Məhkəmə qərarları › İş №2(105)-575/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-575/2022

21.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-575/2022 21.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X4 Cavabdeh1 və X5 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əldən çıxmış gəlirin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X9 məhkəmədə Cavabdeh1 və X5 qarşı iddia qaldıraraq cavabdehlərin ailələrinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılması və torpaqlarının cavabdehlər tərəfindən zəbt edilərək istifadələrində olduğu 13 il müddət ərzində ailələrinin büdcəsinə vurduqları cəmi 62000,00 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun onlardan alınıb ailələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X8 və Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna Dair JN-0056, kod 30404028 saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov). X1 vəkili və nümayəndəsi X3 tərəfindən 21.12.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Göründüyü kimi, apelyasiya şikayətinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə görə apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi, başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi barədə şikayət verən şəxsin tələbi göstərilməlidir. Lakin daxil olmuş apellyasiya şikayətində cavabdehin tələbinin nədən ibarət olması müəyyən deyil. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X2 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 361-364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 Cavabdeh1 və X5 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əldən çıxmış gəlirin ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 saylı qətnaməsindən cavabdeh X2 vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar