Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-554/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması) X19 Süleymanovanın sədrliyi və məruzəsi, X16 Qafari və X9 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2(012)-4769/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. İddiaçının atası xx.xx.2019-cu il tarixdə, iddiaçının anası X7 isə xx.xx.2021-ci il tarixdə dünyalarını dəyişmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş, Abşeron rayon 1 sayli Dövlət Notariat Kontorun 26 iyul 2022-ci il tarixli, 2923 saylı məktubuna əsasən, mirasın qəbul edilmə müddətini ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Mirasın qəbulu müddətinin ötürülməsi iddiaçının savadsızlığı və mirasın qəbulu üçün notariat orqanına müraciət etməli olduğunu bilməməsi səbəbindən olmuşdur. İddiaçı bu müddət ərzində əmlaka faktik sahibliyi həyata keçirmiş və əmlakı idarə etmiş, yalnız əmlakla bağlı icarə müqaviləsi bağlanılmasına zərurət yarandıqdan sonra əmlakın öz adına sənədləşdirməli olduğunu bilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. xx.xx.2019-cu il tarixli ********** saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv. metr daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının atasının ölümündən sonra miras əmlak İddiaçı oğlu tərəfindən faktiki qəbul edilərək idarə olunmuşdur. İddiaçı oğlu mərhum X1 miras qalmış əmlaka dair mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin bu iddiaçının həmin əmlakı faktiki olaraq qəbul etməsi və sənədləşməyə zərurətin olmasının bilməməsi səbəbindən olmuşdur. Belə olan halda, mirasın qəbulu ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə İddiaçı oğlunun atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməklə həmin müddət bərpa edilməlidir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. XVİİ-JQ № 349743 doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı oğlu 15 iyun 1975-ci ildə anadan olmuş, atası X10, anası X2r.
5. Sumqayıt “ASAN Xidmət” X20 tərəfindən verilmiş AZ-İİ № 021405 ölüm haqqında şəhadətnamədən görünür ki, X10 15 may 2019-cu ildə ölmüşdür.
6. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 214592 ölüm haqqında şəhadətnamədən görünür ki, X7 09 sentyabr 2021-ci ildə ölmüşdür.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə ********** reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixində X4 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 sayli Dövlət Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2923 saylı qərarından görünür ki, İddiaçı oğlu qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə qanunda nəzərdə tutulmuş müddətdə müraciət etmədiyindən ona qanun üzrə vərəsəlik hüqüqu haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, müraciətdə göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
9. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin arayışından görünür ki, İddiaçı oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə olan dövr ərzində müxtəlif tarixlərdə Azərbaycan Respublikasına giriş-çıxışı qeydə alınmışdır.
10. X5, X14, X6 və X15 tərəfində verilmiş ərizələrdən görünür ki, ataları X3 qalan miras əmlakdan onlara çatası payı qəbul etməkdən imtina etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2(012)- 4769/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı oğlunun cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı oğlunun sözügedən miras əmlakı faktiki qəbul edərək idarə etdiyini təsdiq edən, yəni sonuncunun vərəsə olaraq miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməsi, ona sahib durması, həmçinin AR MM-in 1248.1-ci maddəsi ilə nəzərdə tutulmuş buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı nümayəndənin izahatından başqa hər hansı bir sübut müəyyən edilməmiş, başqa sözlə iddia ərizəsində və nümayəndənin məhkəmə iclasında göstərdikləri digər mötəbər süburlarla təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçının Qazaxıstan Respublikasının vətəndaşı olması, şahidlərdən birinin dediyinə görə iddiaçının 29 il, digərinin dediyinə görə isə 10 ildən çox bir müddətdi ki, Azərbaycan Respublikasında yaşamaması barədə verdikləri ifadələri məhkəməyə nümayəndənin izahatına tənqidi yanaşmağa kifayət qədər əsas verir. Həmçinin şahidlər də ifadələrində İddiaçı miras əmlakı faktiki idarə etməsi və buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı hər hansı bir halı göstərə bilməmişlər.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 9.3-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 216-220, 227 və 233-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2(012)- 4769/2022 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X1 miras qalmış əmlaka dair mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxmış, lakin həmin əmlakı faktiki olaraq qəbul etmiş və ona sahiblənmişdir. Atası öldükdən ondan miras qalmış əmlakın mərhum atasının adına sənədləşdirilməsi və onun adına çıxarış alması, iddiaçının əmlaka faktik sahiblik etməsini təsdiq edir. Bu səbəbdən onun əmlaka dair mirasın qəbulu müddətinin ötürməsi üzrlü hesab edilməklə həmin müddət bərpa edilməli idi. Məhkəmə iddanı təmin etməməklə, MM-nin 1246 və 1248-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi, iddianı təmin etməmiş, beləliklə də mərhum Süleyman İmamverdiyevdən miras qalmış əmlakın hüquqi müqəddəratının hansı şəkildə həll olunmasını şərh etməmişdir. Yəni, məhkəmə qətnaməsindən bu fikir formalaşır ki, müddət bərpa edilməməlidir, mərhumun vərəsələri həmin əmlak üzərində hüquqlarını hərhansı formada rəsmişləşdirməməlidirlər. Miras qoyanın birinci növbə vərəsələri olduğu və məhkəmə həmin vərəsələrin əmlaka dair konstitusion və mülki hüquqlarını müdafiə etmədiyi halda, əmlakın hüquqi müqəddaratı naməlum qalmasına dair absurd fikir formalaşır. Halbuki, miras əmlak iddiaçının atasının mülkiyyətində olmuşdur və hər bir halda həmin əmlak miras qoyanın vərəsəsinə keçməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
18. İş üzrə cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
21. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır.
25. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlak tam mülkiyyət hüququ ilə X8 məxsus olmuş, sonuncu 15 may 2019-cu ildə vəfat etmişdir. İddiaçı oğlu mərhum X4 övladı olaraq birinci növbə vərəsəsidir və iddiaçı miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişdir. İddiaçı atasının öldüyü gündən sözügedən miras əmlaka faktiki sahibliyi həyata keçirdiyini, əmlakı faktiki qəbul edilərək idarə etdiyini, yalnız əmlakla bağlı icarə müqaviləsi bağlanılmasına zərurət yarandıqdan sonra əmlakın öz adına sənədləşdirməsi üçün notariat orqanına müraciət etməli olduğunu bildiyini, bu səbəbdən notariat orqanına vaxtında müraciət etmədiyini, buraxılmış müddətin üzürlü hesab edilərək həmin müddətin uzadılması xahiş etmişdir.
30. İddianın birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi qət edilmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv. metr daşınmaz əmlak İddiaçı oğlunun mülkiyyətində olmuşdur. İddiaçı oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra miras əmlak İddiaçı oğlu tərəfindən faktiki qəbul edilərək idarə olunmuş, əmlaka dair çıxarışın alınmasına dair yönəlmiş hərəkətlər etmişdir.
33. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
34. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər).
35. Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər.)
36. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.
37. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
38. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2(012)-4769/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2(012)-4769/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı oğlunun cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması» tələbinə dair iddiası təmin edilsin. İddiaçı oğlu tərəfindən atası X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81A (yeni qaydalarla AZ1118, ünvan 1 ünvanda yerləşən sahəsi 46,6 kv.metr daşınmaz əmlaka dair mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilsin və mirasın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.