Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-553/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr Evi-Uşaq Bağçası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2rşı işə bərpa olunma və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, müddətsiz əmək müqaviləsi və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasının direktoru X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Abşeron Xızı Regional X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xx.xx.2013-cü il tarixdən başlayaraq əsas iş yeri kimi Xırdalan şəhər 15 saylı Körpələr evi-Uşaq bağçasında tərbiyəçi (əvəzedici) vəzifəsində işləmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2013-cü il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasının müdiri X4 xx.xx.2022-ci il tarixli, 35 nömrəli əmrinin ləğv edilməsinə, onu Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasına tərbiyəçi vəzifəsinə bərpa olunmağına, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2009-cu ildə ibtidai təhsil ixtisası üzrə təhsilini bitirmişdir. 2013-cü ilin yay aylarında övladının getdiyi Xırdalan şəhər 15 saylı Körpələr evi-Uşaq bağçasında tərbiyəçi axtarıldığını eşitmişdir. Bağça müdiri Nübar Ələkbərovaya yaxınlaşıb işləmək istədiyini söyləmişdir. Nübar Ələkbərova ona sənədlərini gətirməyi tapşırmış və sənədlərinin Təhsil Şöbəsinə göndəriləcəyini, uyğun görülsə əmrini verəcəklərini bildirmişdir. Təxmini 10 gün sonra onu çağırıb bu işə uyğun olduğunu və xx.xx.2013-cü ildə tərbiyyəçi kimi əmrinin verildiyini demişdir. Həmin vaxt müdir Ələkbərova Nübar ona əmri daimi olsa da, təqaüdə gedəcəyini, Güləməyə adlı müəllimənin yerinə işə götürüldüyünü bildirmişdir. Müəllim gedənə qədər təcrübəsi olsun deyə boş olan qruplarda işləyəcəkdir. O dövrdə öyrənmişdir ki, digər müəllimələr də eyni metodla işə götürülmüş və qrupla təmin olunmuşlar. Əmrinin verildiyindən əmin olmaq üçün müdirdən əmək kitabçasını alaraq baxmışdır və o dövrdə Təhsil Şöbəsinin müdiri işləyən Nadir Ağayevin əmrini və imzasını görmüşdür. 2015-ci ilin fevral ayında müdir X9 bağçasına müdir vəzifəsinə göndərilmiş və yerinə X7 təyin olunmuşdur. Aprel ayında o, yerinə götürüldüyü Güləməyə müəllimə təqaüdə çıxmışdır və yerinə kənardan işçi götürülmüşdür. O, buna etiraz edərək boşalan ştat yerinə onun götürüldüyünü demişdir. Yeni müdir onun köhnə müdir N.Ələkbərova tərəfindən aldaldığını, daimi deyil əvəzedici-tərbiyəçi olduğunu söyləmişdir. Şikayət edəcəyini dedikdə müdir onu növbəti boşalacaq yerə yerləşdirəcəyinə söz vermişdir. Amma 2015-ci ildə kənar şəxsləri və biri qohumu -bacısı qızı olmaqla 4 işçi götürmüşdür. O, 2015-ci ilin dekabrından 2019-cu ilin fevral ayına qədər analıq məzuniyyətində olmuşdur. Dünyaya gələn ikinci övladı X8 2018-ci ildə səhhətində problemlər yaranmış, övladı özünə qapanmış və nitq qabiliyyətini itirmişdir. O vaxtdan etibarən artıq 4 ildir ki, övladı nevroloji problemlərindən dolayı müalicə alır və xüsusi təlim görür. xx.xx.2020-ci ildə müraciətlərinin nəticəsi olaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva ünvanladığı məktuba cavab verərək övladı X11 öz nəzarətinə götürmüşdür. Mehriban xanımın tapşırığı ilə uşaq bugünədək Uşaq Psixo-Nevroloji Mərkəzində həftədə iki dəfə olmaqla psixo-pedaqoq və loqoped tərəfindən fərdi təlimlər görür. Övladının diaqnozu “yüngül dərəcəli əqli gerilikdir. (oliqofreniya, debillik dərəcəsində, davranış pozuntuları ilə F70.1. Nitqin Artikuliyasiyasının spesifik pozuntusu F80.0.”) Qeyd edir ki, 2019-cu ilin fevralında bağçaya işinə qayıtmış və yenidən cavabdeh X5 övladının səhhəti ilə əlaqədar məlumat vermiş və ona qrup verməyi xahiş etmişdir. Amma nədənsə cavabdeh X7 bir daha ona qarşı qərəzli davranaraq xahişini rədd etmişdir. Buna baxmayaraq kənardan işçilər götürülməyə davam edilmişdir. O, bu qanunsuz və qərəzli hərəkətlərinə etiraz etdiyində isə müdir işçilərin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən göndərildiyini və bu işçiləri yerləşdirməyə məcbur olduğunu bildirmişdir. Bununla bağlı həyat yoldaşı X21 Rayon İcra Hakimiyyətinə şifahi və onlayn müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti də bəhanə etmişdir ki, guya o, qrup almaq üçün yazılı müraciət etməlidir. O, 2020-ci ilin oktyabr ayında, pandemiya dövründə qısa müddətli bağçalar açılan kimi yazılı ərizə ilə bağça müdirinə müraciət etmişdir. Cavabdeh X7 yoldaşının İcra Hakimiyyətinə şikayət etməsinə çox əsəbləşmiş və onu “arxadan vurmaq”la ittiham edərək, ona açıq-aşkar şəkildə təzyiq göstərməyə başlamışdır. 2021-ci ilin fevral ayında bağçalar təkrar açılmış və cavabdeh M.A.Novruzova öz vəzifə səlahiyyətindən sui-istifadə edərək xx.xx.2021-ci ildə əvəzedici kimi işləyən, köhnə müdir tərəfindən işə götürülən 3 nəfər və özünün sonradan götürdüyü 1 nəfər işçi də daxil olmaqla onlara təzyiq edərək birillik müddətli müqavilə imzalamağa məcbur etmişdir. Onlar buna etiraz edərək işə qəbul edilərkən müddətsiz müqavilə imzaladıqlarını qeyd edərək imzalamaq istəməmişlər. M.A.Novruzova onları aldadaraq əmək müqavilələrinin heç vaxt olmadığını və indiyə kimi müqaviləsiz işləyərək qanunsuzluq etdiklərini bildirmiş, bu hal aşkar olunduğu təqdirdə isə buna görə məsuliyyət daşıyacaqlarını demişdir. O isə təkidlə onun müqavilənin olduğunu bildirərək imzalmaqdan imtina etmişdir. Lakin M.A.Novruzova bildirmişdir ki, bu Abşeron Rayon icra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın əmridir imzalamadığı təqdirdə isə bir daha işə çağırılmayacaqdır. Qeyd edir ki, o, pandemiya dövründə maaşla təmin olunmamış və maddi vəziyyətləri olduqca ağır olmuşdur. O dövrdə kirayədə qalmaq məcburiyyətində idilər və banklara kredit borcları ödəmişlər. Maddi vəziyyətlərinin ağır olmasıyla əlaqədar Ümidin müalicəsi yarıda qalmış və səhhətində problemlər çoxalmağa başlamışdır. Həkimlər isə müalicənin davam etdirilməsinə ehtiyac olduğunu bildirirdilər. Növbəti ay işləmək üçün çarəsiz qalaraq psixoloji təzyiqlə o müqaviləni o və digər tərbiyəçilər də imzalamışlar. Cavabdeh X7 onlara söz vermişdir ki, bu əmək müqaviləsi onların işləməyinə təsir etməyəcək və onlar növbə ilə bağçada boşalan ştatlara yerləşdiriləcəklər. Son bir il ərzində az müddətlə işə çağırılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında məzuniyyət yerinə işləmiş, lakin maaşının yarısı əlindən nağd şəkildə M.Novruzova tərəfindən alınmışdır. 2022-ci ilin fevral ayında bağçada olan sənədlərinin üzləri çıxarılması üçün onlara verilmişdir. O, əmək kitabçasında qanunsuz dəyişiklik edilərək “əvəzedici” sözünün oraya əlavə olunduğunu görmüşdür. Müdir əvvəlcə həmin qanunsuz əlavəni görmədiyini desə də, sonra inkar edərək bu “düzəliş”in ondan əvvəl baş verdiyini demişdir. Ona həmin qanunsuz dəyişikliklə əlaqədar niyə məlumat vermədiyini soruşduqda müdir, ona belə bir məlumat verməyə məcburiyyətinin olmadığını bildirmişdir. 2022-ci ilin aprelin 5-də axşam saat 18:00da bağçanın metodisti Sara Seyidova müdirin adından watsapp vasitəsilə işinə xitam veriləcəyi barəsində xəbərdarlıq mesajı göndərmişdir. Halbuki, aprelin 1-dən artıq işinə xitam verilmişdir. Aprelin 1-də işdə olsa da həmin günün məvacibi hesablanmamışdır. Ona işinə xitam verildiyinə dair hər hansı bir sənəd və əmək kitabçası təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işsiz olduğu üçün övladının müalicəsi yarımçıq qalmışdır. Onun övladının aylıq müalicə xərcləri 800 manatı keçir və müalicə üçün dövlətdən heç bir müavinət almır. Digər övladı X14 da azyaşlıdır və bir sıra ehtiyacları vardır. Həyat yoldaşı R.Əliyev 2021-ci ilin sentyabr ayında koronavirusa yoluxmuş və xəstəliyi ağır keçirdiyindən sağlamlığında problemlər yaranmışdır, hal-hazırda hipertoniya xəstəliyindən əziyyət çəkdiyi üçün işləmir. Övladı Ümidin müalicəsinin davam etdirilməsi üçün xx.xx.2021-ci ildə Kapital Bankdan 2040 manat məbləğində 24 aylıq müddətə kreditlə borc götürmüşlər. Lakin işsizlik səbəbindən aylıq 110 manat olan krediti ödəməkdə çətinlik çəkir. İşlədiyi dövrlərdə 2020-ci ildən başqa heç bir vaxt məzuniyyətə çıxmağına icazə verilməmiş və bu dövrlərdə heç vaxt məzuniyyət pulu almamışdır. Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasından işdən çıxarıldığı zaman Əmək Qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları kobud şəkildə pozularaq ona nə əmri nə də digər sənədlərlər təqdim olunmamışdır. O, bununla bağlı X10 şikayət ünvanlamış, lakin həmin şikayət araşdırılması üçün nəzarətə götürülsə də, ona nəticə barədə bu günə qədər heç bir məlumat verilməmişdir. Onun Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçası ilə arasında olan müddətsiz əmək müqaviləsinə cavabdeh X7 tərəfindən qanunsuz olaraq xitam verilərək, ona müddətli əmək müqaviləsi imzalatdırılaraq müqavilənin müddəti bitdiyi zaman sözügedən bağça müdiri tərəfindən xitam verilmişdir. Halbuki, müddətsiz əmək müqaviləsinin müddətsiz müqaviləyə dəyişdirilməsinə razılıq ərizəsinin olmadığı təqdirdə bunun bağça tərəfindən edilməsi tamamilə qanunsuz bir addım olmuşdur. Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasının müdiri M.A.Novruzovanın qanunsuz hərəkətləri nəticəsində o, işindən məhrum olmuşdur, bu da ailəsi üçün bir sıra maddi çətinliklərə səbəb olmuşdur. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Xırdalan şəhəri 15 Saylı Körpələr evi-Uşaq bağçasının xx.xx.2022-ci il tarixli 35 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, onun həmin bağçaya işə bərpa edilməyinə və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Elman Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Həmçinin müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Bundan əlavə iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, İddiaçı bununla bağlı öz imzası ilə təstiq edilmiş ərizəsi ilə buna razılıq vermiş, razılaşdırılmış müddətə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti qurtardığına görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının və onun nümayəndəsinin izahatı yuxarıda qeyd olunan işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 45, 68.2, 73.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İş materiallarından aşkar şəkildə görünür ki, işçinin əmək müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmaqla müddətsiz olmuş, əmək münasibətlərinə başladıqdan və 8 (səkkiz) ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə guya müddətli əmək müqaviləsi dəyişdirilmişdir. İşəgötürənin təşəbbüsü və diktəsi ilə xx.xx.2021-ci il tarixdə müddətlə bağlı hər hansı sazişin imzalanması heç bir hüquqi əhəmiyyət kəsb etməməklə işçinin hüquqlarının məhdudlaşdırılmasına rəvac verə və yönələ bilməz. Əgər işçinin həqiqətən belə bir iradəsi olsa idi, əmək qanunvericiliyinə müvafiq olaraq işdən azad edilmə barədə ərizə yazmaqla əmək münasibətlərinə xitam verə bilərdi. Halbuki işçinin heç bir halda belə bir təşəbbüsü və iradə ifadəsi olmamış, əmək müqaviləsinə də həmin əsasla xitam verilməmişdir. Digər tərəfdən aydın məsələdir ki, işin faktiki hallarından görünür ki, işçi mövcud maddi ağır vəziyyətinə görə belə bir sənədi imzalamağa məcbur qala bilərdi. İş materiallarından görünür ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Yəni işçinin əmək müqaviləsi müddətli olsa idi belə, xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsinə çevriləcəkdi. Həmin tarixdən sonra isə müddətsiz əmək müqaviləsinin formal sənədlər əasında müddətli əmək müqaviləsinə keçirilməsi işçinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlardan artıq dərəcədə hüquqlarının məhdudlaşdırılmasısdır. İş materiallarından aşkar şəkildə görünür ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi mövcud olmuş sonradan həmin əmək müqaviləsinin etibarsız olan razılaşma əsasında müddəti formaya keçirilməsinə cəhd edilmişdir. Həmin prosesin həyata keçirilməsi ilə tərəflərin hüquq bərabərliyi prinsipi kobud surətdə pozulmuşdur. Digər tərəfdən, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) Əmək Məcəlləsinin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri (§ 13) əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İşdən də aşkar şəkildə görünür ki, məhkəmə bu cür hallara ümumiyyətlə qiymət verməmiş, qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Hazırkı işdə isə Abşeron Rayon Məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. İş materiallarında olan və birinci instansiya məhkəməsinin əsas materiallarında olan və birinci instansiya məhkəməsinin əsas arqumenti kimi çıxış edən xx.xx.2021-ci il tarixli saziş qeyd edilən normanın tələblərini pozduğundan etibarsızdır. Buna görə də həmin fakta əsaslnaraq işçi ilə əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilə bilməz. Hazırkı halda iş materiallarından (etiraz və işəgötrünənin mülahizəsi) aşkar şəkildə görünür ki, iddiaçı da daxil olmaqla digər analoji işçilərlə əmək müqavilələrinə cavabdehin bildirdiyinə görə Abşeron İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslərinin tapşırığına əsasən müddətə düzəliş edilməsi barədə saziş imzalanmış daha sonra isə işçilərlə əmək müqaviləsinə bu əsasla qanunsuz olaraq xitam verilmişdir. Bu hal isə bir daha sübut edir ki, işəgötürən özünün “hüquq”larından sui-istifadə edərək iddiaçının əmək hüquqlarını kobud surətdə pozaraq onunla əmək müqaviləsinə xitam vermişdir. İşin materiallarından görünür ki, məhkəmə əmək müqaviləsinin müddətsiz bağlanmasını, müddətsiz olsa idi belə, əmək münasibətlərinin 5 (beş) ildən artıq müddətə davam etdiyini ümumiyyətlə araşdırmamış, bu barədə qətnamədə ümumiyyətlə mövqe bildirməmişdir. Məhkəmə qətnaməsində sadəcə formal olaraq hüquq normalarını sadalamaqla tamamilə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, apellyasiya şikayəti 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməmiş, elektron imza ilə imzalanmamışdır. Lakin birinci və apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünü yoxlamadan, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbləri pozulduğu halda, icraata qəbul etmişdir. Bildirilir ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il -xx.xx.2022-ci il tarixinədək 1 (bir) il daha uzadılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ərizəsi əsasında onunla müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində 2022-ci ilin aprelin 5-də əmək müqaviləsinə xitam veriləcəyi barədə WhatsApp tətbiqindən xəbərdarlıq məktubu aldığını etiraf etmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə İddiaçı iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. Eyni zamanda müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək müddətli olaraq işə başlamış və 1 (bir) il ərzində heç bir etirazını bildirməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanılır. Yuxarıda qeyd olunanları və qanunvericilik tələblərini nəzərə alaraq, İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-4943/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-4943/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi- Uşaq bağçasının direktoru X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Abşeron Xızı Regional X3 apellyasiya şikayətininin təmin edib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 2.3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 9. (“q” bəndi) Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüququdur. Maddə 12.1. (“b” bəndi) Həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir. Maddə 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. İşin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı işdən azad edilənədək 8 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə işləmiş, tərbiyəçi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilərək əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, həmin müddətin sonunda isə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsi əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətlərində işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış edir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə 8 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə çalışmış işçinin müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə dəyişdirilməsi əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsi müddətsiz olduğu halda, yeni müddətli əmək müqaviləsi bağlanması, Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığından, onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(012)- 4943/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(012)-4943/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilsin. Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasının xx.xx.2022-ci il tarixli 35 nömrəli əmri ləğv edilsin. İddiaçı Əliyeva X15 rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasına əvvəlki (təbiyəçi) vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.