Məhkəmə qərarları › İş №2(105)-572/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-572/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-572/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və X1 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Ərizəçi torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək faktı ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X2 nümayəndəsi E.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) ərizənin təmin olunması, Ərizəçi Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxx 2006-cı il tarixli, 4ə-643 saylı alqı-satqı müqaviləsi üzrə JN:2433FKOD30320018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən aldığı Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2433F Kod 30320018 saylı şəhadətnamə ilə onun adına verilmiş Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi barədə qətnamə verilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbini dəqiqləşdirib, Ərizəçi Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxxx 2006-cı il tarixli, 4ə-643 saylı alqı-satqı müqaviləsi üzrə JN:2433F KOD 30320018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən aldığı Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2006-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini Quba rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4ə-643 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə dair onun adına JN 2433F Kod 30320018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsindən aldığı vaxtdan hal-hazıra kimi o, mülkiyyəti kimi istifadə edir və bütün vergi borclarını ödəyir. Hazırda istifadəsində və mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin ona məlum olmuşdur ki, aldığı 0,12 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Notariat Kontorunda bağlanmış xx xxxxx 2006-cı il tarixli 4ə-643 saylı alqı-satqı müqaviləsinin onda olan nüsxəsini şəhadətnamə alarkən təqdim etmiş, həmin nüsxə də saxlanılmamışdır. Həmin alqı-satqı müqaviləsi notariat kotorunda tapılmadığından torpaq sahəsinə dair Çıxarış ala bilmir. Bunun üçün onun həmin 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələb olunur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X2 rəisi E.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi qətnamədə JN:2433F KOD 30320018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciəti olmayıb, o cümlədəndə DƏDRX-nin 5 saylı X4 tərəfindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqların dövlət qeydiyyatı ilə, o cümlədən texniki hissə ilə bağlı heç bir münasibət bildirməmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən olunmuşdur ki, qətnamədə göstərilən Şəhadətnamə 5 saylı X2 məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTKX-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Məhkəmə tərəfindən bir çox maddi hüquq normalar pozulmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(027)-640/2019 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan JN:2433F KOD 30320018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Quba rayon DNK-nın xx.xx.2006-cı il tarixli, 4ə-643 saylı alqı-satqı müqaviləsi ilə Ərizəçi 0,12 hektar torpaq sahəsi satılmış və həmin 0,12 hektar torpaq sahəsinə onun hüquqlarını təsdiq edən şəhadətnamə verilmişdir. İşdə olan Quba rayon İİ Nügədi bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 60 saylı arayışından görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN:2433F KOD 30320018 saylı Şəhadətnaməyə əsasən adına olan 0,12 ha həyətyanı torpaq sahəsinin vergi borclarını 2006-cı ildən hal-hazıra kimi Ərizəçi ödəmiş və həmin torpaq sahəsi 2006-cı ildən onun istifadəsindədir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 9.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təstiqeləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təstiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 A.S.Nəzirovanın iddia predmeti olan torpaq üzərində mülkiyət hüquqlarının dövlət qeydiyyatına alınmasının imtina edilməsi ilə əlaqədar inzibati akt mövcud deyildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qəər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr tərəfindən həyata yeçirilir. İş materialları ilə müəyyən olur ki, ərizəsi Ərizəçi mübahisə edilən 0,12 ha həyətyanı torpaq sahəsinin sahibliyində müəyyən olunması ilə bağlı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X3 müraciət etməsini və rədd cavabı almasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər hazırkı mübahisə ilə əlaqədar əvvəl maraqlı şəxsə müraciət etməli və müraciəti müsbət həll olunmazsa, bu halda yuxarıda qeyd olunan hüquq normalarına əsasən aidiyyət qaydalarına riayyət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbi dair ərizəsinə baxmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X2 rəisi Eldəniz Hacıyevin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(027)-640/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək faktı ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar