Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-553/2022 21.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(029-649/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsinə görə ödədiyi 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti 2005-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla hesablanaraq cəmi 9373 (doqquz min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(029-649/2021 saylı qətnaməsilə (sədrlik edən A.Vəliyev) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə apellyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(029- 649/2021 saylı qətnaməsi İddiaçı 29 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda qeyd edilən qətnamədən şikayət vermə müddətinin axımı məhz 29 oktyabr 2021-ci il tarixdən başlayaraq 1 ay müddətinə, yəni 29 noyabr 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, iddiaçının Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(029-649/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminə 16 dekabr 2021-ci il tarixdə daxil edilmiş, bununla da o, qanunla müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 1 aylıq şikayət etmə müddətinin axımı qətnamənin iddiaçı tərəfindən 29 oktyabr 2021-ci il tarixdə alınmasıyla başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(029-649/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-553/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-553/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver