün müddətində evdə qeydiyyatda olan digər şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq barədə öhdəlik götürməsini, müqavilənin 2.2.5-ci bəndində alıcı tərəfindən evin dəyəri ödənildikdən sonra satıcının evi alıcıya təhvil vermək vəzifəsi təsbit edildiyini, müqavilənin bağlanmasından üç ilə yaxın müddət keçsə də, cavabdehlər evdən qeydiyyatdan çıxmamalarını və evi iddiaçıya təhvil verməmələrini müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh və X2 münasibətdə təmin edərək onların ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, iddiaçının mülkiyyətində olan evə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, qeyd edilən mənzil cavabdehlər tərəfindən iddiaçıya satılsa da, hazırki gündə cavabdehlər həmin evdə qeydiyyatdadırlar. Cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bnu səbəbdən də onların istifadə hüquqların xitam verilməli, mübahisəli ev cavabdehlər tərəfindən boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər Cavabdeh və X1 ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi qənaətinə gəlmişdir. Bu səbəbdən də qətnamə qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərinə, evin ilkin ödənişinin onun tərəfindən edilməsini, qalan ödənişləri də ödəməsi, əsasszı hesab edir. Belə ki, mübahisəli mənzilin cavabdehlər tərəfindən iddiaçıya alqı-satqı yolu ilə satılması iş materialları ilə təsdiq edilir. Eyni zamanda banka olan ödənişlərin cavabdeh tərəfindən ödənilməsinə dair hər hansı sübur mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin ailə üzvlərinin də ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddia tələbində cavabdehlərin ailə üzrləinin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılması göstərilsə də, cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olması barədə hər hansı məlumat verməmiş, həmin şəxsləri cavabdeh qismində göstərməmişdir. Birinci instansiya məhkəməsi də bu halı araşdırmamış, cavabdehlərin ailə üzvlərini dairəsini müəyyən etməmiş, onların məhkəmə iclasında iştirakına şərait yaratmamış, nəticədə cavabdeh qismində qoyulmayan şəxslər barəsində onların hüquqlarını pozan qətnamə çıxarmışdır. Bu da qətnamənin cavabdehlərin ailə üzvlərinə aid hissədə ləğvi üçün əsasdır. AR Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə cavabdehlər Cavabdeh və X1 ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdehlərin ailə üzvlərinə daxil olan şəxslər iddia ərizəsində cavabdeh qismində göstərilmədiyi, başqa sözlə, iddia tələbi onlara qarşı yönəlmədiyi üçün, onlara münasibətdə hazırki iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki,apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh və X1 ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-853/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh və X1 ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə, yəni cavabdehlərin ailə üzvlərinə münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-553/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-553/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver