Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-554/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , iddiaçı Rzayeva Güləsər Həsən qızı, onun nümayəndəsi və vəkili X3, cavabdeh X1 iştirakları ilə, İddiaçı Rzayeva Güləsər Həsən qızının cavabdeh X4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(060)-6523/2023 nömrəli qətnaməsindən iddiaçı Rzayeva Güləsər Həsən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Rzayeva Güləsər Həsən qızı cavabdeh X4 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi iddiaçı Rzayeva Güləsər Həsən qızına məxsusdur. Cavabdeh X7 bir müddətdir ki, özünə məxsus mənzilə əmlakları ilə birlikdə həmin evə gəlmiş və orada məskunlaşmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Aysel iddiaçının oğlu X20 oğlu ilə 2006-cı il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə 9 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Həmin müddətdə həmin evdə bərabər yaşamışlar. 2011-2012-ci il tarixlər arasında ər-arvad həmin mənzildən çıxıb gedərək kirayə yaşamışlar. Bundan başqa halhazırda mübahisəli ev iddiaçıya məxsus olsa da, yarımtikili olduğundan bostan kimi istifadə olunmuşdur. Bir müddət sonra Rzayeva Güləsərin həyat yoldaşı möhkəm xəstə olduğundan, xəstəliyi ilə əlaqədar ayrı yaşamasına zərurət yarandığından iddiaçı həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində tikili tikərək həmin evə köçmüşlər. İddiaçının yoldaşının ağciyərində mikrob var, daima həkim nəzarətində və müayinəsindədir. Bundan başqa, asma-bronxit xəstəliyindən də əziyyət çəkir. İddiaçı əri ilə bərabər həyət evinə köçdükdən sonra iddiaçının digər oğlu evlənərək 48-ci məhəllədə yerləşən mənzildə ailəsi ilə birlikdə yaşamağa başlamışdır.Sonradan məlum olmuşdur ki, cavabdehlə Rzayev Raminin nikahları 2015-ci il tarixdə pozulmuşdur. Ailə münasibətlərinə son qoyulmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq mübahisəli evdə məskunlaşmışdır. Rzayev Rafiq xəstə olduğundan ona daima sakitçilik lazımdır, bu səbəbdən onlar digər oğlanları ilə belə qalmır. Yaşadıqları ev yaşayış üçün o qədər də əlverişli olmasa da, yoldaşının sağlamlığına görə orada yaşamalı olublar. Bütün bunlara baxmayaraq, cavabdeh evdən çıxmır, əksinə səbəbsiz və qərəzli şəkildə münaqişə yaradır. Belə ki, iddiaçı cavabdehdən evdən çıxmasını tələb etsə də, lakin bunun heç bir nəticəsi olmamışdır. Bununla bağlı aralarında baş verən son münaqişə zamanı adiyyatı üzrə polis bölməsinə şikayət ərizəsi ilə müraciət də etmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyil, mübahisəli evə köçərkən belə oğlu ilə aralarındakı nikah pozulmuş, ailə münasibətləri kəsilmişdir. O, evə köçdüyü vaxtdan etibarən iddiaçı özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, cavabdehin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur, orda yaşamaq üçün heç bir hüququ yoxdur. Həmin evə dair kommunal xidmətlərə dair lazımi müqavilələr iddiaçının adına rəsmiləşdirilmiş, "xxxx" ASC tərəfindən verilmiş **********001, “Azərişıq” İB tərəfindən verilmiş **********00607 nömrəli abunə kodları iddiaçının adına qeydiyyata alınmış və aylıq ödənişlər də iddiaçı tərəfindən ödənilir. Həmçinin 290314P3Y3MP nömrəli vergi ödəyicisi kodu iddiaçının adınadır, qanun üzrə əmlak və torpaq vergisi X5 tərəfindən ödənilir. Cavabdehin orada qanunsuz məskunlaşması iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən cavabdeh X1 iki azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə birlikdə iddiaçıya məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(060)-6523/2023 nömrəli qətnaməsi ilə iddiaçı Rzayeva Güləsər Həsən qızının cavabdeh X4 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan iddiaçı Rzayeva Güləsər Həsən qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(060)-6523/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı apellyasya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi iddiaçı Rzayeva Güləsər Həsən qızına məxsusdur. Cavabdeh X7 bir müddətdir ki, özünə məxsus mənzilə əmlakları ilə birlikdə gəlmiş və orada məskunlaşmışdır. Qeyd etmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Aysel iddiaçının oğlu X20 oğlu ilə 2006-cı il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. O, iddiaçıya məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə 9 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Həmin müddətdə həmin evdə bərabər yaşamışlar. 2011-2012-ci il tarixlər arasında ər-arvad həmin mənzildən çıxıb gedərək kirayə yaşamışlar. Bundan başqa hal-hazırda mübahisəli ev ididiaçıya məxsus olsa da, yarımtikili olduğundan bostan kimi istifadə olunmuşdur. Bir müddət sonra Rzayeva Güləsərin həyat yoldaşı möhkəm xəstə olduğundan, xəstəliyi ilə əlaqədar ayrı yaşamasına zərurət yarandığından iddiaçı həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində tikili tikərək həmin evə köçmüşlər. Qeyd etmişdir ki, iddiaçının yoldaşı ağ ciyərində mikrob var, daima həkim nəzarətində və müayinəsindədir. Bundan başqa asmabronxit xəstəliyindən də əziyyət çəkir. İddiaçı əri ilə bərabər həyət evinə köçdükdən sonra iddiaçının digər oğlu evlənərək 48-ci məhəllədə yerləşən mənzildə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, cavabdehlə Rzayev Raminin nikahları 2015-ci il tarixdə pozulmuşdur. Ailə münasibətlərinə son qoyulmasına baxmayaraq cavabdeh qanunsuz olaraq mübahisəli evdə məskunlaşmışdır. Rzayev Rafik xəstə olduğundan ona daima sakitçilik lazımdır, bu səbəbdən onlar digər oğlanları ilə belə qalmır. Yaşadıqları ev yaşayış üçün o qədər də əlverişli olmasa da, yoldaşının sağlamlığına görə orada yaşamalı olublar. Bütün bunlara baxmayaraq cavabdeh evdən çıxmır, əksinə səbəbsiz və qərəzli şəkildə münaqişə yaradır. Belə ki, iddiaçı cavabdehdən evdən çıxmasını tələb etsə də, lakin bunun heç bir nəticəsi olmamışdır. Bununla bağlı aralarında baş verən son münaqişə zamanı adiyyatı üzrə polis bölməsinə şikayət ərizəsi ilə müraciət də etmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyil, mübahisəli evə köçərkən belə oğlu ilə aralarındakı nikah pozulmuş, ailə münasibətləri kəsilmişdir. O, evə köçdüyü vaxtdan etibarən iddiaçı özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Bundan başqa cavabdehin iddiaçının evi ilə heç bir əlaqəsi yoxdur, orda yaşamaq üçün heç bir hüququ yoxdur. Həmin evə dair kommunal xidmətlərə dair lazımi müqavilələr iddiaçının adına rəsmiləşdirilmiş, "xxxx" ASC tərəfindən verilmiş **********001,”Azərişıq” İB tərəfindən verilmiş **********00607 nömrəli abunə kodları iddiaçının adına qeydiyyata alınmış və aylıq ödənişlər də iddiaçı tərəfindən ödənilir. Həmçinin 290314P3Y3MP nömrəli vergi ödəyicisi kodu iddiaçının adınadır, qanun üzrə əmlak və torpaq vergisi X5 tərəfindən ödənilir. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz vermiş və qeyd etmişdir ki, iddiaçı hazırkı mənzildə heç vaxt yaşamamışdır. Həmin evdə o, övladlarını böyütmüş və hazırda da mübahisə predmeti olan evdə yaşayırlar. Evin sənədi yoxdur və torpaq sahəsində ona aid hissəsində özünün, atasının, qardaşının, qohumlarının köməyi ilə tikmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Rzayeva Güləsər Həsən qızı, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 1952 nömrəli arayışından görünür ki, X7 2017-ci il tarixdən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə həyət evi 26-da qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 73 nömrəli arayışından görünür ki, Rzayeva Güləsər Həsən qızı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi 5-ci məhəllə həyət evində qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, 11 iyul 2006-cı il tarixdən Rzayeva Güləsər Həsən qızı, X6, X10, X11, X12, X13, X7, X9, X8, Rzayev Rafiq Rasim oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2015-ci il tarixdə verilmiş, AZ-İ № 212164 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 oğlu ilə X7 19 mart 2015-ci il tarixdə nikahlarını pozmuşlar. Nikah pozulduqdan sonra qadına Rzayeva soyadı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, tərəflər – gəlin və qaynanadır. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi əmlak- Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində onu da qeyd etmişdir ki, mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. İddiaçı mübahisəli evdə yaşayır və onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehin övladları ilə birlikdə həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və daşınmaz əmlakın reyestrində qeydiyyata alınmamış, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Bununla bağlı iddiaçı tikintinin aparıldığı torpaq sahəsinə dair onun hər hansı hüququnun olmasına və ya qeydə alınmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının özbaşına tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqlarının qeydə alınmadığını təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. İş materialları, həmçinin tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh X7 əvvəlcə gəlin köçdüyü Sumqayıt şəhəri, 48-ci məhəllə 9 saylı evin 1 saylı mənzilində yaşamış, lakin sonradan qaynının evlənməsi ilə əlaqədar razılıq əsasında mübahisə predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin sonradan köçdüyü fərdi yaşayış evi yarımtikili olmuş, onun qalan hissəsinin tikintisi və təmirində onun oğlu – cavabdehin keçmiş həyat yoldaşı iştirak etmişdir. İddiaçı həmçinin məhkəmə iclasında evin təmirində qismən, yəni döşəmənin vurulmasında cavabdehin atasının iştirak etdiyini təsdiq etmiş və bununla əlaqədar cavabdehin atasının peşə sahibi kimi “usta” olduğunu bildirmişdir. Yuxarıda qeyd edilənlər əsasında müəyyən olunur ki, cavabdehin mübahisə predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə köçməsi barədə iddiaçının xəbəri olmuş, həmçinin evin tikintisində iştirak etməklə buna şərait yaratmışdır. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində cavabdehin iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olur. Apellyasiya şikayətinin dəlillərində qeyd edilən kommunal xidmətlərə dair müqavilələrin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən kommunal xərclərin ödənilməsi ilə bağlı dəlillər formal xarakter daşıyır və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Rzayeva Güləsər Həsən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2(060)-6523/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-554/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-554/2024
25.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver