Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-559/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)- 3402/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməklə Əsas borc üzrə 12732,14 manat, faiz borcu üzrə 11500,38 manat, cərimə üzrə 1325,59 manat, 04.06.2019-cu il tarixdən 02.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1103,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26662,06 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 15, mənzil 17-yə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi və iddiaçıya olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 15, mənzil 17-nin ilkin satış qiyməti 52000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)- 3402/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehlərə qaytarılması qərara alınmışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)- 3402/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin cavabdehə qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3402/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 04.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12732,14 manat əsas borc, 11531,36 manat faiz borcu, 1325,59 manat cərimə və 04.06.2019-cu il tarixdən 02.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1103,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26662,06 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən, 3 otaqlı, 64,5 kvadrat metr ümumi, 39,3 kvadrat metr yaşayış, 25,2 kvadrat metr yardımçı sahədən ibarət 15 nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tələbin Cavabdeh2 məxsus mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini və onların həmin mənzildən çıxarılmalarını, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, elektron qayadada verərkən prosesual müddətin bərpası haqqında vəsatət əlavə etməmişdir. İş icraata götürüldükdən sonra əlbəəl məhkəməyə təqdim edəcəkdi. Lakin buna baxmayaraq apellyasiya şikayətini elektron məhkəmə informasiya sistemi ilə göndərərkən ötürdüyü prosesual müddətin bərpası ilə əlaqədar olaraq ərizəni işin halları bölməsində ətraflı yazmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli və onunla bağlı 22 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürməsi, qətnaməsindən verdiyi apellyasiya şikayətinə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əlavə etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, 19.10.2021-ci il tarixli məhkəmə aktını Cavabdeh1 29 oktyabr 2021ci il tarixdə almış, 24 noyabr 2021-ci il tarixdə müddətin bitməsinə beş gün qalmış apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd etmək lazımdır ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən 25 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti elektron qaydada verilmədiyinə görə geri qaytarılmış, Cavabdeh1 yenidən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün bir aylıq müddətin tamamına yuxarıda qeyd olunduğu kimi 5 gün qalmasını nəzərə almadan, müddətin ötürülməsi qənaətinə gələrək 08 dekabr 2021-ci il tarixdə apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Halbuki ilkin müraciət olunan zaman cavabdehin beş gün prosessual müddəti qalmışdır. Həmin müddət cavabdehə 25 noyabr 2021-ci il tarixli qərardad təqdim olunduğu gündən hesablanmalı və bu zaman qeyd olunan qərardadın cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut (məhkəmə qəbzi) olmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan Cavabdeh1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması barədə qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli və onunla bağlı 22 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli və onunla bağlı 22 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-559/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-559/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver