Məhkəmə qərarları › İş №2(105)-568/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-568/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-568/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı şəxslər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın plan-ölçü sənədin və mülkiyyət sənədinin verilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov) İddiaçı Cavabdeh qarşı torpağın plan və ölçüsünə dair sənədin və mülkiyyət sənədinin verilməsi tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360 və 364-cü maddələrinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, Şabran Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi icra edilməsi üçün 10 oktyabr 2013-cü il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilsədə, İddiaçı ərizəsinə əsasən 29 noyabr 2013-cü il tarixdə icra vərəqi sonuncuya təhvil verilmişdir. İddiaçı 10 dekabr 2024-cü il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək icra vərəqəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. Şabran rayon məhkəməsinin 11 dekabr 2024-cü il tarixli məktubu ilə icra vərəqəsi icra edilməsi üçün sənədi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilsə də, sonuncu qeydiyyat üçün qətnamənin nəzərdə tutulduğunu əsas gətirərək icra sənədinin icrası məsələsinə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılacağı barədə məhkəməyə 09 yanvar 2025-ci il tarixdə məlumat vermişdir. Göründüyü kimi maraqlı şəxs məhkəmə aktında artıq məlumatlı olduğu halda qətnamədən 13 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti vermiş və həmin şikayəti Şabran Rayon Məhkəməsinə deyil, Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün göndərərkən birinci instansiya məhkəməsi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin qətnamədən məlumatlı olduğunu ətraflı araşdırmamış, şikayətin prosessual müddət daxilində verilməsi məsələsini müzakirə etməmişdir. Belə ki, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi birinci instansiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin qəbulundan 12 ilə yaxın müddətin keçməsindən sonra apellyasiya şikayəti verilmişdir. Mövcud qətnamənin qəbulundan bu qədər uzun müddət keçdikdən sonra şikayətin verilməsi apellyasiya şikayətinin mümkünlüyü şərtlərinin daha dəqiq yoxlanılmasını tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məlum olduğu kimi, MPM-nin 357.1-ci maddəsindən göründüyü kimi birinci instansiya məhkəməsinin o qətnaməsindən apellyasiya şikayəti verilə bilər ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş olsun. Bu baxımdan baxılan iş üzrə apellyasiya şikayətinin qəbul olunmasının mümkünlüyü onu ehtiva etmiş olur ki, qətnamə ötən 12 il ərzində qanuni qüvvəyə minməmişdir. Qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd etdiyi kimi qətnaməni qəbul etmiş məhkəmə icra sənədini dəqiq və vaxtında tərtib edərək müvafiq icra şöbəsinə göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. “İcra haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya icranın təminatı ilə bağlı digər orqanların vəzifəsidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2017-ci il tarixli qərarında əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələrdən biridə məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsidir. Qeyd olunmalıdır ki, mülki mühakimə icraatında birinci instansiya məhkəməsində qəbul olunan bütün məhkəmə aktları qüvvəyə mindikdən sonra icraya yönəldilir. Ədalət mühakiməsinin səmərəliliyin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır. Lakin maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mövcud qətnamədən verdiyi apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün göndərən birinci instansiya məhkəməsi 10 oktyabr 2013-cü il tarixli qətnamənin qəbulundan keçən ( təxminən 12 ilə yaxın) bu müddət ərzində icraya yönəldilibyönəldilməməsini, bunun səbəblərini, işdə iştirak edən şəxs olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qətnamənin mövcudluğundan xəbərdar olmasını, məlumatlı olduğu halda, prosessual müddətin başlanğıcının müəyyənləşdirilməsi baxımından hansı vaxtdan məlumatlı olmasını aydınlaşdırmadan, o cümlədən apellyasiya şikayətinin müddət ötürülüb-ötürülmədən verilməsi məsələsini müzakirə etmədən 10 oktyabr 2013-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361ci maddəsinə uyğun olmadığından, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən məsələlər bir daha ətraflı yoxlanılmaqla qətnamənin qəbulundan keçən bu müddət ərzində icra edilib-edilməməsinin səbəbləri tərəflərin iştirakı ilə müzakirə edilməklə nəticəsi barədə əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Maraqlı şəxs Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar