Məhkəmə qərarları › İş №2(105)-557/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-557/2022

04.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-557/2022 04.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Finoko BOKT ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-97/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-97/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 20.40 manat (iyirmi manat qırx qəpik) iddiaçı X2 Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-97/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Finoko BOKT ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və mənzildə yaşayan digər şəxslərin Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-97/2021 nömrəli 02.08.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsasızdır. Belə ki, qətnamə onun mülkiyyət hüququ pozulmaqla qəbul edilmiş bir qətnamədir. Onun mülkiyyətində olan əmlak onun xəbəri olmadan iddiaçının adına keçirilib. O, hərracın yekunları barədə protokolu mübahisələndirmiş və mübahisə davam edə-edə iddiaçı tərəfindən mülkiyyəti onun adına keçirilib. Bundan başqa bildirir ki, onun və ailəsinin tək yaşayış yeri oradır. Onların başqa yaşayış yeri yoxdur. Lakin məhkəmə bu halları araşdırmadan onu mülkiyyətindən mərhum edərək onun mənzilindən çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya şikayətində Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)- 97/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Finoko BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Abşeron Rayon Məhkəməsinin 09.02.2018-ci il tarixli 2(012)-1088/2018 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 45675,47 ABŞ dolları əsas, 8544,52 ABŞ dolları faiz borcu və 1045 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55264,99 ABŞ dolları kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın və 1 manat xidmət haqqının 25 manat hissəsinin əvəzinin tutularaq Finoko BOKT ASC-yə ödənilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ümumi sahəsi 66,93 kv.m., yaşayış sahəsi 46,96 kv.m. və yardımçı sahəsi 19,97 kv.m. olan 15 saylı evin 56 saylı mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin 80000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehin Finoko BOKT ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir ( hakim İlham Kərimli). -Külək MMC-nin 26.08.2019-cu il tarixli 40/02 saylı ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 26 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanında Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 15 saylı evin 56 saylı mənzilinin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olan qiyməti 51000 manat müəyyən edilmiş, Mülki Məcəllənin 415-ci maddəsinə əsasən Abşeron ravon Məhkəməsinin 2(012)-1088/2018 saylı 24.09.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Pobasiya Şöbəsinin 17/75-77-19-4 saylı 24.06.2019-cu il tarixli sifariş məktubunun və Finoko BOKT ASC-nin 79-0819 saylı 21.08.2019-cu il tarixli məktubunun icrasına əsasən İpoteka haqqında Qanunun 41.42. və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuş, 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.09.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzili Finoko BOKT ASCnin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron RPŞ tərəfindən verilmiş 07.10.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 26 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, işin araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı Finoko BOKT ASC Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilini açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ Finoko BOKT ASCyə keçmiş, lakin buna baxmayaraq evin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsindən sonra həmin evdə yaşamayan Cavabdeh və ona məxsus əşyalarının qeyd olunan evdə qalması iddiaçı Finoko BOKT ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Babayev X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq mənzil boşaldılmalıdır. Həmçinin iddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 15 saylı evin 56 saylı mənzilində Cavabdeh başqa digər şəxslərin də yaşadığı bildirilsə də, həmin şəxslərin kimliyi qeyri-müəyyən olduğundan və həmin mənzildə həqiqətən də yaşayıbyaşamadıqları barədə sübutlar məhkəməyə təqdim olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməklə qətnaməni dəyişmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-97/2021 nömrəli 02.08.2021-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar