Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-555/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X14 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavbdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6755/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X20 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı iki övladları var. Qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1998/2020 saylı qətnaməsi ilə nikah qeydləri ləğv olunmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X20 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X10 iddiaçı X2 yanında saxlanılması qət olunmuşdur. 2014-cu ildə Sumqayıt şəhərində 4-cü mkr-da yerləşən bacısı İbrahimov Ayselin adına olan mənzil satılmış və Sumqayıt şəhəri, ünvan 1 yerləşən yataqxanadan bir otaqlı ev almışlar. Nikah qeydləri ləğv olunandan sonra cavabdehlə mübahisələri yarandığından yaşadığı mənzildən çıxmışdır. Elə həmin vaxtdan bu günə qədər cavabdeh onu mənzilə buraxmır. Cavabdeh tərəfindən hüquqları pozulur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmalıdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, mənzil 32-də qeydiyyatdadır, lakin yaşamır.
5. AZ-İ № 358492 saylı, xx.xx.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 15 oktyabr 2020-ci il tarixdə pozulmuşdur.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1998/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında 08 may 2009-cu il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 dekabr 2009-cu il təvəllüdlü X20 oğlunun və 24 fevral 2011-ci il təvəllüdlü X7 iddiaçı X3 yanında saxlanılmaları qət edilmişdir.
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19 noyabr 2007-ci il tarixli 377 №-li sərəncam ilə MKTİB-nin balansına verilmişdir. Yataqxanada otaq 32-də İddiaçı xx.xx.2014-cü ildən ailə üzvləri-X5, X20 oğlu, X8 ilə birlikdə pasport qeydiyyatındadır. Otağa dair hüquqi sənəd olan order, kirayə müqaviləsi, çıxarış yoxdur.
8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 xx.xx.2023-cü il tarixində, 14:30 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)- 6755/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1 və 2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 27.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 220.5, 77.1, 14.2, 80, 106.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh Şıxıyeva Ülvı̇ yyə Babacan qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6755/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 08 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların bu nikahdan iki övladları var. Ailə həyatı qurduqdan az sonra cavabdehin təqsiri üzündən münasibətləri soyumağa başlamış və nəticədə o, cavabdehlə birgə yaşadığı mənzili tərk edərək başqa bir ünvanda yaşamağa başlamışdır. Birgə nikahdan doğulmuş övladları məhkəmə qətnaməsi ilə onun yanında qalmışlar. Həmçinin, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13 avqust 2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, bu qətnamənin qəbulundan sonra uzun bir müddət bu iş üzrə İddiaçı ona aliment ödənişlərini etməmişdir. Bu qətnamə icra edilmədiyinə görə çoxsaylı şikayətlərindən sonra İddiaçı qətnaməni icra edərək aliment məbləğlərini ödəməyə başlamışdır. Lakin onun təxmini olaraq 7000 manatadək borcu yığılmışdır. Bütün bu halları isə iddiaçı birinci instansiya məhkəməsində bildirməmiş və bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. O, iddiaçı ilə boşandıqdan sonra xx.xx.2022-ci il tarixdə MəmmədovToğrul Vadim oğlu ilə nikaha daxil olmuşdur. Onların bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladı anadan olmuşdur. Onlar hal-hazırda Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Qeyd edir ki, bu mənzildə iddiaçı ilə onların birgə nikahlarından anadan olmuş övladları da onlarla birlikdə yaşayır. İddiaçı özü isə bu günədək anası və bacısı ilə birlikdə yaşayır. Çünki onun onlarla birlikdə yaşaması mümkünsüzdür. Belə ki, onlar aralarında olan şiddətli mübahisələrə görə boşanmışlar. Bunu məhkəmə qətnamələri də tam olaraq təsdiq edir. Heç iddiaçı özü də onlarla birlikdə yaşamaq istəmir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, qətnamə tamamilə əsassızdır. Belə ki, məhkəmə bir çox nüansları nəzərə almamış, işi araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçı və onun nümayəndəsinin ifadələrinə əsaslanaraq iddianı təmin etmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun oğludur. O, 3 otaqlı mənzili satıb qızı ilə oğluna ayrı-ayrı ev almışdır. 2008-ci ildə o, oğlunu evləndirmişdir. Gəlini yəni cavabdeh ayrı yaşamaq istədiyinə görə qızının adına olan evi satıb oğluna 1 otaqlı mənzil almışdır. Bir otaqlı mənzili də qızı ilə özünə almışdır. Cavabdeh oğlunu ona məxsus olan evdən qovub. Oğlu günlərlə küçələrdə qalmışdır. O, bir ana kimi dözməyib oğlunu qızının evinə gətirmişdir. Həmin vaxtdan o, qızına məxsus olan evdə yaşayır. Hazırda oğlu evlənmək istəyir. Buna görə də, köçüb ona məxsus olan evdə yaşamaq istəyir. Cavabdeh özü də ailə həyatı qurub. Yeni ailəsi ilə oğluna məxsus olan evdə yaşayır. Bu səbəbdən iddia tələbini əsaslı hesab edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Lakin iddiaçı və nümayəndəsinin qeyd etdiyi bir çox nüans arasında ziddiyyət vardır. Belə ki, iddiaçı öz iddia ərizəsində özü evdən çıxdığını qeyd edib. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının evdən güya ki, onun tərəfindən qovulduğunu demişdir. Bu da onu sübut edir ki, qeyd edilənlər yalandır və iddiaçı evdən qovulmamış, özü çıxıb getmişdir. O, anası və bacısı ilə birlikdə yaşamışlar. Bu iddiaçının iddia ərizəsində də təsdiq edilir. Yəni iddiaçı heç zaman küçədə qalmamışdır. Onun həmişə qalmağa yeri olmuşdur. Əgər o, küçədə qalsaydı, özü də övladlarının atasının həmin tərzdə yaşamasına icazə verməzdi. O, həmişə anası və bacısı ilə birlikdə yaşayıb. Əgər iddiaçının nümayəndəsi bu cür əsassız və yalan bir fikir irəli sürürsə, özünün ana olduğunu və özünün yaşadığı yerdə oğlu ilə yaşaya biləcəyini də nəzərə almalıdır. Onlar həmin evdə 5 nəfər yaşayırlar. Cavabdehlə birgə nikahdan anadan olmuş övladları və hazırkı ailəsi ilə həmin evdə yaşayırlar. İddiaçının bu evə köçməsi isə bu vəziyyətdə mümkünsüzdür. Onun birlikdə yaşaya bilməyəcəyi isə nəzərə alınmamışdır. Bu yeni mübahisələr və dava-dalaş yaradacaqdır. Onlar isə həmin evdən heç yerə gedə bilməzlər. Övladları təhsil alırlar və azyaşlıdırlar. Bütün bunlar isə məhkəmədə nəzərə alınmamışdır. Həmçinin qeyd edir ki, İddiaçı ona qarşı “uşaqla ünsiyyət tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X20 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri yaşadığı Sumqayıt şəhəri, 8 mkr., 28/15 saylı evin, 94 nömrəli mənzilində gün ərzində himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunun nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-586/2021 nömrəli. xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Bu qətnamədə qeyd edilmişdir: “Məhkəmə iclasında 10 yaşları tamam olmuş xx.xx.2009-cu il təvəllüdlü X20 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X10 göstərdilər ki, onlar ataları ilə üsnsiyyətdə olmaq istəmirlər. Belə ki, ataları onların yanında analarını təhqir edib söyür”. Bu halların heç biri isə məhkəmə iclasında nəzərə alınmamışdır. Belə ki, iddiaçı ilə onun arasında mübahisələr vardır. Bu səbəbdən onlar birlikdə yaşaya bilməzlər. Hazırda başqa evə köçmələri isə mümkün deyildir. Maddi vəziyyətləri də çox ağırdır. İddiaçının mübahisəli evə köçməyə faktiki olaraq ehtiyacı yoxdur. Onun yaşayış yeri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsi ilə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bu müddəalardan da görünür ki, birgə nikah dövründə əldə olunmuş əmlak birgə mülkiyyət hesab edilir və hər iki payçının da bu mülkə hüququ vardır. Lakin məhkəmə bu müddəaları nəzərə almamışdır. Belə ki, sadəcə iddiaçının bu mülkdə hüququ olmadığından digər mülkiyyətçi kimi onun da bu evdə rahat yaşamı təmin edilməlidir. Bu mülkdən o, cavabdehlə birgə nikahdan olan övladları ilə birlikdə istifadə edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Lakin bu müddəa məhkəmə tərəfindən nəzərə alınmayıb. Artıq illərdir ki, həmin mülkdə o, öz ailəsi ilə birlikdə yaşayır. Lakin iddiaçı hal-hazırda nikahın ləğvindən 3 il yarım sonra bu evə köçürülməyi tələb etmişdir. Bu isə tamamilə qanunsuz bir tələbdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri; Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etmişdir.
22. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilin birgə nikah dövründə, 2014-cu ildə əldə edildiyini, cavabdehlə boşandıqdan sonra mənzildən çıxdığını, daha sonra cavabdeh tərəfindən evə buraxılmadığını iddia edərək yaşayış sahəsinə köçürülməsi tələbinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyini nəticəni mənzilin İddiaçı 2014-cü ildə anası tərəfindən alınması, iddiaçı ilə cavabdehin orada məskunlaşmaları, ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamaları və başqa yerdə yaşayış yerinin olmaması, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqların bərpa edilməsi ilə əsaslandırmışdır.
24. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
27. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək birinci instansiya məhkməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı mövqeyini aşağıdakı şəkildə əsaslandırır:
28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 12 iyun 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə, 2014-cu ildə mübahisə predmeti olan Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 41, yataqxana 5, otaq 32-də yerləşən yaşayış sahəsini əldə edərək orada yaşamışlar. İddiaçı cavabdehlə boşandıqdan sonra, 2020-ci il tarixdən həmin mənzildən çıxmış, orada yaşamamışdır.
29. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Məhkəmə işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər arasında mənzillə bağlı münasibətlər 2014-cü tarixdə əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
31. Məhkəmə kollegiyası mübahisənin qanuni həlli ilə bağlı eyni zamanda mübahisəli mənzilin hüquqi rejiminin müəyyən edilməsini zəruri hesab edir.
32. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19 noyabr 2007-ci il tarixli 377 №-li sərəncam ilə MKTİB-nin balansına verilmişdir. Yataqxanada otaq 32-də İddiaçı xx.xx.2014-cü ildən ailə üzvləri-X5, X20 oğlu, X8 ilə birlikdə pasport qeydiyyatındadır. Otağa dair hüquqi sənəd olan order, kirayə müqaviləsi, çıxarış yoxdur.
33. Göründüyü kimi həmin mənzil statusuna görə dövlət mənzil fonduna aid, xüsusi təyinatlı yaşayış sahəsi hesab edilən yataqxana otağıdır.
34. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə istinadən qiymət verərək hesab edir ki, iddiaçı 2020-ci il tarixdən başqa yaşayış yerinə köçərək artıq xeyli müddətdədir ki, mübahisəli mənzildən istifadə etmədiyindən yaşayış sahəsi ilə bağlı hüquqları ləğv edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsas yoxdur, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6755/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6755/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnam qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.