Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-563/2022 04.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, e-2(012)-7016/2021 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövrü Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikilmiş evə uşaqları 10.03.2015-ci il təvəllüdlü X2 və 29.10.2016-cı il təvəllüdlü X1 ilə birlikdə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-7016/2021 saylı, 03.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim C.Səfiyeva). İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin e- 2(012)-7016/2021 saylı, 03.12.2021-ci il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-7016/2021 saylı, 17.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, e-2(012)-7016/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən göstərmişdir ki, iddia ərizəsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 152-ci maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən 01.07.2021-ci il tarixindən qüvvəyə minmiş “Mediasiya haqqında” Qanun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. Tərəflər arasında yaranan münasibətlər ailə münasibətlərindən yaranan münasibətlərdir. Qanunvericiliyin tələblərindən məlum olduğu kimi, tərəflər arasındakı yaranan hazırkı münasibət ailə münasibətləri ilə bağlı olduğundan hazırkı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda, iddiaçı tərəfindən həmin tələbə riayət olunmasına dair məlumatı və həmin tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Mediasiya haqqında Qanunun 3.1-ci maddəsinə görə mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. İş materiallarından görünür ki, hazırkı mübahisə ailə münasibətlərindən deyil, mənzil münasibətlərindən doğan mübahisələrə aiddir. Belə ki, hazırkı mübahisə ailə qanunvericiliyi ilə deyil, mənzil qanunvericiliyi ilə tənzimlənir. Bu kateqoriyadan olan mübahisələr üzrə isə məhkəmədən öncə mediasiya qurumuna müraciət edilməli olması barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa yoxdur. Başqa sözlə, İddiaçı evə köçürülmə tələbinə dair iddia ilə birbaşa Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, iddia ərizəsinin geri qaytarılması üçün əsas yoxdur və bu hal, iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, e-2(012)-7016/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-563/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-563/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver