Məhkəmə qərarları › İş №2(105)-555/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-555/2023

13.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-555/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı mülki iş üzrə (əmək münasibətlərindən irəli gələn mübahisə, əmrin ləğvi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbinin direktoru X4 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(012)-3359/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. Əmək Müqaviləsinin (Kontraktı) surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı tərəfindən Cavabdeh direktor əvəzi X5 yazılmış xx.xx.2021-ci il tarixli ərizədən “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazdığı müəyyən olunur.

3. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Ali təhsilli coğrafiya müəllimi 01.03.19-cu il tarixdən ərizəsinə əsasən məktəbdə yaranmış 1.0 ştat direktor müavini vəzifəsinə təyin edilmiş və həmin tarixdən onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci ildə Masazır kənd 4 nömrəli tam orta məktəbində xx.xx.2019-cu ildə Ali təhsilli coğrafiya müəllimi xx.xx.2019-cu il tarixdən ərizəsinə əsasən məktəbdə yaranmış ştat direktor müavini vəzifəsinə təyin edilmiş və həmin tarixdən onunla əmək müqaviləsi bağlanmış, Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir.

4. İşin materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

5. Abşeron rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Babayeva X1 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmaq üçün xx.xx.2021-ci il tarixli ərizə ilə həmin dövrdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elşən Qurbanova müraciət etmiş, məktəb üzrə xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə əmək kitabçası vətəndaşa təqdim edilmişdir. İddiaçı dövlət ümumi təhsil müəssisələrində ixtisası üzrə işlə təmin olunması üçün müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı məqsədəmüvafiqdir.

6. Xaçmaz rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, Xudat şəhər 3 №-li tam orta məktəbin coğrafiya müəllimi İddiaçı həqiqətən 2015-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçmiş və 48 (ixtisas 35, metodika 13) bal toplamışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)7034/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “iş fəaliyyətinin bərpa edilməsi və 2022-ci ilin yanvar ayının maaşın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

8. Cavabdeh direktor əvəzi Elşən Qurbanov tərəfindən Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova ünvanlanmış təqdimatdan görünür ki, məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı ərizəsinə əsasən xx.xx.2021ci il tarixdən tutduğu vəzifədən azad edilib, ixtisası üzrə məktəbdə müəllim kimi fəaliyyət göstərməsinə münasibət bildirilməsi nəzərə çatdırılmışdır.

9. Həmin məktuba cavab olaraq Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova tərəfindən Cavabdeh direktor əvəzi Elşən Qurbanova ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

10. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Xaçmaz rayonu Təhsil Şöbəsi K.Məhərrəmov adına Xudat şəhər 3 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 118 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən (əmr N56) xx.xx.2018-ci il tarixinə qədər (əmr N4) müddətsiz müqavilə ilə ixtisası üzrə coğrafiya müəllimi işləmişdir.

11. Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə jurnaldan çıxarışdan müəyyən edilir ki, iddiaçının həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbinə qarşı iddia tələbi ilə (sonradan iddia tələbinin dəqiqləşdiilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək) “Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 266 saylı əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, 500 (beş yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masazır kənd 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı, coğrafiya fənnini coğrafiya müəllimi olaraq 01 mart 2019-cu il tarixdən tədris edirdi. İşlədiyi müddət ərzində məktəbin rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında və tam yerinə yetirmişdir. Məktəbə təzə təyin olunan direktor əvəzi Elşən Qurbanov tərəfindən təyin olunduğu gündən ona qarşı qeyri-səmimi və qərəzli münasibəti olmuşdur. Hər dəfə müəyyən bəhanələr gətirərək onu işdən maddə ilə çıxaracağı barədə hədələyir və heç bir əsas olmadan vəzifə funksiyalarına daxil olmayan tapşırıqlar verirdi. Vəzifə öhdəliklərinə daxil olmamasına baxmayaraq iddiaçı həmin tapşırıqları yerinə yetirirdi. xx.xx.2021-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar 14 təqvim günü ödənişsiz məzuniyyət verilməsi ilə əlaqədar direktor əvəzi Elşən Qurbanova ərizə ilə müraciət etmiş, lakin ərizəsinə rədd cavabı verilmişdir. O, məzuniyyət ona lazım olduğunu bildirdikdə cavabdeh onun sözlərindən daha da hiddətlənərək məktəbin kollektivi arasında uca səslə onu maddə ilə çıxaracağını, ərizəsini yazmağı demişdir. Bundan sonra, bu hallar növbəti günlərdə də davam etdiyi üçün o, məcburiyyət qarşısında qalıb xx.xx.2021-ci il tarixdə məktəbin direktor əvəzi X5 “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” məzmununda ərizə yazmışdır. Göründüyü kimi, ərizəsində direktor müavinliyindən çıxmağını xahiş etsə də, müəllim kimi işdən çıxmaqla bağlı ərizə yazmamışdır. Yəni, cavabdeh məktəbdə həm direktor müavini olaraq inzibati vəzifə tutmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərirdi. Lakin xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Direktor əvəzi Elşən Qurbanov xx.xx.2021-ci il tarixli ərizəsində göstərilənləri nəzərə almadan, heç bir araşdırma aparmadan, ərizəsindəki xahişə münasibət bildirmədən, dərs saatları saxlanılmaq şərti ilə müavin kimi vəzifədən azad edilmə şərtinə heç bir məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.

14. Göründüyü kimi, cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin xeyli sayda maddi normalarının pozuntusuna yol verilmişdir. İddiaçı həmçinin vəkilin göstərdiyi yardıma görə 500 (beş yüz) manat müqavilə haqqı ödəmişdir.

15. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 11 noyabr 2022-ci il tarixli, 2(012)-3359/2022 nömrəli qətnaməsi ilə idda təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsi barədə mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, əmr tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq ərizəsinə əsasən iddiaçının Masazır kənd 4 nömrəli tam orta məktəbinə təlimtərbiyə işləri üzrə direktor müavini olaraq tutduğu vəzifədən azad edilməsi barədə olmuşdur. Yəni, iddiaçı tutduğu vəzifədən öz ərizəsinə əsasən istədiyi vaxtdan azad edilmişdir. Qaldı ki, iddiaçının işdən azad edilməsi barədə ərizəsinin məzmunundakı “məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə” barədə qeydinə əsaslanmaqla iddiaçının əmri mübahisələndirməsinə iddiaçı barəsində müəllim kimi işə qəbul edilməsi barədə nə tərəflər arasında belə bir müqavilə, nə də ki, bu barədə əmr olmuşdur. Bununla belə, xx.xx.2030cu il tarixdən sonrakı müddətdə iddiaçının Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə iddiaçının həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etməsi iş materialları ilə təsdiq olunur. Bu hal həmçinin, işdə olan digər sübutla da təsdiq edilir. Belə ki, Cavabdeh direktor əvəzi Elşən Qurbanov tərəfindən Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova ünvanlanmış təqdimata cavab olaraq Abşeron rayon Təhsil Şöbəsinin müdiri Pərviz Əhmədova tərəfindən Cavabdeh direktor əvəzi Elşən Qurbanova ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 83, 84.1, 84.2, 300.1-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2(012)-3359/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Abşeron Rayon Məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmiş, o, iddia tələbi üzrə sübutlara düzgün hüquqi qiymət verilməmiş, əksinə cavabdehin hərəkətlərinin qanunsuz olması öz təsdiqini tapsa da məhkəmə iddia tələbini rədd etmişdir. Nəticədə qanunvericiliyin qeyd edilən normasının tələbi pozulmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş, iddiaçıya münasibətdə qərəzli və birtərəfli yanaşmışdır. Bundan başqa işə baxan məhkəmə qətnaməni yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı olsa da və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olsa da həmin əsaslar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna görə də, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslandırılmamışdır. Nəticədə qanunvericiliyin qeyd olunan normasının tələbi pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, Masazır kənd 4 nömrəli tam orta məktəbdə həm müəllim, həm də direktor müavini vəzifəsində işləmişdir. Məktəbin direktor əvəzi işləyən Elşən Qurbanova işdən çıxmaq barədə ərizəsini təqdim etməyi tələb olunmuşdur. Ərizəni təqdim edərkən müəllim kimi fəaliyyətini davam etdirməyə icazə verilməklə müavin kimi vəzifədən azad edilməyini xahiş etmişdir. Lakin ərizəsində göstərdikləri nəzərə alınmadan onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, həm müavin kimi, həm də müəllim kimi fəaliyyəti dayandırılmışdır. Ona görə də, verdiyi apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, müəllimlərin işə qəbul və işdən azad edilməyi barədə məsələlər qaydalarla tənzimlənir, Təhsil haqqında qanunla deyil. Hüquqlarını müdafiə etdiyi İddiaçı tutduğu vəzifədən azad edilməyi ilə bağlı ərizədə də konkret göstərib ki müəllimlik peşəsi saxlanmaqla “məni direktor müavini vəzifəsindən azad edin”, lakin cavabdeh Masazır kənd 4 nömrəli tam orta məktəb həmin qaydalara riayət etmədən onun müəllimlik fəaliyyətinə xitam verilmişdir. Cavadeh tərəf xitam verilməsi barədə əmri hansısa qanuna konkret olaraq istinad etmədən onun tamami ilə işdən azad edilməsi nəticəsinə gəlinmişdir ki, bu da iddiaçının hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Əgər müəllim tədris ilə yanaşı direktor müavini kimi işləyirsə ərizə verib, bu vəzifədən azad olunmasını xahiş etdikdə dərs saatlarını icra etməlidir. Buna görə də, işdən azad olunma barədə əmri həmin hissədə mübahisələndirərək ləğv edilməsi, iddiaçının həmin məktəbə və ya yaxınlıqda olan digər məktəbə keçirilməsini təmin etməmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbinin direktoru X10 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı işdən çıxamaq barədə könüllü ərizə vermiş və onun ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, müəllimlərin işə qəbulu müsabiqə yolu ilə aparılır, təyinat alaraq müvafiq məkbətdə işə başlayır və onların yerdəyişməsi üçün vakansiya elan olunur və müəllimlər yerdəyişmə imtahanında iştirak edirlər və bunun nəticəsində iş yerlərini dəyişirlər. Müəllim ərizəsi əsasında işdən azad olunursa müəllim statusunu itirmiş olur, o hər hansı müəssisədə müəllim kimi işə götürülə bilməz. Diaqnostik qiymətləndirməyə görə də, onların dərs saatları müəyyən edilir. İddiaçı ərizəsi əsasında işdən azad edilmiş və onun direkton müavini kimi işləməsi və hansısa dərs saatlarının ona verilməsi mümkün deyildir. Ona görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

26. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(012)-3359/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.

31. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, o fəaliyyəti dövründə heç bir pozuntuya yol verməmiş, əksinə bu illər ərzində daim nizam-intizamla işləmiş, işinə ciddi yanaşmışdır. Məktəb rəhbərliyi ona qarşı qərəzli olduğundan onu işdən azad etmiş, yazmış olduğu ərizənin mahiyyətinə əhəmiyyət verməmişdir.

32. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, əksinə, iddiaçının vəzifəsi təlim-tərbiyə işləri üzrə direktor müavini olmuş, öz ərizəsi ilə də onunla bağalnmış əmək müqaviləsinə xitam verilmişdir.

33. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, onun tərəfindən Cavabdeh direktor əvəzi X5 yazılmış xx.xx.2021-ci il tarixli ərizədə “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazdığı ərizəsindən sonra məktəbin xx.xx.2021-ci il tarixli, 266 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.

34. Öyrənilən işdən həmçinin görünür ki, iddiaçı direktor müavini vəzifəsini icra edərkən Masazır kənd 4 nömrəli məktəbində 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənlərini tədris etmişdir.

35. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

36. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə apararaq qeyd edir ki;

38. Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur

39. İkincisi, yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarından görünür ki, qanunverici işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin iki qaydasını nəzərdə tutmuşdur: 1) işçi tərəfindən bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə; 2) işçinin ərizəsində göstərdiyi gün.

40. Qeyd olunan hallarla bağlı nəzərə alınmalıdır ki, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır. Lakin, əgər işçi və işəgötürən razılığa gəliblərsə, əmək müqaviləsinə daha tez xitam verilə bilər. Sonuncu halda yuxarıda göstərilən hallara riayət olunması tələb olunmur.

41. Göründüyü ki, qanunvericilik birinci halda xəbərdarlıq müddəti bitənədək işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutsa da, ikinci halda, yəni işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi halında işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutmamışdır.

42. Üçüncüsü, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixdə öz təşəbbüsü ilə ərizədə göstərildiyi gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək iddiaçının şikayəti üzrə digər bir dəlilinə, yəni “dərs saatları saxlanılmaq şərtilə müəllim kimi fəaliyyətini davam etdirməyə, müavin kimi vəzifədən azad edilməsinə” də xüsusi əhəmiyyət verərək, bu məqsədlə aidiyyəti orqana sorğu vermişdir.

44. Apellyasiya icraatı zamanı verilmiş sorğu əsasında AR Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim –tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedoqoji iş) aparmaları haqqında” normaların 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.

45. Beləliklə göründüyü kimi iddiaçı sözügedən məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini daşıdığından, yuxarıda qeyd olunan əmrin (Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmrin) təsir dairəsinə düşmüş və onun həmin məktəbdə ixtisası üzrə dərs aparması icra etdiyi vəzifəsinin ayrılmaz təkib hissəsi olmaqla, qeyd olunan normanın tələbləri çərçivəsində olmuşdur.

46. Bundan əlavə iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı əmrin ləğv olunması ilə yanaşı, müəllim vəzifəsinə deyil, əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Halbuki işin mübahisəsiz halından göründüyü kimi sonuncu məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində olmaqla, sonda həmin vəzifədən öz xahişi ilə işdən azad olunmuşdur.

47. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi hər iki tərəfi bərabər, yəni həm işçini, həm də işəgötürəni bərabər şəkildə qoruyur.

48. Kollegiya hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(012)-3359/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar