Məhkəmə qərarları › İş №2(105)-577/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-577/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-577/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Telman Osman oğlu Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: X5, İddiaçının vəkili: X6, Cavabdeh: Cavabdeh1, Cavabdeh1 vəkili: X11 iştirakları ilə, İddiaçı Xanbala qızının Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə iddiaçının köçürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddianın təmin edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması, İddiaçı Xanbala qızının mübahisəli yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Xanbala qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə bərabər Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2014-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahlarından bir övladları anadan olmuşdur. Cavabdehin ailəsinə laqeyd münasibəti nəticəsində ailələri bir ilə yaxın olar dağılmışdır. Mübahisəli torpaq sahəsi Abşeron rayonu, Hövsan südçülük sovxozunda yerləşir. 200 kv.m həcmindədir və o, bu torpaq sahəsini bir sotunu 2200 manat verməklə, ümumi 4400 manat məbləğinə satın almışdır. Ona məxsus olan torpaq sahəsində dörd otaqdan ibarət olan 100 kv.metrlik yaşayış evi və 24 kv.m-lik dükan tikdirmişdir. Evin və dükanın tikilməsi üçün tərəfindən 15000 manat pul xərclənmişdir. Tikinti üçün sərf edilmiş vəsait anası tərəfindən ona verilmişdir. O, anasın evində yaşamaqla həmin evin tikintisini aparmışdır. Təxminən bir neçə ay bundan əvvəl tikdirdiyi dükanın çardağını vurdurmaq üçün anası ilə birlikdə ustanı həmin torpaq sahəsinə gətirdikdə orada tanımadığı bir neçə şəxsi görmüş, yaxınlaşıb burada nə etdiklərini soruşarkən, həyat yoldaşı Cavabdeh2 onun xəbəri və razılığı olmadan makler ilə əlbir olaraq bu torpaq sahəsini və üzərində olan tikililərlə birlikdə Şamaxı rayonu, Şərədil kənd sakini Cavabdeh1 5000 manata satdığını bilmişdir. Aralarında mübahisə başlamış, bu torpaq sahəsini öz puluna X7 aldığını, tikintinin öz vəsaiti hesabına apardığını bildirdikdə bu torpağı və tikintini satın alan adam özünü Yasər deyə təqdim edərək buradan çıxmayacağını demişdir. Belə olan halda, o, yaşadığı ərazi üzrə aidiyyatı qurumlara müraciət etmiş, şikayət ərizəsi araşdırılma aparılması üçün Xəzər rayon 2-ci Polis Bölməsinə göndərilmişdir. İzahatı alınan zaman Cavabdeh2 ona zəng edərək Yasərlə aralarındakı haqq hesabı həll edəcəyini, onun evini qaytaracağını vəd etmiş, şikayətinin geri götürməsini xahiş etmiş, onun vədinə inanıb şikayətini geri götürmüşdür. Polis Bölməsində isə ona bu işin mülki iş olduğu və məhkəməyə müraciət etməsi bildirilmişdir. O, Polis İdarəsində Cavabdeh1 necə olur ki, “2 sot torpaq, içərisində 4 otaqlı ev, 24 kv.m dükan 5000 manata olur” deyəndə cavabdeh ona laqeyidliklə “5000 manat pulumu ver sonra çıxım” deyə vermişdir. Hər iki cavabdehin onu aldadaraq ondan pul almaq istədiyini başa düşmüşdür. Hesab edir ki, onun halal zəhməti ilə aldığı torpaq və tikdirdiyi tikililər ona qaytarılmalıdır. Daha sonra, iddiaçı iddia tələbinin azadılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yalnız Cavabdeh1 cavabdeh qismində cəlb edilməsini və Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini və onun üzərində inşa edilmiş tikilini xx.xx.2017-ci il tarixdə X1 ümumi etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsi Abşeron Rayon Hövsan Südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 005 nömrəli sərəncamı, Hövsan X8 Komisiyasının və Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli 01 nömrəli protokoluna uyğun olaraq həmin Sovxozda fəhlə işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan və mənzil sahəsinə ciddi ehtiyacı olan X3 verilmişdir. Həmçinin, həmin torpaq sahəsi və üzərində olan tikili artıq iki ildir ki, onun faktiki olaraq sahibliyindədir və ailəsi ilə orada yaşayır, habelə Binə Bələdiyyəsinə torpaq və əmlak vergisini ödəyir. Abşeron Rayon Məhkəməsi mülki işə baxarkən onu məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Buna görə də, məhkəmə tərəfindən iddiaçının mülahizəsi ilə kifayətlənməklə, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə prosesində hüquqlarının müdafiəsi təminatı, məhkəmə prosesində dinlənilmək hüququ və 1950-cı ildə Roma şəhərində qəbul edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərədə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlış və qanunsuzdur. İddiaçını tanımır və onu heç vaxt görməmişdir. Ən azından ekspertiza təyin edilməklə iddiaçının iddia etdiyi və onun sahibliyində olan torpaq sahələrinin koordinatları mövcud sənədlərə uyğun olaraq yerində müəyyən edilməli idi. Onun faktiki sahibliyində olan mübahisəli torpaq sahəsində hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli torpaq sahəsi sənədsiz torpaq sahəsidir. Məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(012)-313/2019 saylı qətnaməsinin ləğv edilməsi və ona qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 və vəkili F.P.Şirinov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı və vəkili G.N.Şəfiyeva apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə 3-cü şəxslər Z.N.Əliyeva və A.R.Hüseynov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, mübahisəli evin iddiaçıya məxsus olması və cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Pİ-nin 2-ci PB-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evdə yaşayan İddiaçı Xanbala qızının müxtəlif qurumlara ünvanladığı ərizəsi əsasında HK-1/1908 sayda toplanmış və Azərbaycan Respublikası CPM-nin 213.1-ci maddəsinin tələbinə əsasən materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı Xəzər rayon prokurorluğu tərəfindən nəzarət qaydasında götürülərək öyrənilib, əsassız olduğu üçün xx.xx.2018-ci il tarixli qərar ilə ləğv edilməklə əlavə araşdırma aparılması üçün Xəzər RPİ-nin 2-ci PB-nə göndərilmiş, həmin material xx.xx.2018-ci il tarixdə təhqiqatçının icraatına daxil olmuşdur. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz evdə yaşayan İddiaçı müxtəlif qurumlara ünvanladığı ərizəsi əsasında Xəzər rayon prokurorluğundan göndərilmiş və HK1/1908 sayda qeydə alınaraq icraatına daxil olmuş material onun tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı Cavabdeh2, birlikdə yaşadığı anası Almazın evindən bacısı Laləyə məxsus 250 və anası Almaza məxsus 500 manat dəyərində qızıl-ziynət əşyalarını şəxsi ehtiyacı olduğu üçün oğurlayaraq satmışdır. Daha sonra Cavabdeh2 həyat yoldaşı İddiaçı Binə qəsəbəsində aldığı torpaq sahəsini onun xəbəri olmadan 5000 manata makler ilə əlbir olaraq satmışdır. Araşdırma zamanı İddiaçı xx.xx.2017-ci il tarixdə təkrar ərizə və izahat verərək şikayət tələbi olmadığını bildirib, xx.xx.2017-ci il tarixdə müxtəlif qurumlara yazmış olduğu şikayət ərizəsinin icrasının dayandırılmasını xahiş etmişdir. Təhqiqat araşdırması zamanı X4 ərizə və izahat yazaraq bildirmişdir ki, qızı Şəhlanın həyat yoldaşı Əli İxtiyar oğlu ilə öz aralarında razılığa gəldikdlərinə görə onun barəsində şikayət və tələbi yoxdur. Təhqiqat araşdırması dövründə Cavabdeh2 müəyyən edilərək izahatının alınması istiqamətində tədbirlər görülməsi üçün tapşırıq verilmiş, lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərzində müsbət nəticə əldə olunmamışdır. Beləliklə də, aparılmış əlavə təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Xəzər rayon prokurorluğu tərəfindən nəzarət qaydasında götürülüb öyrənilərək xx.xx.2018-ci il tarixdə ləğv edilib əlavə araşdırma aparılması üçün təkrar Xəzər RPİ-nin 2-ci PB-nə qaytarılmış 057-735-1118 saylı material üzrə cinayət tərkibi yoxdur. Belə ki, toplanmış materialdan göründüyü kimi İddiaçı, anası A.M.Ağamirova Cavabdeh2 barədə şikayətçi olmadıqlarını bildirmişlər. Ona görədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il, 239a saylı Abşeron rayonuna təhkim olunmuş Dövlət Torpaq Fondunda saxlanılmış torpaqlardan X9 Abşeron rayon Hovsan Südçülük sovxozu ərazisindən 7,0 hektar torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında, sərəncamın surətindən görünür ki, A.R.Hüseynova kənd təsərrüfatı məqsədi ilə Dövlət Torpaq Fondunda saxlanılmış torpaqdan Abşeron rayon Hovsan Südçülük sovxozu ərazisində torpaqdan 7,0 hektar torpaq sahəsi ayrılması üçün Abşeron rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirərkən müəyyən oldu ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi Dövlət Torpaq Fonduna aid olmadığı, Abşeron rayon Hovsan Südçülük sovxozunun ərazisində yerləşdiyi uqodiyasına görə yararsız kimi uçota alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Orüş, otlaq və biçənək sahələrinin istıfadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına uyğun olaraq və yuxarıda göstərilən şərtləri nəzərə alaraq, Abşeron rayonunun Dövlət X14 saxlanılmış torpaqlardan Abşeron rayonunun Hovsan Südçülük sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 7,0 hektar 99 (doxsan doqquz) il müddətinə sərəncam qaydasında X9 torpaq sahəsi ayrılması qərara alınmışdır. İşə əlavə olan xx xxxxxx 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, A.R.Hüseynov E.P.Əliyevə və İddiaçı Xanbala qızına Abşeron rayonu, Hövsan südçülük sovxozunda yerləşən 7,0 torpaq sahəsindən 200 kv.m-nə dair xx.xx.2063-cü ilə kimi qüvvədə olan etibarnamə vermişdir. İş materiallarından görünür ki, mübahisə predmeti olan 200 kv.m ibarət torpaq sahəsi və onun üzərində inşa edilmiş ev Hövsan südçülük sovxozunda yerləşməklə tərəflərdən heç birinin həmin əmlak üzərində hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin torpaq sahəsinin A.R.Hüseynovdan 2016-cı ildə alınması və orada yerləşən tikililərin (evin və magazanın) onun tərəfindən inşa etdirilməsini iddia etmiş və bunun təstiqi kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının A.Hüseynova torpaq sahəsinin ayrılmasına dair xx xxxx 2008-ci il tarixli sərəncamını və A.Hüseynov tərəfindən həmin torpaq sahəsinə dair ona verilmiş xx xxxxxx 2016-cı il tarixli ümumi etibarnaməni məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin torpaq sahəsini xx xxxxxxxx 2017-ci il tarixdə X2 etibarnamə əsasında əldə etməsini bildirmiş və bunun təstiqi kimi Abşeron rayon Hövsan südcülük sovxozu direktorunun xx xxxxxx 2000-ci il tarixli əmrindən çıxarışı, Z.N.Əliyevanın həmin torpaq sahəsini Cavabdeh1 istifadəsinə verilməsinə dair ərizəsini və Z.N.Əliyeva tərəfindən Cavabdeh1 verilmiş əmlak üzərinə sərəncam hüququ nəzərdə tutulmuş xx xxxxxxxx 2017-ci il tarixli etibarnaməni məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 tərəfindən zəbt etdiyi və istifadə edilən evin eyni torpağın və evin olmasını iddiaçının izahatları ilə öz təstiqini tapmışdır. Tərəflər arasında mübahisə olan tikilinin və mağazanın İddiaçı tərəfindən inşa edilməsini sonuncu heç bir sübut və sənədlə təstiq olunmur. Belə ki, məhkəmə kollegiyası iclası zamanı Cavabdeh1 bildirmişdir ki, mübahisə olunan torpaq sahəsi və yarımçıq tikili Cavabdeh2 tərəfindən ona 2017-ci il tarixdə 5000 manata satılmış və həmin vaxt Cavabdeh2 anası Z.Əliyeva mübahisə olunan torpağa sərəncam və s.əməliyyatların aparılması üçün ona etibarnamə vermişdir. İddiaçı məhkəmə kollegiyası tərəfindən dəfələrlə faktiki yaşadığı Cavabdeh2 və qaynanası Z.Cavabdeh2anın yaşadığı ünvanın bildirməsini və məhkəməyə dəvət edilib dindirilməsini təşkil etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 164.1, 164.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 5 və 9.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasında təqdim olunmuş sübutlarla müəyyən edildi ki, mübahisəli torpaq sahəsi və özbaşına tikili tərəflərdən heç birinin adına dövlət reyestrində rəsmi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(012)-313/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Xanbala qızının Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə iddiaçının köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar